Naxçıvanda sertifikatlaşdırma imtahanında 352 müəl...
21:55 02.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
Son günlərdə muxtar respublikamızda havanın temperaturu yüksək həddə çatıb. Gündüzlər 41 dərəcəyə yüksələn istilər gündəlik həyatı çətinləşdirib. Sərinləmək üçün ənənəvi üsullar belə artıq kömək etmir. Bu cür kəskin istilər isə insanlarla yanaşı, həm də təbiətə, kənd təsərrüfatına və ümumilikdə, ekosistemə ciddi təhlükələr yaradır. Naxçıvan üçün yay aylarında isti hava heç də gözlənilməz deyil. Lakin son illərdə müşahidə olunan temperatur dəyişiklikləri və istilik dalğalarının müddətinin uzanması artıq, sadəcə, “istiyə dözmək” məsələsi də deyil. Bu, regionun iqlim xəritəsində baş verən dəyişikliklərin aydın göstəricisinə çevrilib. Sakinlər baş verən dəyişiklikləri gündəlik həyatlarında daha çox hiss etməyə başlayıblar. Bu da haqlı olaraq belə bir sual yaradır ki, həmin istilər qlobal iqlim dəyişikliyinin fəsadıdır, yoxsa yay fəslinə uyğun təbii bir prosesdir? Bu və bu kimi suallar ətrafında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin direktoru Toğrul Həsənzadə ilə həmsöhbət olduq. O bildirdi ki, regionda son illərdə yay aylarında istilik dalğalarının artdığını müşahidə edirik. Ən isti aylarda temperaturun normadan 1.5-1.7°C artıq olması artıq adi hala çevrilib. Son günlərdə Naxçıvanda qeydə alınan kəskin istilər də məhz qlobal iqlim dəyişikliyinin təsiridir.
Bu tip istilərin davam etməsi ekosistemə birbaşa təsir göstərir. Suyun buxarlanma sürətinin artması, çaylarda suyun səviyyəsinin azalması və bəzi hallarda isə çayların tamamilə quruması kənd təsərrüfatına və heyvandarlığa mənfi təsir edir.
Müsahibimin sözlərinə görə, havanın normadan artıq isti keçməsi su balansına təzyiqi artırır. Çaylarımızda buxarlanma səbəbindən suyun səviyyəsi azalır, bu da su mənbələrinin qurumasına gətirib çıxarır. Eyni zamanda uzunmüddətli istilik dalğaları otlaq sahələrinin tükənməsinə, meşə yanğınlarının artmasına və səhralaşma prosesinin sürətlənməsinə səbəb olur. İqlim dəyişikliklərinin təsiri təkcə suya deyil, regionun flora və faunasına da zərbə vurur. Müsahibim bildirir ki, istilik artdıqca torpaqda suyun buxarlanması güclənir və bu, bitkilərin susuz qalmasına səbəb olur. Suyun azalması otlaq bitkilərinin məhsuldarlığını aşağı salır. İstiyə qarşı həssas olan bitkilərdə böyümə dayanır, kök sistemi zəifləyir və nəticədə, bitkilər məhv olur. Heyvanlar isə rütubətli və sərin yerlərə köç etməyə məcbur qalırlar. Flora və fauna arasında qarşılıqlı əlaqənin pozulması təbii ekosistemin balansını sarsıdır. Bəs yaxın günlərdə Naxçıvanda havanın sərinləməsi gözlənilirmi? Sualımıza cavab olaraq bildirir ki, proqnozlara əsasən avqustun 9-dan sonra temperaturun nisbətən aşağı düşməsi gözlənilir: “Hazırda Naxçıvanda temperatur 38°- 41°C arasında dəyişir. Bu da normadan 1.7°C artıqdır. Avqustun 9-dan etibarən temperaturun bir qədər aşağı düşərək gündüz saatlarında 35-38°C civarında olacağı gözlənilir. Gecə saatlarında isə havanın sərinləşməsi müşahidə ediləcək və temperatur 23-25°C arasında dəyişəcək. Avqustun 13-də yenidən 37°C-yə yüksəlmə ehtimalı var, amma, ümumilikdə, yaxın 10 gün ərzində 41°C-dən yuxarı temperatur gözlənilmir”.
Mütəxəssislər əhalini suya qənaət etməyə və ətraf mühitin qorunması üçün tədbirlər görməyə çağırırlar.
Zəhra VƏLİYEVA
Digər xəbərlər