NAXÇIVAN :

16 Avqust 2026, Bazar

Naxçıvanda yeni mərhələnin izləri

...

Elə səfərlər var ki, onların əhəmiyyətini bir günün tədbirlər təqvimi ilə ölçmək mümkün deyil. Görüşlər, açılışlar, təməlqoymalar, təqdimatlar həmin günün yalnız görünən tərəfidir. Əsas məna isə bütün bunların bir-biri ilə necə əlaqələndiyi,  gələcək üçün necə hesablanması zamanı üzə çıxır. Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri də məhz belə səfərlərdən biri oldu. Səfər zamanı görülən işlərə və səsləndirilən fikirlərə, ardınca isə avqustun 12-də imzalanan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncama nəzər salanda Naxçıvanla bağlı daha böyük bir mənzərə görünür: söhbət yalnız bu günün ehtiyaclarından deyil, qarşıdakı illərin Naxçıvanının qurulmasından gedir.

Əslində, son illərdə Naxçıvanda həyata keçirilən proseslərin əsas mahiyəti də budur. Bir vaxtlar əsas diqqət infrastruktur çatışmazlıqlarının aradan qaldırılmasına, yolun, suyun, enerjinin, sosial obyektlərin yenilənməsinə yönəlirdisə, indi gündəlikdə daha geniş hədəflər dayanır. Naxçıvan öz iqtisadi potensialını necə tam reallaşdıra bilər? Coğrafi mövqe hansı yeni imkanları yarada bilər? Şəhərin gələcəyi necə planlaşdırılmalıdır? və s.

11 avqust səfərinin gündəliyinə baxanda bu sualların hər birinə cavab verən ayrı-ayrı layihələr görünür. Naxçıvan Sənaye Parkı ilə enerji layihələrinin, yeni yollarla nəqliyyat sisteminin, şəhərin Baş Planı ilə sosial infrastrukturun, tarixi abidələrin bərpası ilə turizm layihələrinin arasında görünməyən, amma kifayət qədər aydın bir əlaqə var. Bu əlaqənin mərkəzində isə Naxçıvanın gələcək inkişaf modelinin dəyişməsi dayanır.

Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafını nəzərdə tutan Baş Planın təqdim olunması bu baxımdan təsadüfi detal deyil. Bir şəhərin gələcəyini 18 il əvvəldən planlaşdırmaq o deməkdir ki, bu gün görülən işlərin sabah necə nəticə verəcəyi artıq indidən nəzərə alınır. Əhali artımı, nəqliyyat, yaşayış məhəllələri, ictimai məkanlar, sosial obyektlər, yaşıllıq zonaları və şəhərin iqtisadi fəaliyyəti vahid şəhər mühitinin hissələri kimi nəzərdən keçirilir.

Burada diqqətçəkən başqa bir məqam da var. Naxçıvanın inkişafından danışarkən yalnız şəhər mərkəzinin siması dəyişdirilmir. 12 avqustda imzalanan Sərəncamda 26 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 420 kilometr olan yolların əsaslı təmiri üçün 70 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu rəqəm, sadəcə, yol layihələrinin həcmini göstərmir. Eyni zamanda inkişafın şəhər sərhədlərindən kənara çıxmasının vacibliyini də ortaya qoyur. Çünki kəndlə şəhər arasında yol varsa, həmin kəndin iqtisadi imkanları da genişlənir, insanın səhiyyə, təhsil və digər xidmətlərə çıxışı da asanlaşır, istehsal etdiyi məhsulun bazara çıxarılması da mümkün olur. Bu məsələnin daha böyük tərəfi isə Naxçıvanın gələcək regional nəqliyyat xəritəsindəki mövqeyidir. Zəngəzur dəhlizinin açılması perspektivi Naxçıvan üçün, sadəcə, Azərbaycan əsas hissəsi ilə daha rahat bağlantı qurması ilə bitmir. Bu, Naxçıvanın yük və sərnişin axınlarının keçdiyi, yeni iqtisadi əlaqələrin formalaşdığı bir məkana çevrilməsi imkanını da artırır. Coğrafi baxımdan uzun müddət müəyyən məhdudiyyət kimi qəbul edilən mövqe gələcəkdə üstünlüyə çevrilə bilər. Bunun üçün isə yol, dəmir yolu, logistika, enerji və digər infrastrukturların əvvəlcədən hazırlanması lazımdır. Məhz burada enerji məsələsi də nəqliyyat qədər əhəmiyyətli görünür.

