NAXÇIVAN :

16 Noyabr 2026, Bazar ertəsi

Payızın rəngləri ilə bəzənən bir dağ kəndi – Kükü

...

İlk dəfə deyildi, Küküyə səfər edirdim. Bu kəndin dağlarını, bulaqlarını, yamaclara səpələnən yaşıllığını əvvəllər də görmüşdüm. Amma hər fəsil təbiətə başqa bir libas geyindirir, tanıdığın, bildiyin mənzərələri belə gözündə yeniləyir. Kükünü isə bu dəfə payızda seyr edəcəkdim.
Küküçayın vadisində yerləşən kəndə doğru yol alırıq. Avtomobilimiz irəlilədikcə mənzərə də dəyişir. Dağların yamaclarına sarı və qızılı rənglər yayılıb, ağacların yarpaqları xəzələ dönüb, çəmənliklər payızın özünəməxsus çalarlarına bürünüb. Yolun hər döngəsində qarşımıza yeni bir mənzərə çıxır. Ancaq bu səfərdə məqsədimiz yalnız payız mənzərələrini seyr etmək deyil, kəndin küçələrində gəzmək, həyətlərinə baş çəkmək, insanları ilə söhbətləşmək, gündəlik həyatlarına yaxından bələd olmaqdır. Çünki bir kəndi tanımaq üçün bəzən onun yollarından keçməkdən daha çox, həyətində dayanıb süfrəsində əyləşmək, sakinlərinin söhbətinə qulaq asmaq lazımdır…
Bir ağsaqqalın yaddaşında yaşayan Kükü
Kəndə çatırıq. Kükünün küçələrinə qədəm qoyan kimi sakinlərin mehriban təbəssümü ilə qarşılaşırıq: kimi həyətindən səslənir, kimi haradan gəldiyimizi soruşur, kimisi isə bizi xoş söhbətə dəvət edir. Kəndin yaşlı sakinlərindən Aydın baba ilə söhbətləşirik. Üzündə illərin izini daşıyan, baxışlarında neçə-neçə xatirə yaşadan müsahibimlə söhbətimiz də elə kənd haqqında başlayır.
Danışdıqca onun sözlərində doğma yurda bağlılıq, hər cümləsində illərin müşahidəsi duyulur. O, Kükünün təkcə gözoxşayan mənzərələrindən deyil, təbiətinin insan həyatına verdiyi töhfələrdən də söz açır. Deyir ki, sərt qayalar, yaşıl çəmənliklər, gur bulaqlar bu yerlərin ayrılmaz mənzərəsidir. Qışının mülayim, yayının isə sərin keçməsi Kükünün iqlim baxımından başlıca üstünlüklərindəndir. Xüsusilə yayın ortalarından etibarən, demək olar ki, hər gün Qanlıgöl istiqamətindən əsən sərin dağ küləkləri kəndin havasına ayrı bir təravət gətirir. Elə bu səbəbdəndir ki, isti yay günlərində şəhərin səs-küyündən, bürkülü havasından uzaqlaşmaq istəyənlər üçün Kükü həmişə cəlbedici ünvanlardan biri olub.
Söhbət arasında Küküçayın da adı çəkilir. Naxçıvançayın ən böyük qollarından biri olan bu çayın başlanğıcı da məhz bu torpaqlara, Gurbulağa gedib çıxır. Buradan başlayan axarı Araz çayınadək uzanır. Küküçay təkcə kəndin təbiətinə gözəllik qatmır, həm də onun yaşıllığına, bağlarının bərəkətinə öz payını verir. Elə buna görə də Kükü həm də bağlar məskəni kimi tanınır.
Müsahibimin söhbətində kənd həyatının özünəməxsus ritmi də diqqətimi çəkir. Deyir ki, burada gün şəhərdəki kimi tələsmir. Səhərin sərinliyi ilə oyanan, günə iş-güc içində başlayan sakinlərin bu yaşam tərzi onların gündəlik fəallığına, gümrahlığına da müsbət təsir göstərir. Bəlkə də, dağ kəndində yaşamağın ən gözəl tərəflərindən biri elə budur: insan təbiətin ritminə uyğun yaşayır, günün hər saatını özünəməxsus bir işlə, qayğı ilə qarşılayır.
Kükünün bugünkü mənzərəsindən ayrılıb keçmişinə doğru yol alırıq. Aydın baba yaddaşında qoruyub saxladığı xatirələri bir-bir dilə gətirir, kəndin keçmiş günlərindən, dəyişən həyatından, bir zamanlar burada yaşananlardan danışır. Onun söhbətini dinlədikcə anlayıram ki, insan bəzən bir kəndin tarixini öyrənmək üçün kitablardan əvvəl, o kəndin yaşlı sakinlərinə üz tutmalıdır. Çünki onların yaddaşında təkcə öz ömürlərinin deyil, bütöv bir elin, obanın yaşanmış günləri, adətləri, sevinci və qayğıları yaşayır.
