NAXÇIVAN :

20 May 2025, Çərşənbə axşamı

“Parça-parça sənət” adlı fərdi yaradıcılıq sərgisi keçirilib

...

Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda "Konstitusiya və Suverenlik İli " çərçivəsində əslən Naxçıvandan olan, hazırda Sumqayıtda yaşayan rəssam Sevil Bəşir qızı Mahmudovanın 80 illik yubileyi ərəfəsində orijinal "Parça-parça sənət" adlı fərdi yaradıcılıq sərgisi keçirilib. 
Tədbiri giriş sözü ilə  Azərbaycan Respublikasının Əməkdar rəssamı, millət vəkili Ülviyyə Həmzəyeva açaraq  sərginin orijinallığının mahiyyətindən danışıb. Qeyd edib ki, sənətkar parçalardan öz əsərlərini ərsəyə gətirir və heç bir hazır məhsuldan istifadə etmir. Gül, ağac və ya digər bir obyekti hazır parçadan kəsib, yapışdırmır. Özü, rəngli parçalardan istədiyi gül, çiçəyi, meyvəni düzəldir. Hətta ağ-qara qrafik əsər kimi görünən işlərdə belə hər incə detalı yenə də parçadan kəsib yapışdırır. Bu üslub həvəskar rəssamın öz fərdi üslubudur və mozaika, qurama eləcə də aplikasiyanın fərqli bir unikal formasıdır.
Bildirilib ki, Sevil xanım yaşına baxmadan, yoruldum sözünü demədən işləyir və sənətini sevir. Rəssam deyir: "Parça ilə işləmədiyim gün mənim üçün gün sayılmır". 
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Əməkdar rəssam Həbibə Allahverdiyeva, sənətşünas Nizami Aliyev, rəssam Qəhrəman Tağıyev, Mənsur Əsgərli və başqaları çıxış edərək rəssam Sevil Mahmudovaya uzun və sağlam ömür arzulayaraq onun kimi əzmkar insanların gənclərə stimul olmasından söz açıblar. 
Sonda rəssam Sevil Mahmudova Naxçıvanda fərdi sərgisinin keçirilməsini hər zaman arzu etdiyini bildirib. Bu arzusunun həyata keçməsində  əməyi keçən hər kəsə təşəkkür edib. 
Qeyd edək ki, rəssamın sərgidə “Ulu Öndər Heydər Əliyevin portreti”, “Hüseyn Cavidin türbəsi”, “Şuşa mənzərəsi”, “Natürmort”,  “İçərişəhər”, “Flaminqolar” və başqa 30-a yaxın əsərləri sərgilənir. 

Aidə İBRAHİMOVA

Nəşr edilib : 20.05.2025 09:49