NAXÇIVAN :

28 Noyabr 2026, Şənbə

Naxçıvanın enerji strategiyası regionun gələcəyini necə dəyişəcək?

...

SDU-nun rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli ilə

müsahibə

Enerji təhlükəsizliyi müasir dünyanın iqtisadi və geosiyasi reallıqlarını müəyyən edən başlıca amillərdən birinə çevrilib. Bu gün dövlətlərin enerji siyasəti yalnız elektrik enerjisinin istehsalı və istehlakı ilə məhdudlaşmır, həm də iqtisadi müstəqillik, regional əməkdaşlıq, ixrac imkanları və dayanıqlı inkişaf hədəfləri ilə sıx bağlıdır. Azərbaycanın bu istiqamətdə müəyyənləşdirdiyi strateji prioritetlərdə Naxçıvanın xüsusi yeri var. Günəşli günlərin çoxluğu, külək və su ehtiyatları, əlverişli coğrafi mövqeyi muxtar respublikanı bərpa olunan enerji istehsalı və beynəlxalq enerji bağlantıları baxımından böyük potensiala malik regiona çevirir.

Son illərdə Naxçıvanda enerji infrastrukturunun yenilənməsi, yeni günəş və su elektrik stansiyalarının tikintisi, elektrik şəbəkəsinin müasirləşdirilməsi, Azərbaycanın əsas enerji sistemi ilə inteqrasiya və Türkiyəyə uzanacaq enerji bağlantılarının yaradılması istiqamətində həyata keçirilən layihələr bu potensialın reallaşdırılmasına hesablanıb. Qarşıya qoyulan hədəflər isə daha genişdir: Naxçıvanın yalnız enerji istehsal edən region deyil, həm də “yaşıl enerji”nin ötürülməsi, tranziti və ixracı üzrə regional mərkəzə çevrilməsi.

Bəs bu layihələr Naxçıvanın enerji təhlükəsizliyinə, iqtisadi inkişafına və beynəlxalq mövqeyinə hansı töhfələri verəcək? Mövcud potensialdan nə dərəcədə səmərəli istifadə olunur və qarşıdakı onillikdə enerji sektorunu hansı dəyişikliklər gözləyir?

Bu və digər suallarımızı energetika sahəsində zəngin elmi və praktiki təcrübəyə malik, əslən naxçıvanlı olan Sumqayıt Dövlət Universitetinin rektoru, texnika elmləri doktoru, professor, Əməkdar mühəndis, Əməkdar elm xadimi və MDB-nin Əməkdar energetiki Nurəli Yusifbəyliyə ünvanladıq.

– Nurəli müəllim, ilk növbədə, muxtar respublikanın bərpa olunan enerji potensialı haqqında danışaq. Naxçıvanın günəş, külək və su enerjisi imkanlarını necə qiymətləndirirsiniz?

– İlk növbədə, qeyd etmək istərdim ki, Naxçıvan Azərbaycanın bərpa olunan enerji potensialı baxımından ən əlverişli regionlarından biridir. Burada günəşli günlərin çoxluğu, günəş radiasiyasının yüksəkliyi, dağlıq relyef və çayların hidroenerji imkanları alternativ enerji mənbələrinin inkişafı üçün ciddi üstünlüklər yaradır. Energetika mütəxəssisi kimi hesab edirəm ki, Naxçıvanın üstünlüyü yalnız günəş enerjisi ilə məhdudlaşmır. Burada günəş, külək və su enerjisinin bir-birini tamamlayan vahid enerji sistemi çərçivəsində inkişaf etdirilməsi mümkündür.

Mövcud infrastruktura nəzər salsaq, Naxçıvanda ümumi qoyuluş gücü 244,8 MVt olan elektrik stansiyaları fəaliyyət göstərir. Buraya iki istilik elektrik stansiyası, beş su elektrik stansiyası, üç günəş elektrik stansiyası, bir külək elektrik stansiyası və bir külək-günəş hibrid stansiyası daxildir. Xüsusilə 87 MVt gücündə Naxçıvan Modul Elektrik Stansiyası, 20 MVt gücündə Biləv SES, eləcə də Arpaçay-1 və Arpaçay-2 su elektrik stansiyaları regionun enerji təminatında mühüm rol oynayır.

