NAXÇIVAN :

15 Sentyabr 2026, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində Bilik Günü qeyd olunub

...

Naxçıvan Dövlət Universitetinin Konqres Mərkəzində 15 sentyabr – Bilik Günü münasibətilə tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə universitetin dünəni, bu günü və sabahını əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev professor-müəllim və tələbə heyətini yeni tədris ili münasibətilə təbrik edib, universitet həyatına yeni başlayan gənclərə uğurlar arzulayıb.
Rektor NDU-da yaradılan beynəlxalq mübadilə proqramları, yay stajları, müasir laboratoriyalar, rəqəmsal tədris imkanları və kitabxana resurslarından tələbələrin fəal yararlanmasının vacibliyini vurğulayıb. O, tələbə qəbulunda keyfiyyət göstəricilərinin yüksəldiyini qeyd edərək bildirib ki, 600-700 intervalında bal toplayaraq NDU-ya qəbul olunan tələbələrin sayı 2024-2025-ci tədris ilində 41 nəfər olduğu halda, 2026-2027-ci tədris ilində 166 nəfərə çatıb.
Rektor, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NDU-da yeni yataqxana kompleksinin tikintisi ilə bağlı imzaladığı Sərəncamın tələbələrin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına və universitetin infrastruktur imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcəyini bildirib.
643 balla Hüquqşünaslıq (tədris ingilis dilində) ixtisasına qəbul olunan Solmaz Ələkbərli tələbə adını qazanmağın sevincini bölüşüb və NDU-da təhsil almaqdan məmnunluğunu ifadə edib. 623 balla universitetə qəbul olan Tağıyeva Xanımın valideyni Suvrə Rzayeva isə yüksək nəticə göstərən tələbələri təbrik edərək onlara uğurlar arzulayıb.
Daha sonra 2026-2027-ci tədris ilində 600-dən yuxarı bal toplayaraq NDU-nu seçən tələbələrə hədiyyələr təqdim olunub.
Tədbirin bədii hissəsində NDU İncəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında musiqi proqramı təqdim olunub.
Sonda xatirə fotosu çəkdirilib.

Nəşr edilib : 15.09.2026 17:10