NAXÇIVAN :

27 Iyul 2026, Bazar ertəsi

Ordubadı qanadları altına alan məğrur tarix yadigarı

...

Naxçıvanın qədim torpaqlarında, dağların qoynuna sığınan Ordubadın mərkəzi meydanına daxil olanda zamanın sınaqlarından məğrurcasına çıxmış bir tarix abidəsi ucalır ki, o hər bir kərpici ilə bir xalqın taleyini özündə daşıyır. Bu XVII əsrə aid olan və xalq arasında Şah Abbas məscidi kimi tanınan Ordubad Cümə məscididir. Məscidin xarici görünüşü uzaqdan insanı öz əzəməti ilə valeh edir. O, şəhərin ən hündür nöqtəsində qərar tutaraq sanki əsrlərdir, bütün Ordubadı öz qanadları altına alıb qoruyur. Naxçıvan-Marağa memarlıq məktəbinin bütün incəliklərini özündə cəmləşdirən bu bina öz memarlıq görkəmini bu günə qədər qoruyub saxlaya bilmişdir. Qapısının üzərində yerləşən və I Şah Abbasın fərmanının həkk olunduğu o tarixi daş lövhə bu uca binanın ruhun sığınacağı olması ilə yanaşı, həm də sarsılmaz bir dövlətçilik imzası daşıdığını göstərir. Bu əzəmətli abidənin girişini bəzəyən həmin yazı tarixin dərinliklərindən süzülüb gələrək məscidin həm mənəvi, həm də siyasi bir mərkəz olduğunu göstərir.
Lakin Cümə məscidinin ən böyük sirri onun yaşındadır. Məscidin ilk təməlinin nə zaman qoyulduğuna dair aşkar bir inşaat kitabəsi olmasa da, bu sükut abidənin əzəmətini daha da sirli edir. Lakin abidəni memarlıq dili ilə oxuyan akademik Ə.Salamzadə və sənətşünaslıq doktoru K.Məmmədzadə kimi ustadların nəzərində bu mənzərə tamam başqa cür canlanıb. Onların elmi qənaətinə görə, bu gün qarşımızda ucalan, zəngin inşaat ənənələrinin süzgəcindən keçmiş o möhtəşəm zahiri sima, böyük ehtimalla, XVII yüzilliyin ilk baharında, Səfəvi memarlığının çiçəkləndiyi bir dövrdə öz son formasını tapıb.
Amma tarixin tozlu səhifələri daha dərin həqiqətləri gizlədir. Belə ki, məscidin inşa tariхi haqqında başqa fikirlər də var.
Seyyid Səbri tərəfindən “Şərq qapısı” qəzetinin 15 sentyabr 1926-cı il tarixli nömrəsində dərc edilən məqalədə qeydə alınan məlumata görə, 1902-ci ildə məscidin təmiri zamanı torpağın altından tapılan bir kərpic kitabə hər kəsi heyrətə salıb. Orada Hicri 111-ci il (Miladi 729-cu il) tarixi və “Harun” sözü yazılı imiş. Əgər bu tariхi məscidin inşa tariхi kimi qəbul etsək, onda onun VIII yüzilliyin əvvəllərində, Naхçıvan ərazisinin İslamlaşdığı ilk vaхtlarda yarandığı fikri ortaya çıхır.Təəssüf ki, Cümə məscidinin, eyni zamanda Ordubad şəhərinin özünün yaranması tariхi haqqında əsaslı və əhəmiyyətli fikir söyləməyə imkan verəcək bu kitabə günümüzə gəlib çatmayıb və aqibəti də məlum deyil. Amma məscidin divarlarındakı 1902-ci ilə aid təmir tarixləri bizə hər bir kərpicin neçə yüzillik yaddaşı olduğunu aşkar edir.
Bərpa edilən bu məscidin çöl divarlarına baxdıqda zamanın sığalını görmək mümkündür. Günəşin şüaları bu qədim kərpiclərin üzərinə düşəndə bina gah qızılı, gah da tünd-qəhvəyi rəngə bürünərək ətrafa fərqli bir hava yayır. Lakin əsl möcüzə insanın addımını məscidin daxilinə atması ilə başlayır. İçəri daxil olanda xarici aləmin bütün səs-küyü bir anda yox olur və insanı dərin bir sükut, mənəvi bir hüzur qarşılayır. Məscidin daxili divarlarındakı həndəsi formalı ornamentlər bir-biri ilə rəqs edir sanki. Bu naxışlar Naxçıvanın ən qədim abidələrindəki rəsmləri xatırladır və bizi XII-XIII əsrlərə qədər uzanan uzaq keçmişə aparır. Hətta digər mənbələri nəzərə aldıqda daxili plan quruluşu və bəzi memarlıq elementləri çox daha qədimlərə gedib çıxır. 
Məscidin içərisindəki o həndəsi naxışlara təkcə bəzək deyib keçmək olmaz, onlar bir xalqın təfəkkürünün, sənətə olan sevgisinin və mənəviyyatının daşlaşmış ifadəsidir. Pəncərələrdən süzülən zəif işıq bu qədim divarların üzərindəki hər bir xətti daha da canlandırır. Bu məkanda dayandıqda insan hiss edir ki, bu divarlar vaxtilə burada dua edən minlərlə insanın, təhsil alan mədrəsə tələbələrinin və hətta Şah Abbasın özünün fərmanını dinləyən ordubadlıların hekayələrini danışırlar. 
Məscidin ətrafındakı meydan vaxtilə şəhərin nəbzi idi. Cənubda ucalan karvansaralar, səs-küylü dükanlar, qərbdəki zorxana və şimal-şərqdəki mədrəsə binaları bu məscidlə birlikdə vahid bir mərkəzi kompleks təşkil edirdi. İndi isə o böyük kompleksdən qalan bu möhtəşəm məscid binası bizim kimliyimizin, tariximizin və sarsılmazlığımızın simvoludur. Bəzən tariximiz təhrif edilsə də, bu daş yaddaşlar həqiqəti hər zaman qoruyub saxlayır. Bu məscid bizə sübut edir ki, biz Oğuz türküyük, bu torpaqlar bizim dədə-baba yurdumuzdur və bizim mədəniyyətimiz bu qədim divarların arasından bütün dünyaya səs salır. Ordubad Cümə məscidinin hər qarışı, hər kərpici bir dastan qədər uzun, bir nəfəs qədər yaxındır. O bizim dünənimiz, bu günümüz və gələcəyimiz arasında qurulmuş ən möhkəm körpüdür.    

Elnurə CƏFƏROVA
 

Nəşr edilib : 26.07.2026 15:40