Bu stansiyalar Naxçıvanın enerji müstəqilliyinin formalaşmasında mühüm mərhələ olub. Onlar həm əhalinin, həm də sənaye və sosial infrastrukturun elektrik enerjisi ilə təminatına xidmət edir. Lakin düşünürəm ki, hazırda qarşımızda duran əsas məsələ mövcud potensialdan daha səmərəli istifadə etmək, istehsal güclərini artırmaq və Naxçıvanı ənənəvi enerji təminatı modelindən müasir, paylanmış generasiyaya əsaslanan “yaşıl enerji” modelinə keçirməkdir.

– Son dövrlərdə muxtar respublikanın enerji sistemində idarəetmənin yenilənməsi və infrastrukturun modernləşdirilməsi gələcəkdə hansı dəyişikliklərə səbəb olacaq?

– Mən bu prosesi Naxçıvanın energetika tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirirəm. Burada söhbət yalnız idarəetmə strukturunun dəyişdirilməsindən getmir. Əsas məqsəd generasiya, ötürmə, dispetçer idarəetməsi və enerji təchizatının vahid texniki standartlar əsasında təşkil edilməsidir. Prezident İlham Əliyevin 2024-cü il 23 noyabr tarixli Fərmanına uyğun olaraq “Azərenerji” ASC-nin iştirakı ilə Naxçıvanın enerji sisteminin idarə edilməsində yeni mexanizm formalaşdırılıb və “Naxçıvan Enerji” MMC yaradılıb.

Artıq bu istiqamətdə konkret işlər həyata keçirilir. Məsələn, ümumi uzunluğu 68 kilometr olan 110 kilovoltluq “Culfa”, “Ordubad-1” və “Ordubad-2” elektrik verilişi xətlərinin yenidən qurulmasına başlanılıb. Eyni zamanda “Babək”, “Çeşməbasar” və “Naxçıvan” yarımstansiyalarının modernləşdirilməsi başa çatdırılıb, regional rəqəmsal idarəetmə və SCADA mərkəzi formalaşdırılıb.

Bunun nəticəsində elektrik enerjisinin ötürülməsi zamanı texniki itkilər azalacaq, qəzaların qarşısının alınması və nasazlıqların operativ aradan qaldırılması imkanları genişlənəcək, enerji təchizatının dayanıqlığı və etibarlılığı yüksələcək. Eyni zamanda yeni günəş və su elektrik stansiyalarının ümumi şəbəkəyə inteqrasiyası asanlaşacaq, rəqəmsal idarəetmə vasitəsilə enerji istehsalı ilə istehlakı arasında daha səmərəli balans yaradılacaq.

Xüsusilə bir məqamı vurğulamaq istəyirəm: bərpa olunan enerji istehsalının artırılması ilə yanaşı, həmin enerjini qəbul edə bilən, tənzimləyən və istehlakçıya etibarlı şəkildə çatdıran müasir elektrik şəbəkəsi də olmalıdır. Məhz bu baxımdan Naxçıvanda aparılan yenidənqurma işləri gələcək enerji layihələrinin texniki təməlini formalaşdırır.

– “Şəms-1”, “Qərbi Üfüq”, Tivi və Ordubad layihələri regionun enerji potensialını nə qədər artıracaq?

– Bu layihələri Naxçıvanın enerji potensialının növbəti mərhələyə yüksəlməsi baxımından olduqca əhəmiyyətli hesab edirəm. Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə “Şəms-1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olması da bu layihələrin dövlətin enerji strategiyasında tutduğu yeri göstərir.

Hər iki stansiyanın layihə gücü 25 MVt olmaqla, ümumilikdə, 50 MVt təşkil edir. “Şəms-1” stansiyasının ildə, təxminən, 57 milyon kilovat-saat elektrik enerjisi istehsal etməsi və 20 minə yaxın ev təsərrüfatını elektrik enerjisi ilə təmin etməsi nəzərdə tutulur. Eyni zamanda stansiyanın fəaliyyəti orta hesabla 26 min ton karbon emissiyasının qarşısını almağa imkan verəcək.

Digər tərəfdən “Tivi” və “Ordubad” Su Elektrik Stansiyalarının inkişafı Naxçıvanın hidroenerji potensialından daha geniş istifadə etməyə şərait yaradacaq. Burada mühüm texniki məqam ondan ibarətdir ki, günəş elektrik stansiyalarında enerji istehsalı günün saatlarından və hava şəraitindən asılıdır. Su elektrik stansiyaları isə layihənin texniki xüsusiyyətlərindən və su ehtiyatlarından asılı olaraq enerji sisteminin balanslaşdırılmasında və pik yüklərin qarşılanmasında mühüm rol oynaya bilər.

Başqa sözlə, günəş və su enerjisinin kombinasiyası Naxçıvan üçün daha çevik və dayanıqlı enerji modelinin qurulmasına şərait yaradır. Mənim fikrimcə, bu layihələrin əhəmiyyəti yalnız əlavə meqavatlarla ölçülməməlidir. Onlar təbii qaza qənaət, karbon emissiyalarının azaldılması, enerji istehsalının şaxələndirilməsi və ixrac üçün əlavə resursların formalaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.

– Gələcəkdə Azərbaycanın əsas enerji sisteminin Türkiyə ilə birləşdirilməsi hansı töhfələri verəcək?

– Hesab edirəm ki, bu, Naxçıvanın enerji təhlükəsizliyi baxımından ən mühüm strateji layihələrdən biridir. Layihənin mahiyyəti Naxçıvanın enerji sistemini Azərbaycanın vahid enerji sisteminə daha sıx inteqrasiya etmək, enerji təchizatında alternativ marşrutlar yaratmaq və regionun ötürmə imkanlarını genişləndirməkdir.

Hazırda bu istiqamətdə konkret texniki və infrastruktur layihələri həyata keçirilir. “Cəbrayıl enerji qovşağı”nın yaradılması, Naxçıvanda yeni 330 kV-luq yarımstansiyanın inşası və bu iki məntəqənin yüksəkgərginlikli elektrik verilişi xətləri ilə birləşdirilməsi nəzərdə tutulur.

Bu layihə ilə bağlı bir məqamı da qeyd etmək istərdim: perspektiv baxımından sözügedən enerji dəhlizi üzrə gərginlik sinfinin 330-dan 400 kilovolt səviyyəsinə qaldırılması Türkiyənin enerji sistemi ilə inteqrasiyanı asanlaşdıra və ötürmə qabiliyyətinin artırılmasına töhfə verə bilər. Energetika Nazirliyinin açıqladığı perspektivə əsasən ilkin mərhələdə Naxçıvandan Türkiyəyə 1 QVt, yəni 1000 MVt elektrik enerjisinin ötürülməsi planlaşdırılır.

Bu layihənin bir neçə strateji üstünlüyü var. Birincisi, Naxçıvanın enerji təchizatının etibarlılığı artacaq. Regionun Azərbaycanın əsas enerji sistemi ilə əlaqələrinin genişlənməsi enerji təhlükəsizliyini daha yüksək səviyyəyə qaldıracaq. İkincisi, elektrik enerjisinin qarşılıqlı ötürülməsi imkanları yaranacaq. Bu, zəruri hallarda enerji çatışmazlığının aradan qaldırılmasına, artıq istehsal olunan enerjinin isə digər bazarlara yönəldilməsinə şərait yaradacaq. Üçüncüsü, Naxçıvanın coğrafi mövqeyi yeni iqtisadi üstünlüyə çevriləcək. Türkiyə ilə enerji bağlantısı təkcə texniki məsələ deyil, həm də Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin enerji sahəsində daha da möhkəmlənməsi deməkdir.

