Ağ işıq
16:36 27.09.2026
0
0
0
NAXÇIVAN :
27 Sentyabr 2026, Bazar
Dünya iqtisadiyyatının qaydalarının yenidən yazıldığı, enerji bazarlarından nəqliyyat marşrutlarınadək qlobal sistemlərin yeni reallıqlara uyğunlaşdığı bir dövrdə ölkələrin gələcək mövqeyi yalnız malik olduqları resurslarla deyil, həmin resursları necə dəyərə çevirdikləri ilə müəyyənləşir. Bu mənada, Azərbaycan üçün qarşıdakı mərhələ yeni iqtisadi imkanların formalaşdığı mühüm bir dönəmdir. Sentyabrın 25-26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da ölkənin bu yeni mərhələdə qarşıya qoyduğu hədəfləri və malik olduğu imkanları daha aydın şəkildə ortaya qoydu.
Forumda səslənən fikirlərin mahiyyətinə diqqət yetirdikdə Azərbaycanın artıq yalnız enerji resursları ilə tanınan ölkə olmaqdan daha geniş iqtisadi modelə keçid mərhələsində olduğu görünür. Burada söhbət bir-birindən ayrı layihələrdən deyil, enerji, nəqliyyat, rəqəmsal texnologiyalar, mədənçilik və insan kapitalını vahid iqtisadi sistemdə birləşdirən yeni yanaşmadan gedir.
Son 20 ildən artıq dövrdə formalaşdırılan iqtisadi baza bu dəyişimin əsas dayağıdır. İnfrastrukturun yenilənməsi, maliyyə imkanlarının genişlənməsi, enerji sektorunda beynəlxalq tərəfdaşlığın qurulması və qeyri-neft iqtisadiyyatının böyüməsi Azərbaycanın yeni mərhələyə daha hazırlıqlı daxil olmasına imkan verib. Qarşıda duran əsas məsələ isə həmin bazanın daha yüksək əlavə dəyər yaradan sahələrə transformasiya edilməsidir. Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə moderatorun suallarına cavabında dövlətimizin başçısı bu məqamı xüsusi vurğuladı: “Biz iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən bir çox aparıcı beynəlxalq şirkətin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi faktını əldə rəhbər tutmalıyıq. Əlverişli investisiya mühiti sayəsində biz son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb etmişik. Bunun yarısı birbaşa xarici investisiyalardır”. Bu fikir və rəqəm Azərbaycanın investisiya siyasətinin yalnız kapital cəlb etməkdən ibarət olmadığını, uzunmüddətli tərəfdaşlıq və etimadın əsas şərtlərdən biri kimi qəbul edildiyini göstərir.
Xatırlatmaq yerinə düşər ki, 2025-ci ildə keçirilən ilk Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 1000-dən çox iştirakçı bir araya gəlib, nəticədə, ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanıb. Həmin məbləğin 7 milyard ABŞ dollarından çoxu qeyri-neft sektoruna aid olub. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda isə dünyanın ən böyük investisiya menecerlərindən bəzilərinin iştirakı ilə infrastruktur və texnologiyadan enerji və nəqliyyatadək müxtəlif sahələri əhatə edən, ümumi dəyəri təxminən 11 milyard dollar (9,7 milyard avro) olan 26 müqavilə imzalanıb. Süni intellekt, enerji, istehsal və sənaye daxil olmaqla müxtəlif istiqamətləri əhatə edən bu müqavilələr Azərbaycanın investisiya gündəliyinin şaxələndiyini və yeni iqtisadi sahələr üzrə tərəfdaşlıqların genişləndiyini göstərir.
İnvestisiya mühitinin mühüm komponenti isə sabitlik və proqnozlaşdırıla bilənlikdir. Prezident İlham Əliyevin forumda moderatorun sualına cavab olaraq qeyd etdiyi kimi, Azərbaycanın son 30 ildən artıq müddətdə keçdiyi mürəkkəb inkişaf yolu, bu gün formalaşmış siyasi və iqtisadi sabitlik, dövlət borcunun ÜDM-ə nisbətinin 20 faiz, xarici borcun isə 5,6 faiz təşkil etməsi, valyuta ehtiyatlarının xarici borcu, təxminən, 20 dəfə üstələməsi, manatın 2017-ci ilin aprelindən ABŞ dollarına nisbətdə 1,7 manat səviyyəsində sabit qalması və uzunmüddətli müqavilələrə sadiqlik ölkənin investorlar üçün etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirən əsas amillər sırasında yer alır.
