NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Naxçıvanda başlanan sərhəd hərəkatı Azərbaycan xalqının müstəqillik arzularının təcəssümü idi

...

“Sərhəd hərəkatı” – sonralar belə adlandırdılar həmin gün baş verənləri. Həmin gün soyuq-şaxtalı bir gün idi. İnsanın iliyinə işləyirdi sanki soyuq. Dizə kimi qar yağmışdı. İşıqlar arabir sönürdü. Hamı narahat idi, gecə-gündüz insanlar Şərur şəhərinin mərkəzi meydanında yanan tonqalın ətrafında toplaşırdı. Bəzən məktəbdə müəllimlərin, məhləmizdə binanın qarşısına toplaşan (su xətləri donduğu üçün evlərə su gəlmirdi, hamı həyətdə olan kiçik kranın qarşısına toplaşırdı) qadınların söhbətini eşidirdim. “Ara yaman qarışıb, deyəsən, SSRİ dağılır. Ermənilər neçə gündür, Sədərəyə də hücum edir. Heydər Əliyevi də işindən uzaqlaşdırıblar. O, rəhbərlikdə olanda rahat idik. İndi o da yoxdur, vay bu camaatın halına”, – deyib narahatlıqlarını bildirirdilər. 

Kimsənin eşitməməsi üçün çox yavaşdan söhbət edən bu insanlar hələ də dünyanı lərzəyə gətirən sovetlərdən çox qorxurdu. Həmin günlərdə heç kimin ağlına gəlməzdi ki, 70 illik bir sütun çökə bilər. 70 illik əsarət sona yetə bilər və sovetlərin illərdir, möhkəmləndirdiyi sərhəd bu kiçik diyarda dağıdıla bilər. Bütün bunlar çox da uzaq olmayan keçmişimizdə, 37 il öncə burada, bu məğrur torpaqda, Naxçıvanda baş verdi. Həmin günün şahidləridir bugünkü müsahiblərimiz – Sədərək kənd sakini, Vətən müharibəsi şəhidi Tağı Abdullazadənin atası İlham Abdullayev o günləri yada salır: “Həmin günlər SSRİ-nin əcəl zəngi səslənmək üzrə idi. Hər kəsin qulağı səsdə idi. Günlərdir, erməni daşnakları sərhədimizə hücumlar edir, kəndi atəşə tuturdu. İnsanların təngə gəldiyi günlərin birində, bax elə burada, bu kiçik kənddə insanlar birləşib, necə deyərlər, quş quşluğu ilə qona bilmədiyi sovet sərhədinin tikanlı simlərini yalın əlləri ilə qopardı. İnsan selinin sərhəd zastavasına axışdığı gün rus ordusunun əsgərləri sanki yoxa çıxmışdı, bir nəfər əsgər belə silahı bizə doğrulda bilmədən çəkilib kənardan nitqi qurumuş vəziyyətdə insan selini izləyir, onların heç bir hərəkətinə cavab vermirdi. Qışın buz kimi soyuğunda dizə kimi palçığa batmağımız bizi yolumuzdan döndərə bilmədi. Həmin gün 70 ildir, Türkiyə Respublikası ilə aramıza çəkilən tikanlı məftillər söküldü. İllər sonra Arazın üzərində qurulan körpünün təməli həmin gün atıldı. Bu gün biz Həmrəylik Gününü daha böyük qürurla qeyd edirik. Çünki Vətən artıq yaralı deyil. Dünyanın müxtəlif bölgələrində yaşayan 50 milyondan çox azərbaycanlı bütöv Azərbaycan ilə qürur duyur”.
Əmir Zamanov Sədərək rayonunun Qaraağac kəndində yaşayır. Həmin vaxt 27 yaşı olan həmsöhbətim deyir ki, çörəyimizi yeyib, suyumuzu içən, torpağımızda sığınacaq verdiyimiz ermənilər Şuşada Topxana meşəsini dağıdır, Ağdamda günahsız iki nəfəri qətlə yetirməklə kifayətlənmir, Sədərəyə hücumlar edirdi. Artıq xalqın səbri tükənmiş və azadlıq hərəkatı alovlanmağa başlamışdı: “Sərhədlərimizi qoruyan sovet ordusu heç nəyə məhəl qoymur, onlara imkan verirdi ki, daha irəli getsinlər. Mərkəzi hakimiyyət bizi saymır, Bakı artıq Naxçıvana məhəl qoymurdu. Kənd camaatı tez-tez meydanda toplaşır, öz gücümüzlə sərhədimizə hücum edən erməni quldurlarına güc gəlirdik. Belə çətin günlərin birində hamının fikri o oldu ki, bu vəziyyətdə ancaq qardaşa güvənə, ondan kömək istəyə bilərik. Yaşlı insanlar məsləhət gördü ki, Türkiyə Respublikası ilə sərhədi dağıdıb onlardan kömək istəyək. İbrahim kişi (həmin illərdə onun 70 yaşı olardı) və bir çox kənd ağsaqqalının nəsihəti ilə kənd camaatı Şərur rayonunun digər bölgələrindən gələn insanlarla