NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

...

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu və Bank Respublikanın birgə təşkilatçılığı ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib. 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, layihənin ilk tədbiri Şərur rayonunda keçirilib.

Tədbir çərçivəsində sahibkarlarla görüşlər təşkil olunub, ehtiyaclarına uyğun dövlət maliyyə dəstəyi imkanları təqdim olunub. Həmçinin sahibkarlara güzəştli maliyyə vəsaitlərinin əldə olunması qaydaları və digər zəruri məsələlər barədə ətraflı məlumat verilib.

Layihənin əsas məqsədi rayonlarda fəaliyyət göstərən sahibkarların dövlət dəstək mexanizmləri barədə məlumatlandırılması və onların maliyyə resurslarına çıxış imkanlarının artırılmasıdır. Tədbir zamanı sahibkarlara maarifləndirici bukletlər də təqdim olunub.
Layihə sahibkarlar tərəfindən böyük maraqla qarşılanıb və növbəti mərhələdə muxtar respublikanın digər bölgələrində də davam etdirilərək daha geniş sahibkar kütləsinin əhatə olunması nəzərdə tutulur.

Nəşr edilib : 19.09.2025 12:47