NAXÇIVAN :

14 Avqust 2026, Cümə

Naxçıvanda 41 min hektar əkin sahəsinin su təminatının gücləndirilməsi hədəflənir

...

"Son 20 ildə ölkədə su təsərrüfatı sahəsinə əhəmiyyətli dövlət vəsaiti yönəldilib, infrastruktur genişləndirilib və su ehtiyatlarının artırılması istiqamətində mühüm işlər görülüb. Bu dövrdə ümumi sututumu 557 milyon kubmetr olan Taxtakörpü, Heydər Əliyev, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları inşa edilib. Həmçinin 4 770 kilometr suvarma kanalı, 3 610 kilometr kollektor-drenaj şəbəkəsi tikilib və təmir-bərpa olunub, 1 600 kilometr boru xətti çəkilib, 3 394 subartezian quyusu qazılıb, sel və daşqınların qarşısının alınması məqsədilə 234 kilometr sahil mühafizə tədbirləri həyata keçirilib".

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Şərurda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”na dair Naxçıvan iqtisadi rayonu üzrə regional müşavirədə çıxışı zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov deyib.

O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında da su ehtiyatlarından səmərəli istifadənin təmin olunması istiqamətində mühüm layihələr icra edilir. Bu çərçivədə Qaraçuq-1 nasos stansiyasının və təzyiqli boru xəttinin, Qaraçuq magistral kanalının, "Araz-1" və "Araz-2" iki pilləli nasos stansiyalarının yenidən qurulması, Əlincəçaydan su götürən və Bənəniyar su anbarını qidalandıran kanalın bərpası, Sədərək rayonunda içməli su və kanalizasiya şəbəkəsinin yaradılması, Kəngərli rayonunun bir sıra yaşayış məntəqələrində içməli su təchizatının təkmilləşdirilməsi, həmçinin yeni subartezian quyularının qazılması istiqamətində işlər davam etdirilir.

"Bu tədbirlərin həyata keçirilməsi nəticəsində Naxçıvan Muxtar Respublikasında mövcud suvarma sistemlərinin texniki vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, su itkilərinin azaldılması, ümumilikdə, 41 min hektar əkin sahəsinin dayanıqlı su təminatının gücləndirilməsi və 2 500 hektar yeni ərazinin əkin dövriyyəsinə cəlb edilməsi hədəflənir", – deyə ADSEA sədrinin müavini əlavə edib.

Nəşr edilib : 22.06.2026 12:44