TÜRKPA: ABŞ Konqresinin düzəlişi Azərbaycan-Erməni...
12:40 25.07.2026
0
0
0
NAXÇIVAN :
25 Iyul 2026, Şənbə
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində “Marsol Group” partnyorları ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev bildirib ki, Naxçıvanda həyata keçirilən iqtisadi islahatlar, əlverişli biznes mühit və dövlət dəstəyi sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradır. Nazir vurğulayıb ki, 1 yanvar 2026-cı il tarixdən tətbiq olunan vergi, gömrük və sosial sığorta güzəştləri dövlət başçısının regiona göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən 9 iyun 2026-cı il tarixdə "Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalanıb. Bu il sentyabrın 1-dən qüvvəyə minəcək fərmanın əsas məqsədi ölkədə istehsal olunan malların xarici bazarlara, eləcə də Naxçıvan Muxtar Respublikası mənşəli məhsulların Azərbaycan Respublikasının digər ərazilərinə çıxış imkanlarını daha da yaxşılaşdırmaqdır. Nazir sahibkarları muxtar respublikanın mövcud iqtisadi potensialından və yaradılmış əlverişli şəraitdən səmərəli istifadə etməyə, investisiya layihələrini reallaşdırmağa və dövlət-özəl sektor əməkdaşlığının inkişafına töhfə verməyə çağırıb.
“Marsol Group”un təsisçisi Tural Mustafayev bildirib ki, sahibkarlar arasında güclü əlaqələrin qurulması, təcrübə mübadiləsinin təşviqi, birgə layihələrin həyata keçirilməsi, investisiya imkanlarının araşdırılması və investisiya qoyuluşunun artırılması muxtar respublikada iqtisadi fəallığın güclənməsinə mühüm töhfə verəcək.
Görüşdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndələri tərəfindən “Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı və dəstək mexanizmləri”, eləcə də “Naxçıvan Muxtar Respublikasında 1 yanvar 2026-cı il tarixdən tətbiq edilən vergi, gömrük və sosial sığorta güzəştləri” mövzularında təqdimatlar edilib.
Sonra şirkət nümayəndələri fəaliyyət istiqamətləri barədə məlumat verib, gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, "Marsol Group" müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarları və biznes tərəfdaşlarını özündə birləşdirən şirkətdir. Naxçıvanda keçirilən görüşdə də müxtəlif fəaliyyət istiqamətlərini təmsil edən sahibkarlar iştirak ediblər. Görüşün əsas məqsədi Naxçıvan Muxtar Respublikasında mövcud investisiya mühiti ilə yaxından tanış olmaq, investorlar üçün tətbiq olunan güzəştlər və yaradılan imkanlar barədə ətraflı məlumat əldə etmək olub.
Digər xəbərlər