İrakli Kobaxidze: Azərbaycanla danışıqlar nəticəsi...
00:06 29.11.2026
0
0
0
NAXÇIVAN :
29 Noyabr 2026, Bazar
Elektrik enerjisinin fasiləsiz və etibarlı şəkildə təmin olunması gündəlik həyatın, eləcə də iqtisadi fəaliyyətin əsas şərtlərindən biridir. Bu baxımdan, elektrik təsərrüfatının müasirləşdirilməsi, istismar müddətini başa vurmuş avadanlıqların yenilənməsi və paylayıcı şəbəkələrin texniki vəziyyətinin yaxşılaşdırılması mühüm əhəmiyyət daşıyır. Naxçıvanda da bu istiqamətdə həyata keçirilən tədbirlər elektrik təchizatı infrastrukturunun yenilənməsinə xidmət edir.
Hazırda “Azərişıq” ASC Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində elektrik təsərrüfatının müasirləşdirilməsi, mövcud şəbəkələrin yenidən qurulması və texniki imkanlarının genişləndirilməsi istiqamətində işlər görülür. Həyata keçirilən tədbirlər istismar müddətini başa vurmuş avadanlıqların yenilənməsi və elektrik enerjisinin istehlakçılara daha etibarlı şəkildə çatdırılmasına yönəlib.
Mövzuyla bağlı “Şərq qapısı”na məlumat verən “Azərişıq” ASC Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəis müavini Elçin Həziyev bildirdi ki, hazırda bir sıra yaşayış məntəqələrində 10/0,4 kV-luq paylayıcı elektrik şəbəkələrinin yenidən qurulmasına başlanılıb. Onun sözlərinə görə, yenidənqurma işləri Naxçıvan şəhərinin xidməti ərazisində yerləşən Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini, Babək rayonunun Vayxır, Nəzərabad və Didivar, Culfa rayonunun Bənəniyar və Əbrəqunus, Ordubad rayonunun Dəstə, Şahbuz rayonunun Kükü, Kəngərli rayonunun isə Təzəkənd və Xıncab kəndlərini əhatə edir.
Elçin Həziyev qeyd etdi ki, paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması mövcud infrastrukturun texniki vəziyyətinin yaxşılaşdırılması və elektrik təchizatında etibarlılığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. İstismar müddətini başa vurmuş şəbəkə və avadanlıqların yenilənməsi elektrik enerjisinin ötürülməsi və paylanması prosesində yarana biləcək texniki problemlərin qarşısının alınmasına, istehlakçıların daha keyfiyyətli enerji ilə təmin olunmasına şərait yaradır.
Müsahibim diqqətə çatdırdı ki, yenidənqurma tədbirləri kəndlərdəki 10/0,4 kV-luq paylayıcı şəbəkələrlə yanaşı, yarımstansiyaları da əhatə edir. Belə ki, Babək Elektrik Şəbəkəsinin tabeliyində olan 35/10 kV-luq “Nəzərabad” yarımstansiyasında yenidənqurma işləri davam etdirilir. Bu yarımstansiyanın yenilənməsi elektrik enerjisinin paylanması sisteminin texniki imkanlarının yaxşılaşdırılması və xidmət ərazisində təchizatın etibarlılığının artırılması baxımından əhəmiyyətlidir.
Həmsöhbətimiz, həmçinin Naxçıvan şəhərində həyata keçirilən infrastruktur layihələri barədə məlumat verərək bildirdi ki, 110/35/10 kV-luq “Koroğlu” yarımstansiyasının və Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin inzibati binasının tikintisinə başlanılıb.
Elektrik təchizatı sistemində görülən işlər yalnız xətlərin və yarımstansiyaların yenilənməsi ilə məhdudlaşmır. İstehlak olunan elektrik enerjisinin uçotunun müasir tələblərə uyğun təşkili də diqqət mərkəzində saxlanılır. Onun sözlərinə görə, hazırda Naxçıvan şəhəri ərazisində istismar müddətini başa vurmuş smart sayğacların yeni nəsil GPRS tipli elektron sayğaclarla əvəzlənməsinə başlanılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər elektrik enerjisi istehlakının uçotunun müasirləşdirilməsinə və sayğac sisteminin texniki imkanlarının yenilənməsinə xidmət edir.
Ümumilikdə, Naxçıvan şəhəri və rayonlarda həyata keçirilən yenidənqurma işləri elektrik təchizatı infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Görülən işlər elektrik enerjisinin daha etibarlı paylanmasına, şəbəkələrin texniki vəziyyətinin yaxşılaşdırılmasına və istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlib.
Zəhra VƏLİYEVA
Digər xəbərlər