NAXÇIVAN :

08 May 2025, Cümə axşamı

Naxçıvanda bağçalarda D vitamininin paylanması aksiyası uğurla yekunlaşıb

...

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə muxtar respublikada ilk dəfə olaraq həyata keçirilən, uşaq bağçalarında D vitaminin profilaktik məqsədlə paylanması xeyriyyə aksiyası uğurla yekunlaşıb.

Layihə çərçivəsində əsas məqsəd uşaqların sağlam inkişafının dəstəklənməsi, immun sistemlərinin möhkəmləndirilməsi və D vitamini çatışmazlığı ilə bağlı risklərin azaldılması olmuşdur. Aksiya, həmçinin raxit və digər hipovitaminoz hallarının profilaktikasında mühüm rol oynamışdır.
Naxçıvan şəhərində yerləşən məktəbəqədər təhsil müəssisələrində 1670 uşaq müayinədən keçirilmiş, onlardan 233 nəfər dispanser qeydiyyatına götürülmüş və ümumilikdə, 2249 doza D vitamini paylanmışdır.
Aksiya zamanı muxtar respublikada rayonlar üzrə fəaliyyət göstərən uşaq bağçalarında, ümumilikdə, 1241 uşaq tibbi nəzarətə cəlb olunmuş, onlardan 955 nəfəri ilkin tibbi müayinədən keçmiş, 151 nəfər dispanser qeydiyyatına alınmışdır. Eyni zamanda 1241 uşağa D vitamini paylanmışdır.
Xeyriyyə aksiyası çərçivəsində həyata keçirilmiş kompleks tibbi-profilaktik tədbirlər nəticəsində uşaqlar arasında sağlam həyat tərzinin təşviqi, erkən yaşlardan etibarən xəstəliklərin qarşısının alınması istiqamətində mühüm addımlar atılmışdır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi bu kimi profilaktik tədbirlərin gələcəkdə də sistemli şəkildə həyata keçirilməsini nəzərdə tutur və uşaqların sağlamlığının qorunmasını prioritet istiqamət kimi müəyyənləşdirir.

Nəşr edilib : 07.05.2025 10:44