Naxçıvanda Günəş enerjisi layihələrinin genişləndirilməsi, yeni enerji istehsalı imkanlarının yaradılması və Sənaye Parkının təməlinin qoyulması, eyni zamanda Tivi Su Elektrik Stansiyasının tikinti-quraşdırma işlərinin davam etdirilməsi üçün 66 milyon manatın ayrılması da, əslində, eyni iqtisadi məntiqin müxtəlif hissələridir. Dövlət başçısının da qeyd etdiyi kimi, Naxçıvanda enerji məsələsinə artıq yalnız “özümüzə çatan enerji” prizmasından baxılmır. Günəş enerjisi potensialının böyük olması Naxçıvan üçün iqtisadi imkan deməkdir. Əgər bu potensial tam reallaşdırılarsa, Naxçıvan gələcəkdə yalnız enerji istehlak edən deyil, enerji istehsal edən və ixrac edən bölgələrdən birinə çevrilə bilər.

Amma enerji və sənaye haqqında danışarkən bir məsələni unutmaq olmaz: bütün bu layihələrin real nəticəsi onların insanların həyatına və bölgənin iqtisadi fəallığına nə qədər təsir etməsidir. Naxçıvan Sənaye Parkının əhəmiyyəti də məhz burada ortaya çıxacaq. Burada yeni müəssisələr, yeni iş yerləri, yerli istehsal və nəticə etibarilə iqtisadi dövriyyənin genişlənməsi gözlənilir. Naxçıvanın iqtisadi gələcəyində turizm də həmin mənzərənin başqa bir hissəsidir. Bu bölgənin üstünlüyü ondadır ki, burada turizm üçün yalnız təbiət deyil, tarix də var. Möminə xatun türbəsi, Əcəmi Naxçıvaninin irsi, qədim memarlıq nümunələri, təbiət və iqlim xüsusiyyətləri Naxçıvanı sırf istirahət məkanı olmaqdan daha geniş turizm istiqamətinə çevirə bilər. Ona görə də bir tərəfdən tarixi abidələrin bərpasına diqqət göstərilməsi, digər tərəfdən, yeni hotel komplekslərinin yaradılması bir-birindən ayrı proseslər deyil. Tarixi Naxçıvanla müasir Naxçıvanın bir araya gətirilməsi məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır. Möminə xatun türbəsində aparılan bərpa-konservasiya işlərinə diqqət yetirilməsi də bu yanaşmanın göstəricisidir.

Yeni qurulan evlər, DOST və ASAN xidmət infrastrukturu, tələbələr üçün yataqxana, məktəbəqədər təhsil müəssisələri, yaşayış binalarının və istilik sistemlərinin yenilənməsi ilk baxışda iri sənaye və enerji layihələri qədər diqqət çəkməyə bilər. Amma əslində, inkişafın keyfiyyətini məhz bu sahələr müəyyən edir.

Çünki şəhər yalnız yollar və binalardan ibarət deyil. Şəhər orada yaşayan insanların həyatıdır.

Tələbənin harada yaşayacağı, uşağın hansı şəraitdə məktəbəqədər təhsil alacağı, qışda mənzilin necə qızdırılacağı, kənd sakininin şəhərə hansı yolla gedəcəyi, yaşlı insanın dövlət xidmətinə nə qədər rahat çıxış əldə edəcəyi də inkişaf göstəricisidir.

Bu baxımdan qeyd olunan Sərəncamda 258 milyon manatın ayrı-ayrı istiqamətlər üzrə bölgüsündə də maraqlı bir yanaşma görünür. Enerji, nəqliyyat, təhsil və sosial infrastruktur – hər biri üçün ayrı-ayrılıqda vəsait ayrılır. Yəni yalnız bir sahənin inkişafına üstünlük verilməklə kifayətlənilmir, müxtəlif istiqamətlər paralel şəkildə hərəkətə gətirilir.

Bəlkə də, 11 avqust səfərinin ən mühüm tərəfi məhz budur. Bu səfərdə Naxçıvanın necə bir məkana çevrilməsinin istiqamətləri təqdim olundu. Səfərdən bir gün sonra imzalanan Sərəncam bu baxımdan xüsusi məna qazanır. Bu ardıcıllıq Naxçıvanla bağlı gündəmin yalnız siyasi mesajlardan ibarət olmadığını, həmin mesajların icra mexanizmləri ilə tamamlandığını göstərir. Artıq Naxçıvanın qarşısında yeni bir mərhələ açılır. Əgər bu əlaqə düzgün qurularsa, Naxçıvanın gələcəyi yalnız yeni binalarla deyil, yeni iqtisadi imkanlarla, yeni iş yerləri ilə, daha rahat şəhər həyatı ilə regionda daha böyük rol ilə xarakterizə olunacaq. Naxçıvanın gələcəyi artıq uzaq bir perspektiv kimi deyil, bu gündən atılan konkret addımların davamı kimi görünür.

         Səmayə RƏSULOVA

Nəşr edilib : 16.08.2026 10:05