NAXÇIVAN :

16 Avqust 2026, Bazar

Heydər Əliyev siyasi kursunun təntənəsi: Naxçıvan yeni inkişaf mərhələsində

...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Naxçıvana növbəti səfəri Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikrinin təsdiqi və təntənəsidir. Cənab Prezidentin məqsədyönlü fəaliyyəti nəticəsində bu gün Azərbaycan ən yüksək zirvələri fəth etməklə Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına sayca 17-ci səfəri regionun sosial-iqtisadi, mədəni və strateji inkişafında növbəti tarixi mərhələnin əsasını qoydu. Dövlət başçısının qeyd etdiyi kimi, bu səfər və onun çərçivəsində keçirilən silsilə tədbirlər muxtar respublikanın hərtərəfli tərəqqisinə dövlət qayğısının bariz göstəricisidir.
Qloballaşan dünyada kosmopolitizm meyillərinin artdığı indiki mərhələdə milli kimliyin,  milli ruhun, mədəniyyətin, dilin, ədəbiyyatın, tarixin qorunması asan məsələ deyil. Dövlət başçısının Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi müsahibəsində, xüsusilə bu amillərin qorunmasını önə çəkməsi və tariximizin, mədəniyyətimizin, görkəmli şəxsiyyətlərimizin qürur mənbəyimiz olduğunu vurğulaması hər kəsi qəlbən fərəhləndirdi. Yolumuz Qərbə olsa da, kökümüzün Şərqdə olduğunu, milli dəyərlərimizin, tarixi və mədəni irsimizin qorunmasının vacibliyini və məsuliyyətini qarşımıza əsas məqsəd kimi qoydu. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər milli dövlətçiliyin banisi, Azərbaycançılıq ideyasının müəllifi Ulu Öndər Heydər Əliyevin milli ideya və ideallar uğrunda vaxtilə yorulmadan apardığı mübarizəsinə ali qiymət və sədaqətin nümunəsidir: “Naxçıvan, eyni zamanda Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, – halbuki birinci növbədə, Azərbaycan üçün, – geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir”.
Prezidentin son 20 ildə dövlət büdcəsinin və yerli büdcənin hesabına Naxçıvanda geniş quruculuq işlərinin aparılmasını qeyd etməsi davamlı dövlət qayğısının göstəricisi kimi çox mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçısının Naxçıvanla bağlı bütün bu işlərin artıq sistemli şəkildə davam etdiyini, Naxçıvanın hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasını vurğulaması, Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurdakı kimi idarəetmə üsuli-idarəsini yaratmaqla faktiki olaraq bu üç bölgənin inzibati nöqteyi-nəzərindən də birləşdirilməsi və Naxçıvanın muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydalarının təkmilləşməsinin vacibliyini bəyan etməsi, əslində, çox vacib mətləblərə aydınlıq gətirdi. 
Cənab Prezidentin Naxçıvana səfərindən dərhal sonra muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi məqsədilə 258 milyon manat vəsaitin ayrılması barədə Sərəncam imzalaması xəbərini də böyük sevinc və minnətdarlıq hissi ilə qarşıladıq. “Biz birlikdə güclüyük!” ideyasının təntənəsinə inamımızı daha da möhkəmləndirən bu mühüm qərar Naxçıvanın inkişafına göstərilən dövlət qayğısının növbəti bariz nümunəsidir. Xalqımızın ilham aldığı Prezident İlham Əliyevin qədim sivilizasiyanın beşiyi olan Naxçıvana diqqət və qayğısı bizə əsas verir ki, bu səfərin doğurduğu sevinc, xoş təəssürat və minnətdarlıq hissini uzun müddət yaşayacağıq.

Süsənbər AĞAMALIYEVA 
filologiya üzrə fəlsəfə doktoru, 
Naxçıvan Dövlət Universitetinin əməkdaşı

Nəşr edilib : 16.08.2026 09:15