NAXÇIVAN :

29 Sentyabr 2026, Çərşənbə axşamı

Naxçıvanda turizmin yeni dövrü

...

Qədim irsdən “ağıllı” destinasiyaya

Səyahətlər üçün rəqəmsal həllərin genişləndiyi, turistlərin gözləntilərinin dəyişdiyi müasir dövrdə turizm potensialından səmərəli istifadə dünyanın bir çox yerində olduğu kimi, ölkəmizin regionları, o cümlədən Naxçıvan üçün də yeni perspektivlər vəd edir. Naxçıvanın unikal turizm ehtiyatları ilə yanaşı, xalqımıza xas yüksək qonaqpərvərlik və tolerantlıq, xidmət sektoru üçün zəruri infrastruktur və dövlət dəstəyi bu mühüm sahənin qeyri-neft sektorundakı mövqeyinin daha da möhkəmləndirilməsinə imkan yaradır. Qarşıda duran əsas vəzifələrdən biri gələcək nəsillərə miras qalacaq turizm ehtiyatlarımızı qorumaq və onlardan dayanıqlı inkişaf prinsipləri əsasında daha səmərəli istifadə etməkdir.

Altı il əvvəl qlobal iqtisadiyyata, o cümlədən turizmə ciddi təsir göstərmiş pandemiyadan sonra bu sahənin inkişaf istiqamətləri də dəyişib. Hazırda turizmdə rəqəmsal və “ağıllı” həllərdən istifadə, təhlükəsizliyin və keyfiyyətin təmin edilməsi, xidmətlərin optimallaşdırılması və dayanıqlı inkişaf məsələləri daha çox ön plana çıxır.

Bu baxımdan, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa quru əlaqəsinin olmaması regiona səyahətlərin təşkili, turların keçirilməsi və keyfiyyətli xidmətlərin göstərilməsi məsələlərini daha da aktuallaşdırır. Turizm fəaliyyətinin icma əsaslı təşkili, əldə olunan gəlirlərdən yerli əhalinin də faydalanması və turizmin regionun sosial-iqtisadi inkişafına töhfəsinin artırılması isə müasir dünyanın əsas tələblərindəndir. Bu prinsiplər Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb. Dövlət sənədində Naxçıvana səyahətlərin asanlaşdırılması və turizm ehtiyatlarından dayanıqlı istifadə məsələləri xüsusi diqqətdə saxlanılıb.

Hazırda Naxçıvan ölkəmizin digər bölgələrindən və xaricdən gələn turistlər üçün maraqlı destinasiyalardan biridir. Naxçıvana səyahət tarix, mədəniyyət və təbiətin harmoniyasını, milli mətbəximizin özünəməxsusluğunu və yerli əhalinin yüksək qonaqpərvərliyini kəşf etmək deməkdir. Burada yaradılmış yol infrastrukturu müxtəlif istiqamətlər üzrə səyahətlər üçün əlverişli imkanlar yaradır. Dini ziyarət, tanışlıq, ekoturizm, müalicə və əyləncə məqsədilə muxtar respublikaya gələn turistlər mərkəz nöqtəsi Naxçıvan şəhəri olmaqla müxtəlif marşrutlar üzrə səfərlər edirlər.

Son illər Naxçıvanda turizm logistikasının təkmilləşdirilməsi və ödənişlərdə elektron alətlərdən istifadənin genişləndirilməsi istiqamətində müəyyən işlər görülüb. Bununla belə Bakı-Naxçıvan uçuşlarında hava şəraiti və digər səbəblərdən yaranan çətinliklər, eləcə də Ordubad və Şahbuz istiqamətlərində turistik yerləşmə imkanlarının, Şərur və Culfa istiqamətlərində isə həm yerləşmə, həm də turistik iaşə obyektlərinin yetərli olmaması turların optimallaşdırılmasına, turistlərin asudə vaxtının səmərəli təşkilinə çətinlik yaradır və məsrəfləri artırır. Ümid edirik ki, bu məsələlər vaxtında həllini tapacaq və yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə Naxçıvana quru yolu ilə səyahətlər zamanı belə çətinliklər özünü göstərməyəcək.