birləşib sərhədə doğru hərəkət etdik. Sovet ordusu əvvəl mane olmağa çalışsa da, insan selini görüb geri çəkildi. Gözümüzü elə od bürümüşdü ki, tikanlı məftilləri əlimizlə qoparır, sərhəd dirəklərinə benzin töküb yandırır, hətta həmin ərazidə olan kol-kosa da od vururduq ki, qarşı tərəf – türkiyəli qardaşlarımız bizi görüb harayımıza səs versin. Nə soyuğun iliyə işləməsi, nə də tikanlı məftillərin əllərimizdə açdığı yaralardan qarın üstünə axan qan bizim qarşımızı ala bimədi. Həmin saatlardan Naxçıvanın sərhədboyu bütün dirəkləri insanların əlləri ilə sovet ordusunun qarşısında söküldü”.
Rayon sakini Aydın Hüseynovla həmsöhbət olduğumuzda qeyd edir: “Sədərək kəndində illərdir, həyat öz axarında davam edirdi. Kənddə yerləşən şərabçılıq zavodu, üzüm plantasiyaları, gül istixanalarında çalışan insanlar gününün çoxunu torpaqda keçirir, ev-eşik qururdu. Ta ki erməninin digər üzünü görənə kimi. Elə ki sovetlər silkələnməyə başladı biz də onların əsl xislətini gördük. Bir tərəfi Türkiyə, digəri İran dövləti və qalan hissəsi isə Ermənistanla sərhəd olan bu kiçik kənd erməni quldurlarının hücumuna məruz qalanda artıq Qarabağda da ermənilərin aktivləşdiyini eşidirdik. Bizim səsimizə yerli camaatdan başqa heç kim cavab vermirdi. Ümidimiz əlimizdə olan ov güllələri və xalqımızın birliyi idi. Artıq hamı hiss edirdi ki, tək dostumuz və qardaşımız illərdir, ayrı qaldığımız Türkiyə dövlətidir. İnsanların ürəyindəki qardaş həsrətinin alovlarının da artdığı günlərdən birində insan seli Sədərək kəndinin mərkəzi meydanından Türkiyə sərhədinə hərəkətə başladı. İnsan selinin qarşısını təhlükəsizlik orqanları və bir neçə dövlət nümayəndəsi kəsməyə çalışsa da, bunu bacarmadılar. Sərhədə gedən hər kəs yaxşı bilirdi ki, silahlı sovet ordusunun əsgərləri bu sərhədi 70 ildir, qoruyur. Qardaşımızla aramızdakı tikanlı məftillərə indiyə kimi heç kim toxuna bilməyib. Əliyalın insanların hər biri bir güllənin qurbanı ola bilər. Amma bunlar bizi öz yolumuzdan döndərə bilmədi. Biz getdik və sərhədi yarıb xalqımıza ümid olduq. İnsan selinin hiddətini görən sovet əsgəri qarşımızdan çəkilib bu tarixi anın, sadəcə, izləyicisinə çevrildi”. 
Müsahibim deyir ki, sərhədin yarılmasından və qardaşlarımızla aramızdakı tikanlı məftillərin söküldüyü günlərdən bir neçə ay sonra Heydər Əliyev Naxçıvana qayıtdı. Həmin günə kimi artıq Bakıda 20 Yanvar hadisəsi baş vermiş və Sədərək güclü hücumla qarşı-qarşıya qalmışdı. Ulu Öndər Naxçıvana qayıdandan bir neçə gün sonra ilk olaraq Sədərəyə gəldi. Dəhnədə olan sədərəklilər və səngərdəki oğullarla görüşdü. Onun gəlişi hər kəsə ümid verdi. Sonrakı illərdə dahi rəhbərin göstərişi ilə Araz çayı üzərində körpü salındı və həmin körpünün rəsmi açılışından öncə ( körpü tam hazır vəziyyətdə olmadığı vaxtlarda) türkiyəli jurnalistlər Sədərəyə gətirildi. Düşmənin əsl üzü və Sədərəyin çətin vəziyyətdə necə döyüşdüyü dünya ictimiayyətinə çatdırıldı. Bu gün hər dəfə həmin körpüdən keçib Türkiyə Respublikasına gedəndə soyuq-şaxtalı qış günündə sərhəd dirəklərini necə sökdüyümüzü xatırlayıb qürur duyur, Ulu Öndərimizə rəhmət diləyir, Müzəffər Ali Baş Komandanımızla fəxr edirəm. 
Bəli, bu gün hər birimiz, dünyada yaşayan bütün azərbaycanlılar öz həmrəyliyi ilə fəxr edir. Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı fəxr duyur ki, onun Azərbaycan adlı qalib bir dövləti, Şuşada, Laçında, bütöv Azərbaycanın başı üstə məğrurluqla dalğalanan bir bayrağı, Vətəni üçün keçilməz sədləri aşıb, ona can qurban edən igid oğulları və hər bir azərbaycanlının Prezidenti olmağı bacaran Müzəffər Sərkərdəsi var.

Nəşr edilib : 31.12.2025 17:07