Naxçıvan Dövlət Universitetində Bilik Günü qeyd ol...
17:10 15.09.2026
0
0
0
15 sentyabr – Bilik Günü və 2026-2027-ci tədris ilinin başlanması münasibətilə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə NDU-nun rektoru Elbrus İsayev, Beynəlxalq Kembric Məktəbinin və Gimnaziyanın rəhbərliyi, müəllimlər, valideynlər, şagirdlər və qonaqlar iştirak ediblər.
Rektor Elbrus İsayev şagirdləri, müəllimləri və valideynləri yeni tədris ili münasibətilə təbrik edib. Bildirib ki, Beynəlxalq Kembric Məktəbi və Gimnaziyada müasir təhsil yanaşmalarının tətbiqi, keyfiyyətli tədris mühitinin yaradılması, şagirdlərin akademik bilikləri ilə yanaşı, müstəqil düşünmə, yaradıcılıq, ünsiyyət və liderlik bacarıqlarının inkişafı əsas prioritetlərdəndir.
Tədbirdə Gimnaziyaya marağın ildən-ilə artdığı qeyd olunub. Bildirilib ki, 2026-2027-ci tədris ili üçün VI sinfə qəbul imtahanında 526 namizəd iştirak edib və nəticələrə əsasən 60 şagird Gimnaziyada təhsil almaq hüququ qazanıb.
NDU nəzdində Beynəlxalq Kembric Məktəbində də yeni tədris ilinə qəbul göstəriciləri ilə başlanılıb. Məktəbin I sinfinə 21 şagird qəbul olunub. VI sinfə qəbul imtahanında iştirak edən 90 namizəddən 41-i uğurlu nəticə göstərərək məktəbdə təhsil almaq hüququ əldə edib.
Şagirdlər adından çıxış edən Ziyafət Zamanlı və Firuzə Hüseynəliyeva yeni tədris ili ilə bağlı təəssürat və arzularını bölüşüblər.
Sonda yeni tədris ilinin ilk zəngi çalınıb və NDU-nun Beynəlxalq Məktəbində 2026-2027-ci tədris ilinə rəsmi start verilib.
Digər xəbərlər