Kəndin keçmişindən söz düşmüşkən, bu yerlərin yaddaşında xüsusi yeri olan Qanlıgöldən danışmamaq olmaz. Təbiətin bir parçası olan bu göl və ətraf ərazilər qədim yaşayış izlərini də özündə qoruyub saxlayır. Naxçıvanın qədim yurd yerlərindən sayılan Qanlıgöl ətrafında yerli əhali tərəfindən “Yurd” adlandırılan geniş bir ərazi var. Burada bol sulu bulaqla yanaşı, qədim insan məskənlərinə aid maddi mədəniyyət nümunələri, müsəlman məzarlığı, döyüşçü qəbirləri və yaşayış izləri bu torpaqların uzaq keçmişindən xəbər verir. Tarixi məlumatlara görə, dəniz səviyyəsindən, təxminən, 3000 metr yüksəklikdə yerləşən bu ərazilər vaxtilə insanların məskunlaşdığı, müxtəlif döyüşlərə şahidlik etdiyi yerlərdən olub.
Bir həyətin istisi, Kükü almasının ətri
Kükünün dolanbac yollarının arxasında gizlənən hər döngənin öz mənzərəsi, hər həyətin özünəməxsus həyatı var. Bəzən ağacların budaqlarından boylanan almalar, bəzən həyətlərdən yüksələn ocaq tüstüsü, bəzən də uzaqdan eşidilən insan səsləri kənddə özünəməxsus bir harmoniya yaradır. Həyətin bir küncündə qablara yığılmış almalar, ağacların altında davam edən iş, ailə üzvlərinin bir-birinə köməyi… Payızın bu həyətə gətirdiyi mənzərə elə ilk baxışdan doğma gəlir.
Gülay nənə bizi evlərinə dəvət edir. Bir az əvvəl ağacdan dərilən meyvənin dadına baxa-baxa həyətin bir küncündə açılmış çay süfrəsi arxasında əyləşirik. Həyatın ən gözəl anları bəzən elə belə sadə, plansız qarşılaşmaların içində gizlənir. Vüsal Rzayev deyir ki, insan harada yaşamasından asılı olmayaraq, doğulduğu torpağın havasını, suyunu, uşaqlıq xatirələrini heç vaxt unutmur. Onun üçün də Kükü, sadəcə, yaşadığı kənd deyil, ömrünün ən doğma ünvanıdır. İllərdir, kənd təsərrüfatı ilə məşğul olan müsahibim yetişdirdikləri meyvələrdən danışarkən Kükünün adı ilə tanınan almasını xüsusi vurğulayır: “Bizim meyvələrimiz çoxdur, amma əsas üstünlüyü almaya vermişik. Kükü alması artıq bir markadır, Azərbaycanda hər yerdə tanınır. Naxçıvan bazarlarında da yerli almaya böyük maraq var. Müştərilərimiz, sifariş verənlərimiz olur. Bəzən yeşiklərlə şəhərə göndəririk”, – deyə bildirir.
Bu alma onun üçün adi bir bağ məhsulu deyil. Kükünün adı ilə tanınan, illərdir, dadı ilə seçilən bu meyvə həm də ailənin zəhmətinin, ata-babadan gələn bağçılıq ənənəsinin bir parçasıdır. Elə həyətin ağaclarına baxanda da bunu görmək mümkündür. Üstəlik Küküdə vaxtilə daha geniş yayılan, bu gün isə az rast gəlinən müxtəlif alma növləri də yetişdirilir: cır alma, konfet alması, qış qızılı…
Kükünün bərəkəti təkcə alma bağları ilə bitmir. Burada armud, cəviz, gilas və gilənar da yetişir. Dağ kəndinin iqlimi, torpağın xüsusiyyətləri meyvələrin dadına öz təsirini göstərir. Kəndin bostanlarında yetişən tərəvəzlər də aran əraziləri ilə müqayisədə, təxminən, bir ay gec yetişir. Ancaq iyun və iyul aylarının bol günəşi altında yetişən bu məhsullar özünəməxsus dadı ilə seçilir. Elə buna görə də Kükünün meyvə-tərəvəzi mövsümündə süfrələrə gələndə yalnız bolluğu ilə deyil, təbii dadı ilə də diqqət çəkir.
Bir neçə saat əvvəl bizi qarşılayan dağ yolları ilə bu dəfə geriyə doğru hərəkət edirik. Kükü bizə təkcə payızın rənglərini deyil, bu torpağa bağlılığın, zəhmətin və sadə kənd həyatının gözəlliyini də göstərdi. Bəzən bir kəndi tanımaq üçün onun küçələrini gəzmək, insanları ilə söhbətləşmək kifayət edir. Biz də bu dəfə Kükünü daha yaxından tanıyaraq ayrılırıq…

Zəhra VƏLİYEVA

Nəşr edilib : 15.11.2026 18:10