NAXÇIVAN :

25 Sentyabr 2026, Cümə

Nazir: Azərbaycan iqtisadiyyatı dayanıqlı makroiqtisadi təməllər üzərində inkişaf edir

...

Azərbaycan iqtisadiyyatı dayanıqlı makroiqtisadi təməllər üzərində inkişaf edir, iqtisadi artımda qeyri-neft sektorunun aparıcı rolunun təmin olunur.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Beynəlxalq maliyyə əməkdaşlığı: Artım üçün tərəfdaşlıqların qurulması" mövzusunda panel sessiyada deyib.
Nazir bildirib ki, ortamüddətli fiskal siyasətin əsas istiqamətlərindən biri dövlət maliyyəsinin neft gəlirlərindən asılılığının mərhələli şəkildə azaldılmasıdır. Bu çərçivədə dövlət büdcəsi gəlirlərində neft gəlirlərinin payının 2030-cu ilədək 30 faizə qədər azaldılması nəzərdə tutulur.
O, qayda əsaslı fiskal çərçivənin makroiqtisadi sabitliyin əsas dayaqlarından olduğunu vurğulayıb. Qeyd edib ki, qeyri-neft kəsirinin davamlı azaldılması və dövlət borcunun ÜDM-ə nisbətinin ortamüddətli dövrdə dayanıqlı səviyyədə saxlanılması hədəflənir. Eyni zamanda, irihəcmli strateji valyuta ehtiyatları Azərbaycanın xarici şoklara qarşı müqavimət imkanlarını gücləndirir.
S.Babayev bildirib ki, güclü fiskal buferlər və makroiqtisadi sabitlik beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın investisiya səviyyəli suveren kredit reytinqləri almasına da imkan verib. Belə ki, “Fitch Ratings” və “Moody’s” tərəfindən Azərbaycanın suveren kredit reytinqinin yüksək qiymətləndirilməsi ölkənin möhkəm fiskal dayanıqlığını əks etdirir.
Nazir Azərbaycanın uzunmüddətli inkişafında dövlət investisiyalarının roluna da toxunub, bildirilib ki, son 6 ildə işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına 25 milyard manat vəsait ayrılıb və bu vəsait hesabına yol, su, enerji, yaşayış və sosial infrastruktur layihələri icra olunub. Bununla yanaşı, 2021–2026-cı illərdə ölkənin digər ərazilərində infrastrukturun yenilənməsinə yönəlmiş layihələrə 16 milyard manat sərf olunub.

Nəşr edilib : 25.09.2026 18:38