Azərbaycanın daha bir güləşçisi Avropa çempionu ol...
22:51 22.04.2026
0
0
0
NAXÇIVAN :
23 Aprel 2026, Cümə axşamı
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi enerji strategiyasına uyğun olaraq ölkədə bərpa olunan enerji mənbələrinin genişləndirilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bu strategiyanın mühüm istiqamətlərindən biri də Naxçıvan Muxtar Respublikasında “yaşıl enerji” potensialının reallaşdırılması, muxtar respublikanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və davamlı sosial-iqtisadi inkişafının təmin olunmasıdır. Dövlət başçısı Naxçıvanın bərpa olunan enerji potensialını yüksək qiymətləndirərək deyib: "Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan coğrafi baxımdan da eyni regiondur. Onlar “yaşıl enerji zona”ları elan edilib. Burada çox böyük potensial var, həm də Günəş elektrik enerjisi baxımından".
Naxçıvanın enerji təhlükəsizliyi üçün strateji xətt
Ölkə başçısının qarşıya qoyduğu vəzifələrinin icrası çərçivəsində Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovun iştirakı ilə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasında bərpa olunan enerji mənbələrinin tətbiqi üzrə mövcud vəziyyət və perspektiv layihələr müzakirə olunub. Görüşdə “AzərEnerji” ASC, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Azerbaijan Green Energy Company” (AGEC), “CEI Nakhchivan” MMC, “Nobel Energy” və “Enerso” MMC-nin rəhbər şəxsləri iştirak ediblər. Görüşdə vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin gücləndirilməsi, dayanıqlı sosial-iqtisadi inkişafının sürətləndirilməsi və regionun gələcəkdə regional enerji istehsalı və ixrac mərkəzinə çevrilməsi dövlət başçısının strateji kursunda prioritet istiqamətlərdəndir.
Hazırda Naxçıvanda bərpa olunan enerji mənbələrinin payı elektrik enerjisinin quraşdırılmış gücündə 44 faiz, istehsalında isə 36,4 faiz təşkil edir. Bu göstəricilər muxtar respublikanın ölkədə “yaşıl enerji”yə keçid prosesində aparıcı regionlardan biri olduğunu göstərir.
Günəş enerjisi: “yaşıl inkişaf” modelinə real töhfə
Naxçıvanda bərpa olunan enerji sahəsində özəl investisiyanın ilk nümunələri kimi həyata keçirilən “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyaları bölgədə “yaşıl inkişaf” modelinin formalaşmasına mühüm töhfə verəcək. Bu layihələr çərçivəsində, ümumilikdə, 25 MVt gücündə iki günəş elektrik stansiyasının inşası nəzərdə tutulur. Layihələrin ümumi investisiya dəyəri 60 milyon manatdan çoxdur. Yeni stansiyaların istifadəyə verilməsi Naxçıvanın elektrik enerjisi istehsalında bərpa olunan mənbələrin payını daha da artıracaq, eyni zamanda muxtar respublikanın enerji balansında sabitliyi gücləndirəcək.
Müqavilələr imzalandı: layihələr icra mərhələsinə keçir
Görüşün yekununda Azərbaycan Respublikası Hökuməti və “AzərEnerji” ASC ilə “CEI Nakhchivan” MMC arasında Naxçıvan Muxtar Respublikasında 25 MVt gücündə “Şəms 1” Günəş Elektrik Stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Eyni zamanda Azərbaycan Respublikası Hökuməti və “AzərEnerji” ASC ilə “Enerso” MMC arasında 25 MVt gücündə “Qərbi Üfüq” Günəş Elektrik Stansiyası layihəsi üzrə analoji müqavilələr imzalanıb. Bu sənədlər layihələrin hüquqi və institusional əsaslarını formalaşdırmaqla yanaşı, özəl sektorun enerji sektoruna cəlb olunmasının real mexanizmini yaradır.
İqtisadi və ekoloji faydalar
Layihələrin reallaşması nəticəsində, ümumilikdə, illik 122 milyon kVt/st elektrik enerjisi istehsalı gözlənilir. Bu isə 26 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 57 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.
Beləliklə, yeni günəş elektrik stansiyaları həm enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də ətraf mühitin qorunmasına xidmət edəcək. Karbon emissiyalarının azaldılması Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə üzrə beynəlxalq öhdəliklərinə uyğun olaraq atılan mühüm addımlardan biridir.
Naxçıvan “yaşıl enerji”nin regional mərkəzinə doğru
Mütəxəssislərin fikrincə, Naxçıvanın coğrafi mövqeyi və günəş radiasiyası potensialı burada alternativ enerji mənbələrinin inkişafı üçün geniş imkanlar yaradır. Son illərdə həyata keçirilən layihələr göstərir ki, muxtar respublika gələcəkdə təkcə öz enerji tələbatını təmin edən deyil, həm də regional səviyyədə “yaşıl enerji” istehsalçısı kimi çıxış edə biləcək.
Bütövlükdə, Naxçıvanda bərpa olunan enerji layihələrinin genişlənməsi regionun iqtisadi imkanlarını artırmaqla yanaşı, yeni iş yerlərinin yaradılmasına, investisiya mühitinin yaxşılaşdırılmasına və ekoloji tarazlığın qorunmasına xidmət edir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq atılan bu addımlar Naxçıvanın dayanıqlı inkişaf modelinin formalaşmasında mühüm mərhələ kimi qiymətləndirilir.
"Şərq qapısı"
Digər xəbərlər