Enerjidən yeni texnoloji imkanlara
Transformasiyanın ən mühüm istiqamətlərindən biri enerjidir. Azərbaycanın enerji siyasətində balanslı və uzunmüddətli strateji xətt dayanır: bir tərəfdən neft və qaz ölkə iqtisadiyyatında uzun müddət aparıcı mövqeyini qoruyacaq, digər tərəfdən isə gələcəyin enerji sisteminin əsas elementləri olan Günəş və külək enerjisi, elektrik ixracı, enerjiötürücü xətlər və enerjisaxlanc texnologiyaları sürətlə inkişaf etdirilir. Bu, sadəcə, enerji mənbələrinin dəyişdirilməsi deyil. Əslində, Azərbaycanın malik olduğu enerji üstünlüyünün yeni iqtisadi imkanlara çevrilməsi prosesidir. Artıq söhbət yalnız neft və qaz ixrac etməkdən yox, elektrik enerjisi istehsal etmək, onu müxtəlif bazarlara çatdırmaq, həmin enerjinin hesabına data mərkəzləri və yeni texnoloji istehsal sahələri yaratmaqdan gedir. Xüsusilə süni intellekt və data mərkəzləri ilə bağlı qlobal tələbatın sürətlə artması enerji ilə rəqəmsal iqtisadiyyat arasında yeni əlaqə yaradır. Böyük həcmdə elektrik enerjisi tələb edən rəqəmsal infrastruktur üçün etibarlı və rəqabətqabiliyyətli enerji mənbəyi əsas şərtlərdən biridir. Azərbaycanın coğrafi mövqeyi, enerji potensialı və formalaşdırdığı infrastruktur bu istiqamətdə yeni investisiya imkanları yarada bilər.
Azərbaycanın bərpa olunan enerji potensialının miqyası da diqqətçəkəndir. Prezident İlham Əliyevin forumda qeyd etdiyi kimi, təkcə Xəzər dənizinin Azərbaycan sektorunda bu potensial 157 giqavat təşkil edir. Bundan əlavə, quruda Günəş və külək elektrik stansiyaları artıq fəaliyyətdədir. Beləliklə, hədəf elektrik enerjisi istehsal etmək üçün təbii qaz istehlakını minimuma endirmək və həmin ehtiyatdan ixrac məqsədilə istifadə etməkdir. Eyni zamanda qarşıdakı beş il ərzində ölkənin hər yerində bərpa olunan enerji layihələri olacaq. Bu yanaşma enerji keçidinin yalnız ayrı-ayrı layihələrlə məhdudlaşmadığını, ölkənin enerji sisteminin daha geniş miqyasda yenilənməsinin hədəfləndiyini göstərir.
Azərbaycanın tranzit xəritəsində yeni mərhələ
Nəqliyyat və logistika da Azərbaycanın yeni iqtisadi xəritəsinin əsas dayaqlarından birinə çevrilir. Son illərdə həyata keçirilən dəmir yolu, avtomobil, hava və dəniz nəqliyyatı layihələri ölkənin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərindəki mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Lakin əlverişli coğrafi mövqenin özü tranzit üstünlüyünü təmin etmir. Bu üstünlüyün davamlı iqtisadi nəticəyə çevrilməsi üçün yollar, limanlar, dəmir yolları, gömrük prosedurları, rəqəmsal idarəetmə və regional əməkdaşlıq mexanizmləri vahid sistem kimi işləməlidir. Azərbaycanın son illərdə nəqliyyat siyasətində diqqət çəkən əsas məqam da məhz bu kompleks yanaşmadır.
Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan üçün əsas məsələ artıq tranzit marşrutunun mövcudluğu deyil, həmin marşrutun rəqabətqabiliyyətinin qorunmasıdır. Yüklərin daha sürətli, daha şəffaf və daha az xərclə daşınması ölkənin tranzit potensialının real gəlir mənbəyinə çevrilməsinin əsas şərtlərindəndir. Bu baxımdan, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsi də təsadüfi deyil. Xəzər üzərindən nəqliyyat və enerji bağlantılarının inkişaf etdirilməsi Azərbaycanın iqtisadi və nəqliyyat baxımından daha geniş Avrasiya məkanında rolunu artırır.
Enerji və logistikanın kəsişdiyi növbəti istiqamət isə elektrik bağlantılarıdır. Mərkəzi Asiyanın Azərbaycan və Avropa ilə enerji əlaqələrinin gücləndirilməsinə yönələn layihələr Azərbaycanın yalnız enerji istehsalçısı deyil, həm də enerji dəhlizi rolunu genişləndirə biləcəyini göstərir. Qara dənizdən keçəcək elektrik kabeli layihəsi də bu baxımdan ayrıca əhəmiyyət daşıyır. Beləliklə, Azərbaycanın enerji xəritəsi tədricən boru kəmərləri ilə məhdudlaşan modeldən elektrik şəbəkələri, sualtı kabellər və rəqəmsal bağlantıları da əhatə edən daha geniş sistemə çevrilir. Bu dəyişiklik ölkənin enerji bazarında rolunu da yenidən müəyyənləşdirə bilər.
