NAXÇIVAN :

29 Noyabr 2026, Bazar

Quşçuluq sektorunda istehsalın artırılması və təsərrüfatların müasirləşdirilməsi hədəflənir

...

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda aqrar sektorda istehsal imkanlarının genişləndirilməsi, məhsuldarlığın yüksəldilməsi, yerli istehsalın təşviqi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi əsas prioritetlər kimi müəyyənləşdirilib. Bu istiqamətdə quşçuluq sektorunun inkişafı, müasir istehsal müəssisələrinin yaradılması, mövcud təsərrüfatların müasirləşdirilməsi və damazlıq işinin təşviqi nəzərdə tutulur.

Proqram çərçivəsində 2030-cu ilədək quş əti istehsalının, təqribən, 30 faiz artırılması və ölkənin bu məhsulla özünütəminetmə səviyyəsinin yüksəldilməsi hədəflənir. Bu məqsədlə müasir quşçuluq damlarının qurulması, kəsimxanaların yaradılması, eləcə də quşçuluq müəssisələrinin kommunal xidmətlərə qoşulma xərclərinin subsidiyalaşdırılması kimi tədbirlər planlaşdırılır. Naxçıvan Muxtar Respublikasında da Dövlət Proqramının icrası çərçivəsində bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməkdədir.

Şərur rayonunda fəaliyyət göstərən “Məmmədtağı” MMC də istehsal, emal və gələcək inkişaf planları ilə aqrar sektorun potensialını ortaya qoyur. Müəssisənin əməkdaşı Mübariz Mustafayev “Şərq qapısı”na müsahibəsində istehsal sahəsinin fəaliyyəti barədə danışıb: “Şirkətimiz 2012-ci ildən fəaliyyət göstərir və ötən müddət ərzində istehsal potensialımızı davamlı şəkildə artırmağa çalışmışıq. Hazırda iki istehsal sahəmiz var və hər birində ətlik istiqaməti üzrə yüksək məhsuldarlığı ilə seçilən “Ross-308” cinsindən olan 20 min baş cücə yetişdiririk. Ümumilikdə, eyni vaxtda 40 min baş cücəni yetişdirmək imkanımız mövcuddur. Müəssisədə 20 nəfərdən artıq əməkdaş çalışır və hər bir işçi istehsal prosesinin müxtəlif mərhələlərində fəal iştirak edir. Məhsullarımızı, əsasən, Naxçıvan Muxtar Respublikasında və Bakı şəhərində satışa çıxarırıq. Yerli bazarda məhsullarımıza tələbat yüksəkdir və biz də keyfiyyət standartlarını qoruyaraq alıcıların etimadını doğrultmağa çalışırıq”.

Mübariz Mustafayevin sözlərinə görə, müəssisədə istehsal prosesi cücələrin yetişdirilməsindən başlayaraq məhsulun istehlakçıya hazır vəziyyətdə çatdırılmasına qədər bir neçə mərhələni əhatə edir: “Cücələri özümüz yetişdiririk və bu prosesə xüsusi nəzarət olunur. Onların bəslənməsi, baytarlıq-sanitariya qaydalarına əməl edilməsi və optimal şəraitdə saxlanılması diqqət mərkəzindədir. Təxminən, 45 gün ərzində cücələr lazımi çəkiyə çataraq kəsimə hazır olurlar. Yetişdirmə prosesi başa çatdıqdan sonra kəsim, paketləmə, dondurulma və soyuducu anbarlara yerləşdirilmə mərhələləri də məhz burada gigiyenik normalara tam uyğun şəkildə həyata keçirilir. Beləliklə, məhsulun yetişdirilməsindən hazırlanmasına, saxlanılmasına və satışa göndərilməsinə qədər bütün proses vahid zəncir şəklində müəssisəmizdə təşkil olunur ki, bu da həm keyfiyyətə nəzarəti asanlaşdırır, həm də məhsulun təzəliyini qoruyur”.

Müəssisənin istehsal imkanlarının genişləndirilməsi gələcək fəaliyyət istiqamətlərinin əsasında dayanır. Mübariz Mustafayev qeyd edib ki, əvvəllər müəssisədə həyata keçirilən yumurta istehsalının yenidən bərpa edilməsi, eləcə də yem istehsalının təşkili planlaşdırılır: “Əvvəllər müəssisəmizdə yumurta istehsalı da olub və bu sahədə müəyyən təcrübəmiz var. Gələcəkdə həmin istiqaməti müasir tələblərə uyğun şəkildə yenidən bərpa etməyi düşünürük. Bununla yanaşı, quşçuluqda əsas xərc maddələrindən biri olan yem təminatını daxili imkanlar hesabına qarşılamaq üçün yem istehsalını da təşkil etmək planlarımız var. Yem bazasını yaratmaqla həm maya dəyərini optimallaşdırmağı, həm də məhsuldarlığı daha da artırmağı hədəfləyirik. Bu sahədə imkanlarımızı genişləndirmək, istehsal prosesini daha da inkişaf etdirmək və bazara daha çox yerli məhsul çıxarmaq istəyirik”, – deyə müsahibimiz əlavə edib.

Quşçuluq təsərrüfatlarının istehsal və emal imkanlarının genişləndirilməsi, yerli məhsulların bazarda mövqeyinin möhkəmləndirilməsi və yeni istehsal istiqamətlərinin yaradılması aqrar sektorun qarşıdakı illərdə inkişafına, ərzaq təhlükəsizliyinin gücləndirilməsinə və regionlarda məşğulluğun artırılmasına xidmət edən əsas hədəflərdəndir. Naxçıvanda fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının imkanlarının artırılması, istehsal proseslərinin təkmilləşdirilməsi və yerli sahibkarların təşəbbüslərinin dəstəklənməsi həm regionun aqrar potensialının reallaşdırılmasına, həm də əhalinin keyfiyyətli yerli məhsullarla təminatına mühüm töhfə verir. Mövcud təsərrüfatların inkişafı, yeni emal imkanlarının yaradılması və istehsalın davamlılığının təmin edilməsi qarşıdakı dövrdə quşçuluq sektorunun daha da genişlənməsinə, iqtisadi fəallığın yüksəlməsinə və kənd yerlərində yeni iş imkanlarının artırılmasına zəmin yaradacaq.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 29.11.2026 18:00