Beləliklə, müasir enerji sistemlərinin təhlükəsizliyi üçün yalnız elektrik enerjisi istehsalı kifayət deyil. Bununla yanaşı, enerjini müxtəlif istiqamətlərdən qəbul etmək, ötürmək və lazım gəldikdə ixrac etmək imkanlarına malik olmaq da vacibdir.

– Bütün bunlar gələcəkdə muxtar respublikanı regional enerji qovşağına çevirə bilərmi?

– Bəli, hesab edirəm ki, Naxçıvanın regional enerji qovşağına çevrilməsi tamamilə real və strateji baxımdan əsaslandırılmış perspektivdir. Burada söhbət yalnız Naxçıvanda istehsal olunan elektrik enerjisinin Türkiyəyə ixracından getmir. Daha geniş mənada Naxçıvan Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında formalaşacaq “yaşıl enerji” dəhlizinin mühüm komponentinə çevrilə bilər. Azərbaycanın “yaşıl enerji” strategiyasında bu istiqamətə xüsusi əhəmiyyət verilir.

Energetika Nazirliyinin məlumatlarında Naxçıvan vasitəsilə ilkin mərhələdə 1 QVt “yaşıl enerji”nin Türkiyəyə ötürülməsi perspektivi göstərilir. Gələcəkdə isə bu dəhlizin Xəzərin şərq sahilindən, Mərkəzi Asiyadan gələn elektrik enerjisinin Türkiyə və Avropa istiqamətində ötürülməsində də rol oynaması nəzərdə tutulur. Əlbəttə, bunun üçün yalnız generasiya güclərinin artırılması kifayət deyil. Yüksəkgərginlikli ötürücü xətlərin və çevirici yarımstansiyaların yaradılması, Türkiyə və Avropa enerji sistemləri ilə texniki uyğunluğun təmin edilməsi, enerji saxlama sistemlərinin və çevik balanslaşdırma mexanizmlərinin tətbiqi, həmçinin elektrik enerjisinin beynəlxalq ticarəti üçün hüquqi və kommersiya mexanizmlərinin formalaşdırılması vacibdir.

Bu istiqamətdə Azərbaycan və Türkiyə arasında aparılan işlərin əhəmiyyəti böyükdür. 2026-cı ilin sentyabrında Türkiyənin energetika naziri Azərbaycan-Naxçıvan-Türkiyə elektrik bağlantısı üzrə ilkin texniki qiymətləndirmələrin tamamlandığını və ən uyğun variantın müəyyənləşdirildiyini açıqlayıb. Mənim qənaətim budur ki, Naxçıvan gələcəkdə yalnız enerji istehsal edən region deyil, həm də enerjinin tranziti, paylanması və ixracı üzrə strateji mərkəz ola bilər. Bu, Azərbaycanın geoiqtisadi mövqeyini gücləndirməklə yanaşı, Naxçıvanın sənaye, logistika və investisiya cəlbediciliyinə, eləcə də yeni iş yerlərinin açılmasına müsbət təsir göstərəcək.

– Bir mütəxəssis kimi qarşıdakı 10 il ərzində regionun enerji sektorunda hansı dəyişikliklərin baş verəcəyini düşünürsünüz?

– Mən qarşıdakı onilliyi Naxçıvanın energetika sektorunda transformasiya dövrü kimi qiymətləndirirəm. Düşünürəm ki, 2035-ci ilə qədər Naxçıvanın enerji sistemi həm texnoloji, həm də iqtisadi baxımdan tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Bu dəyişiklikləri beş əsas istiqamətdə təsəvvür edirəm.

Birinci istiqamət bərpa olunan enerji istehsalının genişləndirilməsidir. Günəş, külək və su elektrik stansiyalarının sayının və qoyuluş gücünün artırılması Naxçıvanın əsas enerji prioritetlərindən olacaq. Xüsusilə “Şəms-1” və “Qərbi Üfüq” layihələrinin ilkin 50 MVt gücünün gələcəkdə 400 MVt-a çatdırılması perspektivi diqqətəlayiqdir. “Tivi” və “Ordubad” SES layihələri də bu potensialı genişləndirəcək.

