NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanlı şagirdlərin beynəlxalq uğurları davam edir

...

Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Fatimə Bağırzadə və bir vaxtlar onunla eyni sinifdə təhsil alan Hüseyn Qafarlı qazandıqları uğurlarla diqqət çəkirlər. Hazırda Hüseyn təhsilini başqa məktəbdə davam etdirsə də, onları birləşdirən ortaq yol-karate idmanı və bu sahədə əldə etdikləri nailiyyətlərdir.

Qeyd edək ki, Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə 10-12 aprel 2026-cı il tarixlərdə Sərhədçi İdman Mərkəzində keçirilən “Grand Prix” beynəlxalq karate turniri onların uğur yolunda növbəti mühüm mərhələ olub. 6 ölkədən 700-ə yaxın idmançının qatıldığı turnirdə Naxçıvan Muxtar Respublikasını “Naxçıvan” karate klubunun idmançıları təmsil ediblər. Yarışda Fatimə Bağırzadə xüsusilə fərqlənərək 10-11 yaş kateqoriyasında 44 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edib və qızıl medal qazanıb. 7 ildir, karate ilə məşğul olan gənc idmançı bu uğurun arxasında zəhmət və əzmkarlığın dayandığını vurğulayır: “Son döyüşüm çox gərgin keçdi. Əvvəlcə hesabda geri düşsəm də, mübarizəni sona qədər davam etdirdim və düzgün anda etdiyim bir hərəkətlə qalib gəldim. Bu qələbə mənim üçün çox dəyərlidir”.

Fatimə qeyd edir ki, idmanla yanaşı, dərslərinə də xüsusi diqqət yetirir və qazandığı uğurlar məktəb həyatına müsbət təsir göstərir: “İdman mənə daha məsuliyyətli olmağı öyrədir. Məktəbimdə də uğurlarıma görə dəfələrlə diplomlarla təltif olunmuşam”.

Qafarlı Hüseyn isə karate sahəsində əldə etdiyi uğurlarla seçilən gənc idmançılardandır. O, 4 ildir, bu idman növü ilə məşğul olur və son 2 ildə məşqlərini daha ciddi, peşəkar səviyyədə davam etdirir. Qısa müddət ərzində qazandığı nailiyyətlər onun bu sahəyə böyük marağının və əzmkarlığının göstəricisidir. İndiyədək müxtəlif turnirlərdə iştirak edən Hüseyn, ümumilikdə, 15 medal qazanıb.

Gənc idmançı son yarışını xüsusi qeyd edir. Onun sözlərinə görə, əvvəlki yarışlardan fərqli olaraq bu dəfə özünü daha rahat hiss edib: “Son yarışımda, demək olar ki, həyəcan keçirmədim. Özümə inanırdım və hazırlığımın yaxşı olduğunu bilirdim. Bu inam mənə üstünlük verdi və nəticədə, birinci yerə layiq görülərək qızıl medal qazandım”.

Hüseyn qeyd edir ki, onun üçün hər bir yarış yeni təcrübə və özünü sınamaq imkanıdır. O, gələcəkdə daha böyük yarışlarda iştirak etməyi və ölkəsini layiqincə təmsil etməyi qarşısına məqsəd qoyub.

Gənc idmançılar bildirirlər ki, qarşıda onları daha məsuliyyətli bir yarış gözləyir. Belə ki, onlar 24-26 aprel tarixlərdə İstanbul şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcəklər.

Bu cür uğurlar göstərir ki, məktəblərdə yetişən gənclər yalnız dərslərində deyil, idman sahəsində də yüksək nəticələr əldə edirlər. Bir zamanlar eyni sinifdə təhsil alan Fatimə və Hüseynin nailiyyətləri onların zəhmətinin, əzminin və məqsədyönlü fəaliyyətinin bariz nümunəsidir.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 21.04.2026 15:00