NAXÇIVAN :

13 Fevral 2026, Cümə

NMİ-də Prezident İlham Əliyevin müsahibəsindən irəli gələn vəzifələrə dair tədbir keçirilib

...

Naxçıvan Müəllimlər İnstitutunda Prezident İlham Əliyevin 5 yanvar 2026-cı il tarixli müsahibəsindən irəli gələn vəzifələrə dair tədbir keçirilib. Tədbirdə institut rəhbərliyi, professor‑müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi yad edilib, ardınca Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun rektor vəzifələrini icra edən, dosent Elşən Məmmədov Prezident İlham Əliyevin müsahibəsinin ölkənin gələcək inkişaf istiqamətlərini aydın şəkildə müəyyən etdiyini bildirib. O vurğulayıb ki, müsahibədən irəli gələn vəzifələr ali təhsil müəssisələrinin fəaliyyətində əsas istiqamətverici amil kimi qəbul edilməli, tədris, elmi fəaliyyət və ictimai-mənəvi mühitdə dövlət siyasətinə uyğun şəkildə ardıcıl icra olunmalıdır. Elşən Məmmədov institutun əməkdaşlarına və tələbələrinə cənab Prezidentin müshibəsi ilə yaxından tanış olmağı tövsiyə edərək bildirib ki, Naxçıvan Müəllimlər İnstitutu Prezidentin müəyyən etdiyi strateji xəttə uyğun olaraq kadr hazırlığı, maarifləndirmə və ictimai məsuliyyət sahələrində üzərinə düşən vəzifələri sistemli və məqsədyönlü şəkildə yerinə yetirəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Azad Novruzov Prezident İlham Əliyevin müsahibəsində ölkənin sosial-iqtisadi inkişaf istiqamətləri, regional mövqeyi və qarşıdakı dövr üçün prioritet hədəflər aydın şəkildə ifadə olunub.
Azad Novruzov bildirib ki, Prezidentin səsləndirdiyi fikirlər yalnız ötən ilin yekunlarının təqdimatı deyil, eyni zamanda dövlət idarəçiliyi və siyasətində ardıcıllığın təmin olunması baxımından konkret vəzifələr müəyyən edir. O vurğulayıb ki, bu vəzifələr hər bir dövlət strukturu və cəmiyyətin müxtəlif sahələri üçün rəhbər prinsip olmalıdır.
Daha sonra Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi, doktorant Aygül Məmmədova çıxış edərək Prezident İlham Əliyevin 5 yanvar 2026-cı il müsahibəsində informasiya təhlükəsizliyi, medianın rolu və ictimai rəyin formalaşdırılması ilə bağlı səsləndirdiyi strateji mesajları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
O bildirib ki, müsahibə həm ötən ilin yekunlarını, həm də qarşıdakı ilin prioritetlərini əhatə etməklə medianın milli maraqların qorunmasında, obyektiv və balanslı informasiya təqdimatında mühüm rol oynadığını bir daha təsdiqləyir. Aygül Məmmədova vurğulayıb ki, müasir informasiya məkanında hər bir media nümayəndəsi və təhsil müəssisəsi əməkdaşı ictimai rəyin düzgün formalaşmasına dəstək verərək dövlətimizin strateji kommunikasiya siyasətinə töhfə verməlidir.
Tədbir çərçivəsində Tələbə Gənclər Təşkilatının sədri Altay Cəfərli çıxış edərək Prezident İlham Əliyevin 5 yanvar 2026-cı il müsahibəsində gənclərin milli inkişaf və dövlət quruculuğundakı roluna dair səsləndirdiyi fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
O bildirib ki, müsahibədə gənclərin təhsildə, elmdə, mədəniyyət və ictimai fəaliyyətlərdə fəal iştirakı ilə bağlı çağırışlar Prezidentin strateji baxışının mühüm tərkib hissəsidir. Altay Cəfərli vurğulayıb ki, gənclər cəmiyyətin inkişafında, milli maraqların qorunmasında və dövlət siyasətinin həyata keçirilməsində üzərinə düşən vəzifələri dərk etməli, fəal və məsuliyyətli olmalıdır.
O əlavə edib ki, tələbə gənclər Prezidentin müəyyən etdiyi strateji xəttə uyğun olaraq milli və mənəvi dəyərlərə sadiq qalmalı, ictimai fəallıq və yaradıcılıqla ölkənin inkişafına töhfə verməlidirlər.

Nəşr edilib : 09.01.2026 18:13