NAXÇIVAN :

28 Noyabr 2026, Şənbə

Naxçıvanda 25 meqavatlıq “Şəms-1” Günəş Elektrik Stansiyasının tikintisi başa çatıb

...

Naxçıvan Muxtar Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr bölgənin enerji potensialının artırılması ilə yanaşı, iqtisadi fəallığın və məşğulluğun yüksəlməsinə də töhfə verir. Bu baxımdan, “Mensis Enerji” şirkətinin həyata keçirdiyi “Şəms-1” Günəş Elektrik Stansiyası diqqətçəkən investisiya layihələrindəndir.

 “Şəms-1” Günəş Elektrik Stansiyası da həm enerji istehsalı, həm də əhalinin məşğulluğuna verdiyi töhfə baxımından əhəmiyyət daşıyır. Layihənin texniki göstəriciləri, tikinti prosesi, yaradılan iş imkanları və gələcək planları barədə layihə rəhbəri Ali Kemal Şahinlə həmsöhbət olduq.

Layihə rəhbərinin sözlərinə görə, günəş elektrik stansiyasının günəş panelləri üzrə quraşdırılmış gücü 35 meqavat, şəbəkəyə ötürülən dəyişən cərəyan üzrə gücü isə 25 meqavat təşkil edir: “Naxçıvanın yüksək günəş enerjisi potensialını nəzərə alaraq burada il ərzində 57 milyon kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulur. Bu həcmdə enerji, təxminən, 20 min ev təsərrüfatının elektrik enerjisi tələbatını qarşılamaq imkanına malikdir”.

Ali Kemal Şahin qeyd edib ki, layihənin həyata keçirilməsi üçün dövlət tərəfindən zəruri infrastruktur şəraiti də yaradılıb. Belə ki, elektrik stansiyasının fasiləsiz və etibarlı fəaliyyətini təmin etmək məqsədilə yarımstansiya inşa olunub. Bu infrastruktur istehsal ediləcək elektrik enerjisinin sistemə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Hazırda stansiyanın tikinti və quraşdırma işləri başa çatıb, sınaqlar uğurla yekunlaşdırılıb. Bununla belə obyekt hələ elektrik enerjisi istehsalına başlamayıb. Layihə rəhbərinin sözlərinə görə, hazırda müvafiq icazə və təsdiqlərin alınması gözlənilir: “Lazımi razılıqlar əldə olunduqdan sonra stansiyamızda elektrik enerjisinin istehsalına başlayacağıq. Hazırda ərazidə yağış sularının kənarlaşdırılması üçün drenaj işləri davam etdirilir. Bu işləri bir həftə ərzində tamamlamağı planlaşdırırıq. Drenaj və əraziyə nəzarət işlərinə 20 yerli əməkdaş cəlb olunub”.

Layihənin diqqətçəkən tərəflərindən biri də yerli məşğulluğa verdiyi töhfədir. Ali Kemal Şahin bildirib ki, tikinti və quraşdırma işləri zamanı 260 nəfərdən çox əməkdaş çalışıb. Onların, təxminən, 90 faizini yerli işçilər təşkil edib. İşə qəbul prosesində yerli əhaliyə, xüsusilə gənclərə üstünlük verilməsi əsas prinsiplərdən biri olub. Bu yanaşma həm bölgə sakinlərinin yeni iş imkanlarından yararlanmasına, həm də gənclərin gələcək əmək fəaliyyətlərində istifadə edə biləcəkləri təcrübə qazanmalarına şərait yaradıb.

Layihə rəhbəri vurğulayıb ki, bəzi işlər xüsusi peşə bacarıqları və təcrübə tələb etdiyindən mexaniki və elektrik sahəsində əvvəllər çalışmış mütəxəssislər də layihəyə cəlb olunublar: “Beləliklə, həm yerli əmək resurslarından istifadə etmişik, həm də ixtisaslı kadrların təcrübəsindən yararlanmışıq. “Şəms-1” Günəş Elektrik Stansiyası istifadəyə verildikdən sonra beş əməkdaşımızın daimi olaraq ərazidə çalışmasını planlaşdırırıq. Onların əsas vəzifəsi obyektin gündəlik nəzarətini həyata keçirmək, texniki vəziyyətini izləmək və mümkün nasazlıqlara operativ müdaxilə edərək problemləri aradan qaldırmaq olacaq. Bu, stansiyanın təhlükəsiz və dayanıqlı fəaliyyətinin təmin edilməsi baxımından vacibdir”.

“Şəms-1” Günəş Elektrik Stansiyasının fəaliyyətə başlaması Naxçıvanda bərpa olunan enerji mənbələrinin ümumi enerji istehsalındakı payının artırılmasına imkan verəcək. Günəş enerjisindən istifadə karbon emissiyalarının azaldılmasına, ənənəvi enerji mənbələrindən asılılığın aşağı salınmasına və ekoloji cəhətdən daha təmiz enerji istehsalına xidmət edəcək. Eyni zamanda istehsal olunacaq elektrik enerjisi regionun enerji tələbatına əlavə töhfə verəcək.

Gələcək planlardan danışan Ali Kemal Şahin Naxçıvanda günəş elektrik stansiyalarının yaradılması üçün əlverişli ərazilərin kifayət qədər olduğunu diqqətə çatdırıb. O bildirib ki, “Mensis Enerji” olaraq gələcəkdə də burada fəaliyyətimizi genişləndirmək, günəş enerjisi potensialından səmərəli istifadə edərək yeni layihələr həyata keçirmək istəyirik. Müxtəlif bölgələrdə qazandığımız təcrübəni Naxçıvanda da davam etdirməyi planlaşdırırıq”.

Beləliklə, tikintisi başa çatmış 35 meqavatlıq “Şəms-1” Günəş Elektrik Stansiyası Naxçıvanın bərpa olunan enerji potensialının reallaşdırılması istiqamətində atılan mühüm addımlardan biridir. Obyektin fəaliyyətə başlaması enerji istehsalının şaxələndirilməsinə, ekoloji dayanıqlılığın gücləndirilməsinə, eyni zamanda yerli kadrların peşə bacarıqlarının və əmək təcrübəsinin artırılmasına öz töhfəsini verəcək.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 18.11.2026 10:47