Yeni iqtisadi xəritənin digər mühüm elementi mədənçilikdir. Azərbaycanın zəngin mineral xammal potensialının öyrənilməsi və iqtisadi dövriyyəyə cəlb olunması qarşıdakı illərdə yeni sənaye sahələrinin formalaşmasına imkan yarada bilər. Bu istiqamətdə mühüm addımlardan biri bu il sentyabrın 23-də “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsidir. Proqram mineral xammal bazasının genişləndirilməsi, mövcud istehsal güclərinin artırılması və xammaldan son məhsuladək dəyər zəncirinin ölkə daxilində formalaşdırılmasını nəzərdə tutur. Burada əsas məsələ yalnız yataqların mövcudluğu deyil, onların müasir texnologiyalar əsasında işlənilməsi, emal zəncirinin yaradılması və xammaldan daha yüksək əlavə dəyərin əldə olunmasıdır. Bu yanaşma Azərbaycanın iqtisadi diversifikasiyası baxımından xüsusilə əhəmiyyətlidir. Çünki real şaxələndirmə yalnız müxtəlif məhsulların ixrac edilməsi deyil, iqtisadiyyatın yeni istehsal və emal zəncirləri yaratmaq qabiliyyətinin artırılması deməkdir.
Eyni yanaşmanı kənd təsərrüfatında da görmək mümkündür. Qlobal iqlim dəyişiklikləri, su ehtiyatlarına artan təzyiq və təchizat zəncirlərindəki risklər ərzaq təhlükəsizliyini artıq yalnız kənd təsərrüfatı məsələsi kimi deyil, iqtisadi təhlükəsizlik məsələsi kimi gündəmə gətirir. Bu səbəbdən aqrar sahəyə investisiya, su resurslarının səmərəli idarə olunması və məhsuldarlığın artırılması gələcək iqtisadi siyasətin vacib istiqamətlərindən biri olaraq qalır.
Bütün bu sahələri birləşdirən əsas məsələ isə insan kapitalıdır. Enerji infrastrukturu qurmaq, logistika sistemlərini rəqəmsallaşdırmaq və süni intellekt texnologiyalarını tətbiq etmək mümkündür. Lakin həmin sistemləri idarə edəcək ixtisaslı kadrlar olmadan investisiyanın davamlı iqtisadi nəticəyə çevrilməsi çətinləşir. Məhz buna görə Azərbaycanın qarşıdakı mərhələdə xarici kapitaldan əlavə texnologiya, idarəetmə təcrübəsi və yeni biliklərin cəlb edilməsinə ehtiyacı artır. Xarici investorun ölkəyə gətirdiyi əsas dəyər yalnız maliyyə vəsaiti deyil, həm də beynəlxalq təcrübə və yeni biznes mədəniyyətidir.
Beləliklə, qarşıdakı dövrdə Azərbaycanın əsas vəzifələrindən biri yaradılmış siyasi və iqtisadi sabitliyi yeni iqtisadi sahələrdə davamlı investisiya axınına çevirməkdir. Bunun üçün enerji və nəqliyyat üstünlükləri ilə yanaşı, hüquqi və iqtisadi mühitin proqnozlaşdırıla bilməsi, kadr potensialının artırılması və texnoloji imkanların genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyəti də məhz bu aspektdən üzə çıxır. Forum, sadəcə, investisiya imkanlarının təqdim olunduğu platforma deyil, Azərbaycanın öz iqtisadi modelini hansı istiqamətdə yeniləmək istədiyini nümayiş etdirən mühüm müzakirə meydanıdır. Forumun builki proqramında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiya kimi istiqamətlər yer alıb.
Bu gün Azərbaycanın qarşısında dayanan əsas məsələ artıq malik olduğu üstünlükləri, sadəcə, qorumaq deyil, onları yeni iqtisadi dəyərə çevirməkdir. Enerji resursları, strateji coğrafi mövqe, nəqliyyat dəhlizləri, rəqəmsal imkanlar, mineral ehtiyatlar və insan kapitalı bir-birindən ayrı potensiallar deyil, vahid iqtisadi inkişaf zəncirinin halqalarıdır. Bu halqaların nə dərəcədə səmərəli birləşdirilməsi Azərbaycanın qarşıdakı onilliklərdə regional və qlobal iqtisadi xəritədə mövqeyini müəyyənləşdirəcək. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu isə ortaya çıxan bu yeni mənzərəni bir daha nümayiş etdirdi: Azərbaycanın gələcəyinin əsas kapitalı təkcə yerin altındakı sərvətlərdə deyil, həmin sərvətləri, coğrafiyanı, texnologiyanı və insan potensialını yeni imkanlara çevirə bilmək gücündədir.
Nail ƏSGƏROV
Digər xəbərlər