Nəqliyyat məsələsi: Dövlət Proqramı nə vəd edir?

Hələlik isə yaz və payız turizm mövsümlərində, xüsusilə həftəsonları Naxçıvana turist axınının artması regiona əsas nəqliyyat vasitəsi olan hava yolunda sıxlığı daha da hiss olunan edir.

Məhz bu səbəbdən Dövlət Proqramında Naxçıvana turist səfərlərinin təşkili məsələsinə xüsusi diqqət yetirilib. Sənəddə Naxçıvana turist səfərlərinin artırılması məqsədilə Bakı-Naxçıvan-Bakı istiqamətində turoperatorlar tərəfindən çarter uçuşlarının həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsi, həmçinin turizm zərfinin satışı ilə birlikdə aviabiletlərin sifarişini təmin edən satış modelinin hazırlanması nəzərdə tutulur.

Şübhəsiz, dünya praktikasında geniş tətbiq olunan bu təcrübənin Naxçıvanda həyata keçirilməsi turistlərin səfər imkanlarını genişləndirə və regiona turist axınının artırılmasına şərait yarada bilər. Belə model turistlərin mövcud uçuş imkanlarından asılılığını azaltmaqla yanaşı, nəqliyyat, yerləşmə, qidalanma və ekskursiya xidmətlərini vahid turizm zərfində birləşdirməyə imkan verər.

Məsələnin aktuallığını nəzərə alaraq həm payız turizm mövsümünün başlanması, həm də “Turizm işçiləri günü” ərəfəsində redaksiyamız tərəfindən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə rəsmi sorğu ünvanlanıb. Dövlət Proqramında qeyd olunan çarter uçuşları və yeni satış modeli ilə bağlı hansı işlərin görüldüyü və ya nəzərdə tutulduğu barədə məlumat vermələri xahiş edilsə də, sorğumuza hələlik cavab ala bilməmişik. Naxçıvan kimi ölkəmizin strateji əhəmiyyətli bölgəsinə sərnişin daşımalarını həyata keçirən əsas hava nəqliyyatı operatorunun ictimaiyyətə açıq olması və insanları maraqlandıran məsələlərə münasibət bildirməsi də vacibdir. Çünki turizmin inkişafı yalnız turist qəbul edən tərəfin deyil, səfərin bütün mərhələlərində iştirak edən qurumların əlaqələndirilmiş fəaliyyətini tələb edir.

Turist yalnız abidə görmək istəmir

Müasir rəqəmsallaşma dövründə turizmin idarə olunması təhlükəsizlik, komfort və koordinasiya baxımından da ciddi əhəmiyyət daşıyır. Turistlərin tələbatlarının artması, vaxta qənaətə daha həssas yanaşmaları turizm şirkətləri ilə yanaşı, bu sahənin idarəediciləri qarşısında da yeni vəzifələr qoyur.

Bu mənada, Naxçıvanda turizmin idarə olunmasına məsul olanların vəzifələri yalnız xaricdə keçirilən tədbirlərdə iştirak, yay mövsümündə ucqar yaşayış məntəqələrində kənd turizmi ilə bağlı maarifləndirici tədbirlər keçirmək və ya tələbələrin təcrübə keçməsinə kömək göstərməklə məhdudlaşmamalıdır. Regionumuza gələn turistlərin xidmətlərdən istifadəsi zamanı qarşılaşdıqları müxtəlif məsələlərin operativ həlli, turoperatorlara praktiki dəstək göstərilməsi və aidiyyəti qurumlar arasında koordinasiyanın təmin olunması da bu fəaliyyətin mühüm istiqamətləri olmalıdır. Çünki müasir turist üçün yalnız tarixi abidənin və ya təbiət mənzərəsinin mövcudluğu kifayət etmir. O, həmin məkana necə çatacağını, harada qalacağını, harada qidalanacağını, marşrutunu necə quracağını və lazım olan məlumatı haradan əldə edəcəyini də əvvəlcədən bilmək istəyir.

