NAXÇIVAN :

25 Oktyabr 2026, Bazar

Pakistanla insan hüquqları sahəsində əməkdaşlıq genişlənir

...

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Pakistanın Federal Konstitusiya Məhkəməsinin sədri Amin-ud-Din Khanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ombudsman Aparatından  verilən məlumata görə, görüş zamanı müvəkkil ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində aparılan islahatlar barədə geniş məlumat verib.

Ombudsman beynəlxalq təşkilatlarla, xarici ölkələrin milli insan hüquqları təsisatları, o cümlədən Pakistanın federal və regional ombudsman təsisatları ilə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıb.

Qeyd olunub ki, iki ölkənin ombudsman təsisatları arasında səmərəli əməkdaşlıq əlaqələri insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində qabaqcıl təcrübələrin öyrənilməsinə və institusional potensialın gücləndirilməsinə əhəmiyyətli töhfə verir.

Müvəkkil Ombudsman təsisatı ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi arasında insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində əməkdaşlıq münasibətlərinin yaradıldığını və uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanın Ombudsman təsisatı tərəfindən hazırlanmış hesabatlar qonaqlara təqdim edilib.

Nəşr edilib : 22.10.2026 18:10