NAXÇIVAN :

19 Avqust 2026, Çərşənbə

Naxçıvanda indiyədək şəhid ailələri və müharibə əlilliyi olan şəxslərə 400-ə yaxın mənzil təqdim olunub

...

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və genişmiqyaslı tədbirlər həyata keçirilir. Sosial proqramların əsas məqsədlərindən biri vətəndaşların rifahının yaxşılaşdırılması, onların sosial təminatının gücləndirilməsi və məmnunluğunun təmin edilməsidir. Təbii ki, dövlət siyasətinin əsas istiqamətlərindən biri də şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Prezident İlham Əliyevin 2026-cı il 12 avqust  tarixli Sərəncamına uyğun həyata keçirilən tədbirlər çərçivəsində Naxçıvanda şəhid ailələri və müharibə iştirakçıları mənzillərlə təmin olunur. Bu gün də həmin kateqoriyalara aid vətəndaşlara 68 mənzil təqdim edilib”.
“Şərq qapısı” xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə deyib.
Nazir qeyd edib ki, təqdim olunan 68 mənzilin 29-u Naxçıvan şəhərində, 23-ü Şərur rayonunda, digər mənzillər isə Babək, Culfa, Ordubad, Şahbuz və Kəngərli rayonlarında yerləşən yeni çoxmənzilli yaşayış binalarındadır: "Bildirmək istəyirəm ki, bu gün təqdim olunan 68 mənzil də daxil olmaqla, ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 400-ə yaxın mənzil təqdim olunub. Təbii ki, həyata keçirilən bu tədbirlər dövlətin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Bu siyasət həmin kateqoriyadan olan vətəndaşların sosial rifahının yüksəldilməsinə və layiqli həyat şəraitinin təmin olunmasına xidmət edir".

Nəşr edilib : 19.08.2026 17:57