NAXÇIVAN :

19 Avqust 2026, Çərşənbə

Ölkəmizdə indiyədək şəhid ailələri və müharibə əlillərinə 16 mindən çox mənzil verilib

...

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin, müharibə iştirakçılarının və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən mühüm proqramlardan biri də qeyd olunan kateqoriyalara aid vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Proqram çərçivəsində indiyədək 16 mindən çox mənzil vətəndaşlara təqdim olunub”.
“Şərq qapısı” xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib.
O qeyd edib ki, bu proqramın davamı olaraq Naxçıvanda keçirilən tədbirdə daha 68 mənzil öz sahiblərinə təqdim edilib. Bununla yanaşı, şəhid ailələri və müharibə iştirakçıları üçün müxtəlif sosial dəstək tədbirləri də davam etdirilir. Onların yüksək texnologiyalı protezlərlə və avtomobillərlə təmin olunması, həmçinin reabilitasiya xidmətlərinə cəlb edilməsi istiqamətində işlər aparılır.
"Artıq proqram çərçivəsində 7300-dən çox vətəndaş avtomobillə təmin edilib. Bir daha əmin etmək istərdim ki, nazirlik tərəfindən bu proqramlar bundan sonra da tam və geniş şəkildə həyata keçiriləcək",– deyə nazir müavini əlavə edib.

Nəşr edilib : 19.08.2026 17:56