NAXÇIVAN :

06 Noyabr 2026, Cümə

Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb

...

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb.

"Şərq qapısı" xəbər verir ki, bəyanatda 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixi yaddaşında milli birliyin, həmrəyliyin və Vətənə sədaqətin təcəssümü kimi xüsusi yer tutduğu bildirilib. Qeyd olunub ki, bu əlamətdar gün xalqımızın öz dövlətçiliyinə, dəyərlərinə və ərazi bütövlüyünə bağlılığını nümayiş etdirən, gələcək nəsillər üçün mühüm tarixi və mənəvi əhəmiyyət daşıyan qürur mənbəyidir.

Bəyanatda bildirilib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində hərbi əməliyyatlara başlaması nəticəsində mülki əhalinin həyatı və təhlükəsizliyi üçün ciddi təhdidlər yaranıb, yaşayış məntəqələri, mülki infrastruktur və sosial obyektlər zərər görüb. Azərbaycan Respublikası beynəlxalq hüquqla təsbit olunmuş özünümüdafiə hüququndan istifadə edərək ərazilərinin işğaldan azad olunması və əhalisinin təhlükəsizliyinin təmin olunması istiqamətində əks-hücum əməliyyatları həyata keçirib.

Vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyi nəticəsində 44 gün davam edən Vətən müharibəsi tarixi Zəfərlə başa çatıb, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticələr əldə edilib.

Qeyd olunub ki, bu Qələbə ədalətin təcəssümü ilə bərabər, keçmiş məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası, mülki əhalinin həyat və təhlükəsizliyinin təmini, uzun illər müddəaları yerinə yetirilməyən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası baxımından mühüm nəticələr doğurub.

Bəyanatda postmüharibə dövründə sülh və əmin-amanlıq üçün təhlükə yaradan işğalçı və separatçı qüvvələrin təxribatlarının qarşısının alınması ilə bölgədə təhlükəsizliyin təmin edildiyi, 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatından sonra ölkəmizin suverenliyinin tam təmin olunması ilə dövlətçilik tariximizin yeni mərhələsinin başlandığı diqqətə çatdırılıb.

Həmçinin bildirilib ki, ötən ilin avqustunda ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda görüşü zamanı “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması regionda sülh gündəliyinin irəli aparılması, qonşuluq münasibətlərinin formalaşdırılması və xalqların dinc yaşaması üçün yeni perspektivlər yaradıb.

Səbinə Əliyeva əldə olunmuş müsbət nəticələrə baxmayaraq, müharibə dövründə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının davam etdirilməsi, işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, eləcə də işğal dövründə regionun ekoloji sisteminə, təbii sərvətlərinə, flora və faunasına vurulmuş ağır ziyan nəticəsində baş verən fəsadların aradan qaldırılması kimi mühüm humanitar məsələlərin öz həllini gözlədiyini vurğulayıb.

Ombudsman beynəlxalq təşkilatları, ombudsman və milli insan hüquqları təsisatlarını müharibənin humanitar nəticələrinin aradan qaldırılması, itkin düşmüş şəxslərlə bağlı məsələlərin həllinə dəstək göstərilməsi, mina təhlükəsinə qarşı mübarizə və dayanıqlı sülhün təşviqi istiqamətində səylərini davam etdirməyə çağırıb.

Bəyanatın sonunda Zəfər Gününün altıncı ildönümündə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, ölkəmizə və regionumuza davamlı sülh, təhlükəsizlik, əmin-amanlıq və firavan gələcək arzulanıb.

Bəyanat BMT-nin Baş Katibinə, Təhlükəsizlik Şurasına, İnsan Hüquqları üzrə Ali Komissarına, Qaçqınlar üzrə Ali Komissarına, İnsan Hüquqları Şurasına, UNICEF, UNESCO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların rəhbərlərinə, beynəlxalq və regional ombudsman təsisatlarına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, eləcə də diaspor təşkilatlarımıza göndərilib.

Nəşr edilib : 06.11.2026 11:52