Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
Türkiyənin Qars şəhərində Ani şəhərinin fəthinin ildönümünə həsr olunmuş “Ani Cup” adlı güləş turniri keçirilib. Yarışda Türkiyə, Azərbaycan və İrandan, ümumilikdə, 8 komanda tərkibində 150-dən çox idmançı mübarizə aparıb. Turnirdə Azərbaycanı baş məşqçi Faiq İsgəndərovun rəhbəliyi ilə 23 idmançıdan ibarət Naxçıvan yığma komandası təmsil edib.
Məşqçilər Orxan Əsgərov, Barı Əliyev, həmçinin hakim qismində Nihad Muradov da turnirdə iştirak ediblər.
Güləşçilərimiz turnirdə uğurla çıxış edərək, ümumilikdə, 31 medal qazanmağa müvəffəq olublar. Sərbəst güləşdə 14 qızıl, 4 gümüş və 3 bürünc, yunan-Roma güləşində isə 3 qızıl, 5 gümüş və 2 bürünc medal qazanılıb. Bundan başqa, 12-13 yaş qrupu üzrə həm sərbəst güləş, həm də yunan-Roma güləşində komanda hesabında birincilik əldə olunub. Naxçıvan yığma komandasının 17 qızıl medal qazanan üzvləri redaksiyamızda qonaq oldular. İdmançılar həm yarış zamanı yaşadıqları həyəcanlı anları, həm də qələbə sevincini bölüşdülər.
Onların sözlərinə görə, qardaş ölkə Türkiyədə turnirdə iştirak etmək və bayrağımızı yüksəklərdə dalğalandırmaq qürurverici bir hissdir. Güləşçilər bunun arxasında dayanan ciddi məşqlərdən, məşqçilərinin dəstəyindən və komanda ruhundan bəhs etdilər. Təcrübəli məşqçilərin rəhbərliyi və komandanın birliyi nəticəsində qazandıqları uğurun təsadüfi olmadığını vurğulayan idmançılar gələcəkdə daha böyük nailiyyətlər qazanmaq əzmində olduqlarını qeyd etdilər.
Naxçıvan Muxtar Respublikası Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Faiq İsgəndərov da söhbətimizə qoşularaq bildirdi: “Çox qürurlu və sevincliyəm. Komandamız qısa müddətdə hazırlaşmasına baxmayaraq, 17 qızıl medalla qələbə qazanaraq vətənə döndü. Məhz qalib olduğumuz o anlarda başa düşdük ki, çəkilən bütün əziyyətlər, yorğunluqlar, zədələr, ağrılar hədər deyilmiş. Qarşıda daha böyük hədəflər bizi gözləyir. Bu gün qazandığımız uğurlar təkcə mənim yox, bir komandanın zəhmətinin nəticəsidir. Növbəti yarışlara daha böyük motivasiya ilə hazırlaşacağıq. Məqsədimiz daha böyük beynəlxalq arenalarda Azərbaycan Bayrağını yüksəklərə qaldırmaqdır. Qarşıda bizi Azərbaycan birinciliyi gözləyir. İnanıram ki, həmin yarışlarda da uğurlu nəticə əldə edəcəyik”.
Söhbətimizə sözü gedən yarışda qızıl medal qazanan 16 yaşlı Ələkbər Əsgərovla davam edirik: “Bu yarışa çox qısa zamanda ciddi hazırlaşdım, gecə-gündüz məşqlər etdim və nəhayət, zəhmətimin bəhrəsini gördüm. Döyüşlər çətin idi, amma özümə inandım və sona qədər mübarizə apardım. Məni dəstəkləyən məşqçimə, ailəmə və komanda yoldaşlarıma minnətdaram. Bu qalibiyyət bizi daha da motivasiya edir və növbəti yarışlara daha güclü hazırlaşacağam”.
Qeyd edək ki, sonda gələcək yarışlara daha böyük motivasiya və hazırlıqla yanaşacaqlarını bildirən gənclər ölkəmizi layiqincə təmsil etməyə davam edəcəklərinə söz verdilər. Biz də gənclərə uğurlar arzulayır, onların yeni uğurlarla bizi sevindirməyə davam edəcəyinə inanırıq.
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər