NAXÇIVAN :

07 Sentyabr 2026, Bazar ertəsi

Nazir müavini: Azərbaycan transsərhəd yaşıl enerji ticarəti üçün regional sertifikatlaşdırma mexanizmi təklif edir

...

Azərbaycan transsərhəd bərpaolunan elektrik enerjisi ticarətinin inkişafı üçün milli sertifikatlaşdırma sistemlərinin uyğunlaşdırılmasını və qarşılıqlı tanınmasını təmin edən regional mexanizmin yaradılmasını təklif edir.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Energetika nazirinin müavini Orxan Zeynalov “Sərhədlərarası Bərpaolunan Enerji Sertifikatları sistemi regional inteqrasiya üçün” mövzusunda panel sessiyada deyib.

Orxan Zeynalov bildirib ki, yaşıl enerji dəhlizlərinin inkişafı ilə yanaşı, elektrik enerjisinin bərpaolunan mənbələrdən əldə olunduğunu təsdiqləyən etibarlı və şəffaf sertifikatlaşdırma sistemi də vacibdir.

“Yaşıl dəhlizlər fiziki bağlantıları yaradırsa, sertifikatlaşdırma sistemləri transsərhəd bərpaolunan elektrik enerjisinin səmərəli fəaliyyət göstərməsinə imkan verən etimadın əsasını formalaşdırır”, - deyə nazir müavini bildirilib.

O.Zeynalov qeyd edib ki, Azərbaycan artıq bərpaolunan elektrik enerjisinin mənşəyinin sənədləşdirilməsi və izlənməsi üzrə milli mexanizm yaradıb. Növbəti mərhələdə milli sertifikatlaşdırma sistemləri arasında uyğunluq və qarşılıqlı tanınmanın təmin edilməsi nəzərdə tutulur.

“Biz hesab edirik ki, transsərhəd bərpaolunan enerji sertifikatlaşdırılması məsələsi üzrə strukturlaşdırılmış regional dialoqa başlamağın vaxtı çatıb”, - deyə o qeyd edib.

Təklifə əsasən, regional platforma hökumətləri, tənzimləyici qurumları, ötürmə sistem operatorlarını, investorları, beynəlxalq maliyyə institutlarını və digər bazar iştirakçılarını bir araya gətirə bilər. Məqsəd ümumi prinsiplərin müəyyənləşdirilməsi və sertifikatların qarşılıqlı tanınması üçün praktiki mexanizmlərin hazırlanmasıdır.

Nəşr edilib : 07.09.2026 17:52