NAXÇIVAN :

30 Iyun 2026, Çərşənbə axşamı

Naxçıvanda yeni tekstil istehsalı müəssisəsi istifadəyə verilib

...

İyunun 30-da Naxçıvan şəhərində “GB GROUP” MMC-nin yeni tekstil istehsalı müəssisəsinin açılış mərasimi keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, eləcə də dövlət qurumlarının nümayəndələri və muxtar respublikada fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına göstərdiyi diqqət və dəstəyin nəticəsi olaraq bu gün muxtar respublikada özəl sektorun inkişaf etdiyini, yeni iş yerlərinin yaradıldığını və sahibkarlıq mühitinin daha da təkmilləşdirildiyini bildiriblər.
Qeyd olunub ki, cari ilin 1 yanvarından tətbiq olunan vergi, gömrük və sosial sığorta güzəştləri muxtar respublikada sahibkarların maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldır, istehsalın genişləndirilməsini, müasir texnologiyaların tətbiqini və rəqabətqabiliyyətli məhsul istehsalını təşviq edir.
Azərbaycan Respublikası Prezidentinin 9 iyun 2026-cı il tarixli “Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının qeyri-neft məhsullarının ixrac potensialının artırılmasına, logistika xərclərinin azaldılmasına və sahibkarlığa göstərilən dövlət dəstəyinin daha da genişləndirilməsinə xidmət etməklə yanaşı, Naxçıvanda istehsal olunan məhsulların ölkənin digər ərazilərinə daşınmasına əlavə dəstək imkanları yaratdığı ifadə olunub.
Çıxışlarda, həmçinin tekstil sənayesinin qadın məşğulluğunun artırılmasında mühüm rol oynadığı, layihədə Türkiyədən olan investorun iştirakının Naxçıvanın xarici investisiyalar üçün cəlbedici məkan olduğunu bir daha təsdiqlədiyi qeyd edilib və müəssisənin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Müəssisə rəhbərliyi Naxçıvanda sahibkarlığın inkişafına göstərilən diqqət və dəstəyə görə dövlət başçısına minnətdarlığını ifadə edib. Ardınca açılış mərasimində iştirak edən qonaqlar müəssisədə yaradılan şəraitlə tanış olub, istehsal prosesi və gələcək fəaliyyət planları barədə məlumatlandırılıblar. Müəssisədə işçilər üçün müasir iş şəraiti ilə yanaşı, onların gündəlik qidalanması üçün imkanlar da yaradılıb.
Məlumat verilib ki, 2025-ci ilin dekabr ayında verilmiş investisiya təşviqi sənədi çərçivəsində müəssisəyə 4 təsdiqedici sənəd təqdim olunub. Bunun hesabına Çin və Türkiyədən müasir istehsal avadanlıqları, xammal və materiallar ƏDV və gömrük rüsumlarından azad şəkildə idxal edilib.
Müəssisədə ilkin mərhələdə 100-ə yaxın daimi iş yeri yaradılıb. Burada istehsal olunacaq tekstil məhsullarının ölkədaxili bazarda satışı ilə yanaşı, xarici bazarlara da ixrac olunması nəzərdə tutulur. Gələcəkdə isə istehsal həcminin artırılması, məhsul çeşidinin genişləndirilməsi, ixrac imkanlarının inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılması planlaşdırılır.

Nəşr edilib : 30.06.2026 19:58