NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Naxçıvanda dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 1 milyon 667 min manat vəsait daxil olub

...

"2025-ci il ərzində 98 dövlət əmlakı özəlləşdirilib, özəlləşdirmədən daxil olmuş 1,2 milyon manatın 962,9 min manatı muxtar respublika büdcəsinə ödənilib".
"Şərq qapısı" xəbər verir ki, bu fikirləri mətbuat konfransı zamanı Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev səsləndirib.
Onun sözlərinə görə, 2025-ci il ərzində 259 yeni icarə müqaviləsi bağlanıb, 208 icarə müqaviləsinin müddəti uzadılıb. 2024-cü illə müqayisədə yeni icarə müqavilələrinin sayı 76,2%, müddəti uzadılmış müqavilələrin sayı 21,6% çox olub. 
Dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar 704,5 min manat təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 30,9 faiz çox olub. 
Nazir bildirib ki, nəticə etibarilə, 2025-ci il ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən muxtar respublika büdcəsinə, ümumilikdə, 1 milyon 667 min manat vəsait daxil olub. 
Həmçinin Naxçıvanda əmlak xidmətlərinə müraciətlər çoxalıb. Belə ki, Naxçıvanda 2025-ci ildə göstərilən elektron xidmətlərdən daxil olan müraciətlərin sayı 2024-cü illə müqayisədə 14,2 faiz artaraq 7 410-a çatıb.
Daşınmaz əmlakın dövlət qeydiyyatı, inventarlaşdırılması və ünvan reyestrinin aparılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilib. 2025-ci ildə 10 601 daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Qeydiyyata alınmış əmlaklar üzrə torpaq sahələrinin sayı 4 664, fərdi yaşayış və bağ evlərinin sayı 4 003, mənzil 1 423, qeyri-yaşayış binası və sahəsi 470, əmlak kompleksi kimi müəssisə sayı 41 olub.
Kazım Hüseynəliyev bildirib ki, daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən, ümumilikdə, 2,4 milyon manatdan çox xidmət haqqı və 1,1 milyon manata yaxın dövlət rüsumu daxil olub.
Hesabat dövründə 531 yerquruluşu planı hazırlanıb, 111 xəritə və plan tərtib edilib, 81 hərrac keçirilib, keçirilmiş hərraclardan və müsabiqədən 21,6 min manat xidmət haqqı daxil olub.

Nəşr edilib : 29.01.2026 11:16