Naxçıvanın turizm imkanlarının genişləndirilməsi baxımından kənd turizminin inkişafı da xüsusi əhəmiyyət daşıyır. Yerli icmaların bu prosesə cəlb edilməsi, ailə təsərrüfatlarının, milli mətbəxin, yerli məhsulların və sənətkarlıq nümunələrinin turizm dövriyyəsinə daxil edilməsi həm turistlərə fərqli təcrübə qazandıra, həm də turizmdən əldə olunan gəlirin yerli əhali arasında daha geniş yayılmasına imkan verə bilər.

Qədim irsdən “ağıllı” destinasiyaya

Ölkəmizin müstəqilliyinin ilk illərində turizmdən gözlənilən əsas nəticələrdən biri Azərbaycanın dünyaya tanıdılması, xalqımızın qonaqpərvərliyinin nümayiş etdirilməsi idi. Ötən dövrdə bu sahədə böyük dəyişikliklər baş verib. İndi qarşıda duran əsas vəzifələrdən biri turizmin dayanıqlı inkişafını təmin etmək, regionların turizm imkanlarını daha səmərəli şəkildə iqtisadi dövriyyəyə cəlb etmək və müasir turistin tələblərinə cavab verən xidmətlər formalaşdırmaqdır.

Naxçıvanın bu prosesdə imkanları genişdir. Qədim tarixi, zəngin mədəni irsi, təbiəti, müalicə imkanları, dini-tarixi ziyarət məkanları və milli mətbəxi regionun fərqli turizm məhsulları yaratmasına şərait verir. İndi əsas məsələ bu potensialı müasir turist üçün əlçatan, rahat, rəqəmsal və rəqabətqabiliyyətli məhsula çevirməkdir. Dövlət Proqramında Naxçıvanla bağlı müəyyənləşdirilən konkret tədbirlər – turist səfərlərinin təşkili şərtlərinin təkmilləşdirilməsi, çarter uçuşları üçün şəraitin yaradılması, turizm zərfi ilə aviabilet satışının əlaqələndirilməsi, nəqliyyat əlçatanlığının və informasiya xidmətlərinin artırılması – bu baxımdan yeni mərhələnin konturlarını müəyyənləşdirir.

Müasir turizmdə rəqəmsallaşma artıq əlavə üstünlük deyil, xidmətin ayrılmaz hissəsidir. Turistin səfərə başlamazdan əvvəl məlumat əldə etməsi, marşrut qurması, bilet və yerləşmə yeri sifariş etməsi, səfər zamanı elektron xəritələrdən və rəqəmsal bələdçilərdən istifadə etməsi vahid turizm ekosisteminin yaradılmasını zəruri edir.

Naxçıvanın qədim irsinin bu texnologiyalarla birləşdirilməsi isə regionun turizm imkanlarını yeni mərhələyə çıxara bilər. Tarixi abidələrin rəqəmsal təqdimatı, vahid marşrutların elektron xəritələrdə göstərilməsi, turizm obyektləri və xidmətlər barədə məlumatların vahid platformada toplanması, elektron ödəniş və sifariş imkanlarının genişləndirilməsi “ağıllı” destinasiya modelinin əsas elementlərinə çevrilə bilər.

Naxçıvanın turizm gələcəyi yalnız turistlərin sayının artması ilə ölçülməməlidir. Əsas hədəf daha rahat səfər, keyfiyyətli xidmət, daha uzunmüddətli qalma, yerli icmaların turizmdən daha çox faydalanması və tarixi-mədəni irsin qorunaraq gələcək nəsillərə ötürülməsidir.

Qədim irsimiz bu yolun başlanğıcıdır. Müasir texnologiyalar, əlçatan nəqliyyat, keyfiyyətli xidmət, düzgün idarəetmə və dayanıqlı turizm prinsipləri isə həmin yolu gələcəyə aparan vasitələrdir. Naxçıvanda turizmin yeni dövrü məhz qədim irslə müasir imkanların qovuşduğu məqamdan başlayır.

Əli  CABBAROV

Nəşr edilib : 29.09.2026 15:10