İkinci istiqamət enerji sisteminin rəqəmsallaşdırılmasıdır. Gələcəkdə süni intellekt, SCADA sistemləri, ağıllı şəbəkələr və rəqəmsal monitorinq texnologiyaları enerji sektorunun idarə edilməsində daha geniş tətbiq olunacaq. Bu, enerji istehsalının proqnozlaşdırılmasına, itkilərin azaldılmasına və istehlakın optimallaşdırılmasına imkan verəcək.

Üçüncü istiqamət enerji saxlama texnologiyalarının inkişafıdır. Günəş və külək enerjisinin fasiləli xarakterini nəzərə alsaq, batareya sistemlərinin, enerji saxlama qurğularının və digər balanslaşdırma texnologiyalarının tətbiqi xüsusi əhəmiyyət kəsb edəcək. Bu texnologiyalar enerji sisteminin sabitliyini və fasiləsizliyini təmin edən əsas vasitələrdən birinə çevriləcək.

Dördüncü istiqamət Azərbaycanın vahid enerji sisteminə və beynəlxalq bazarlara inteqrasiyadır. Naxçıvanın Azərbaycanın əsas enerji sistemi ilə birləşdirilməsi, Türkiyə ilə bağlantıların inkişafı və “yaşıl enerji” dəhlizlərinin yaradılması regionun enerji ixracı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Beşinci istiqamət isə enerji iqtisadiyyatının formalaşdırılmasıdır. Ucuz, etibarlı və ekoloji cəhətdən təmiz elektrik enerjisi Naxçıvanda yeni sənaye müəssisələrinin və iş yerlərinin yaradılması, mövcud istehsal sahələrinin genişləndirilməsi, rəqəmsal infrastrukturun inkişafı və xarici investisiyaların cəlb edilməsi üçün mühüm amilə çevriləcək.

Burada bir vacib məqamı da vurğulamaq istəyirəm: gələcəyin enerji strategiyası yalnız daha çox elektrik enerjisi istehsal etməklə məhdudlaşmır. Əsas məqsəd enerjini iqtisadi inkişafa, yeni iş yerlərinə, sənaye potensialının güclənməsinə və əhalinin rifahının yüksəlməsinə çevirməkdir. Əminəm ki, həyata keçirilən layihələr ardıcıl şəkildə reallaşdırılarsa, qarşıdakı onillikdə Naxçıvan Azərbaycanın ən mühüm “yaşıl enerji” mərkəzlərindən birinə çevrilə bilər. Eyni zamanda region ölkəmizin beynəlxalq enerji bazarlarına çıxışında strateji körpü rolunu oynaya bilər. Bu həm Naxçıvanın iqtisadi gələcəyinə, həm Azərbaycanın enerji təhlükəsizliyinə, həm də Türk dünyasında enerji əməkdaşlığının genişlənməsinə mühüm töhfə olacaq.

Sonda vurğulamaq istəyirəm ki, Naxçıvanın gələcək enerji siyasətinə yalnız elektrik enerjisi istehsalı prizmasından yanaşmaq düzgün olmazdı. Biz burada yeni iqtisadi inkişaf modelinin formalaşmasından danışırıq. Günəş, külək və su enerjisi, müasir ötürücü infrastruktur, rəqəmsal idarəetmə və beynəlxalq enerji bağlantıları bir-birini tamamlayan vahid sistem yaratmalıdır. Naxçıvanın coğrafi mövqeyi, təbii potensialı və dövlətimizin həyata keçirdiyi strateji layihələr bu regiona gələcəkdə Azərbaycanla Türkiyə, daha geniş mənada isə Avropa arasında “yaşıl enerji” körpüsünə çevrilmək imkanı verir. Əsas məsələ bu potensialı real iqtisadi gücə çevirməkdir.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 19.11.2026 11:00