NAXÇIVAN :

13 Noyabr 2026, Cümə

Azərbaycan səfiri FAO yanında daimi nümayəndə kimi etimadnaməsini təqdim edib

...

Noyabrın 12-də ölkəmizin İtaliyadakı səfiri Elçin Hüseynli Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yanında Azərbaycanın daimi nümayəndəsi təyin olunması ilə əlaqədar etimadnamə məktubunu təşkilatın Roma şəhərində yerləşən mənzil-qərargahında FAO-nun Baş direktoru Qu Donqyuya təqdim edib.
"Şərq qapısı" xəbər verir ki, təqdimetmə mərasimindən sonra keçirilən görüşdə Azərbaycan ilə FAO arasında 1995-ci ildə başlayan əməkdaşlığın hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparılıb, ölkəmizin təşkilatın işinə və beynəlxalq inkişaf siyasəti çərçivəsində kənd yerlərinin inkişafı sahəsində digər ölkələrə ikitərəfli əsasda töhfələr verdiyi diqqətə çatdırılıb.
Qarşıdakı dövr üçün FAO ilə birgə fəaliyyətlərin kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində Azərbaycanın prioritetlərinə uyğun planlaşdırılmasının vacibliyi vurğulanıb.
Azərbaycanın 2024-cü ildə uğurla ev sahibliyi etdiyi COP29 çərçivəsində FAO-nun Baş direktorunun ölkəmizə səfəri xatırladılıb, Azərbaycan Sədrliyi və FAO arasında tərəfdaşlıq çərçivəsində “Bakı Harmoniya – Fermerlər üçün İqlim Təşəbbüsü”nün icrasına başlanıldığı bildirilib.
Həmçinin 2026-cı ildə Ümumdünya Ərzaq Forumu çərçivəsində FAO tərəfindən təsis edilmiş “Aqroərzaq sistemləri və kənd yerlərinin inkişafı sahəsində 100 Qadın Qəhrəman” mükafatına dünya üzrə layiq görülən şəxslər arasında Azərbaycan nümayəndəsinin də yer aldığı məmnunluqla qeyd edilib.

Nəşr edilib : 13.11.2026 19:21