NAXÇIVAN :

14 Avqust 2026, Cümə

Naxçıvanda 937 subartezian quyusu və 107 nasos stansiyası fəaliyyət göstərir

...

"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq şəraitində su təsərrüfatı obyektlərinin istismar səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir. Hazırda agentliyin xidmət göstərdiyi ərazilərdə Naxçıvan Muxtar Respublikası üzrə 44 min 742 hektar suvarılan sahə mövcuddur. Muxtar respublikada fəaliyyət göstərən su təsərrüfatı infrastrukturu, ümumilikdə, 1 982 kilometr suvarma şəbəkəsini, 584 hidrotexniki qurğunu, 937 subartezian quyusunu və 107 nasos stansiyasını əhatə edir. Cari ildə də Naxçıvan üzrə suvarma və digər məqsədlər üçün su təminatı davam etdirilir".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Şərurda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”na dair Naxçıvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə ADSEA sədrinin müavini İlham Bayramov  deyib.

İlham Bayramov qeyd edib ki, muxtar respublikada suvarma xidmətlərinin yerində təşkili məqsədilə 2 Su İstifadəçiləri Birliyi fəaliyyət göstərir. Bu birliklər 16 min 812 hektar xidməti ərazini əhatə edir və 66 kənd üzrə 8 min 515 su istifadəçisinə xidmət göstərir.

O qeyd edib ki, 2025-ci ildə Naxçıvan iqtisadi zonasında cari təmir planı çərçivəsində 741 subartezian quyusu, 471 nasos aqreqatı, 632 min kubmetr suvarma kanalı və 178 min kubmetrə yaxın kollektor-drenaj şəbəkəsi lildən təmizlənib. Görülən tədbirlər nəticəsində suvarma sistemlərinin etibarlılığı artır, su itkiləri azalır və fermerlərin su təminatı daha dayanıqlı xarakter alır.

"Su ehtiyatlarının səmərəli idarə olunması yalnız infrastrukturun qurulması və istismarı ilə məhdudlaşmır. Bu sahədə dövlət nəzarəti, monitorinq və qanunvericiliyə riayət olunması da xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, su xidmətlərinə əlçatanlığın artırılması və istifadəçi məmnunluğunun yüksəldilməsi məqsədilə agentlik tərəfindən rəqəmsal transformasiya layihələri və elektron xidmətlərin tətbiqi genişləndirilir. Vətəndaş və fermer müraciətlərinin operativ qəbulu, yönləndirilməsi və icrasına nəzarət üçün "955" Çağrı Mərkəzi fəaliyyət göstərir" , – deyə ADSEA sədrinin müavini əlavə edib.

Nəşr edilib : 22.06.2026 12:50