NAXÇIVAN :

25 Sentyabr 2026, Cümə

Pərviz Şahbazov: “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin 2032-ci ildən mərhələli istismarı hədəflənir

...

Ümumi ötürmə gücü 4 giqavat olan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırması layihənin həyata keçirilməsinin mümkünlüyünü təsdiqləyib.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Regional enerji əlaqələri və yaşıl keçid: Çətinliklər və imkanlar” mövzusundakı panel müzakirəsində deyib.
O qeyd edib ki, yekun investisiya qərarının 2029-cu ildə qəbul edilməsi, dəhlizin 2032-ci ildən mərhələli şəkildə istismara verilməsi və 2040-cı ildə tam gücü ilə fəaliyyətə başlaması hədəflənir.
“Azərbaycanı Macarıstanla birləşdirən dəhlizin vahid layihə kimi Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin Onillik Şəbəkə İnkişaf Planının layihəsinə daxil edilib, yaxın günlərdə isə Avropa İttifaqının Qarşılıqlı Maraq Doğuran Layihə statusunun alınması üçün müraciət olunaq. Layihənin reallaşdırılması üçün Avropa İttifaqının müvafiq mexanizmləri çərçivəsində qrantların və güzəştli maliyyələşmənin cəlb edilməsi mühüm əhəmiyyət daşıyır”, - deyə nazir bildirib.
P.Şahbazov vurğulayıb ki, layihə enerji sistemləri ilə yanaşı, iqtisadiyyatları və investisiya imkanlarını birləşdirərək regionlararası əməkdaşlığın genişlənməsinə, Avropanın enerji təchizatının şaxələndirilməsinə və təmiz enerji keçidinə töhfə verəcək.

Nəşr edilib : 25.09.2026 18:37