27 sentyabr – Anım Günü ilə əlaqədar Naxçıvan Muxt...
14:44 27.09.2026
0
0
0
NAXÇIVAN :
27 Sentyabr 2026, Bazar
Bir səhər Azərbaycan yeni xəbərlərə kökləndi. Daha doğrusu, uzun müddətdir, gözlədiyi, intizarında olduğu bir xəbərə. Evlərdə televizorlar açıldı, telefonlar əllərdə qaldı, anaların duaları cəbhəyə yollandı. Heç kim qarşıdakı 44 günün həyatımızda nə qədər böyük iz buraxacağını bilmirdi. Bildiyimiz yalnız bir şey vardı, torpaq çağırırdı və onun səsinə cavab verən oğullar vardı.
Anaların, nənə-babaların duası ilə qorunan əsgərlər vardı. Qarşılarında bir məqsəd dayanırdı – işğal altında olan torpaqlarımızı azad etmək. Onlarla birlikdə evlərində gecələri yuxusuz keçirən, telefon səsinə diksinən, hər zəngdə həm təlaşı, həm də ümidi bir arada yaşayan ailələr vardı. Amma o günlərdə heç kimin eşitmək istəmədiyi xəbərlər də gəlirdi: “Şəhidin var, Azərbaycan!”
Bu cümlə televiziya ekranından evlərə yayıldıqca bir anlıq hər şey susurdu. Ömründə bircə dəfə də olsun görmədiyin, adını yalnız xəbərlərdə eşitdiyin bir Azərbaycan əsgərinin şəhid olması xəbəri gözləri yaşla doldururdu. Çünki o əsgər bir ananın oğlu, bir atanın övladı, bir bacının qardaşı, bir uşağın atası idi. O, Vətən yolunda addımlayan və bu yolun ən ağır yükünü çiyinlərində daşıyan oğullardan biri idi.
Bir xəbərdə illərin həsrətinə son qoyan azadlıq müjdəsi eşidilir, başqa bir xəbərdə isə Azərbaycan əsgərinin son dəfə doğma evinə qayıtdığı deyilirdi. Sevinc və kədər bir-birindən ayrılmırdı. Hər qələbə xəbərinin arxasında bir ailənin gözyaşı, hər şəhid xəbərinin arxasında isə Vətən üçün edilmiş böyük bir fədakarlıq vardı.
Bəlkə də, o 44 gün ərzində hər evin öz cəbhəsi vardı. Cəbhədə əsgər torpaq uğrunda addımlayırdısa, evdə ana duaları ilə, ata səssiz gözləntisi ilə, övlad isə atasının yolunu gözləyərək həmin mübarizənin bir parçasına çevrilirdi. Hər kəsin öz payına düşən bir intizarı, içində saxladığı bir qorxusu vardı. Amma bütün bu qorxuların üstündə bir inam dayanırdı – torpaqlarımızın yenidən azad günlərinə qovuşacağına inam.
Günlər keçdikcə ekranlardan gələn xəbərlər də dəyişməyə başladı. Bir vaxtlar “Şəhidin var, Azərbaycan!” cümləsi ilə susan evlər bu dəfə “Şuşa, sən azadsan!” xəbəri ilə ayağa qalxırdı. Ardınca “Qarabağ azaddır!” müjdəsi gəldi. Hər azad olunan kənd, hər şəhər, hər yüksəklik illərlə ürəklərdə daşınan həsrətin bir parçasını geri qaytarırdı.
Bu günü yaddaşımızda yaşadan da məhz budur. Bu tarix yalnız 44 günlük müharibənin başladığı gün deyil. Bu tarix Vətən uğrunda yolundan dönməyənlərin, övladının səsini son dəfə eşidən anaların, qapıda oğlunu gözləyən ataların, gecələr əllərini duaya açan nənələrin yaddaşında yaşayan gündür.
Ona görə 27 sentyabr gələndə Azərbaycan bir anlıq susur. Xatırlayır. Keçmişi yenidən göz önünə gətirir. Və Vətən yolunda canından keçənlərin qarşısında minnətdarlıqla baş əyir.
Zəhra VƏLİYEVA
Digər xəbərlər