NAXÇIVAN :

28 Noyabr 2026, Şənbə

Peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi üzrə qeydiyyat başlanıb

...

Peşəkar mühasib sertifikatı (PMS) imtahanının ikinci mərhələsi üzrə dekabrın 20-də keçiriləcək imtahana qeydiyyat elan edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində kompüter vasitəsilə iki növbədə təşkil olunacaq. Namizədlər noyabrın 13-ü saat 15:00-dan dekabrın 3-ü saat 18:00-dək DİM-in internet saytında “Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı” xidməti vasitəsilə qeydiyyatdan keçə bilərlər.

İmtahanda iştirak etmək istəyən namizədlər aşağıdakı sertifikat növlərindən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I və II səviyyə PMS.

Namizədlərin bilik və bacarıqlarının yoxlanılması məqsədilə imtahanda 40 tapşırıqdan ibarət test bloku təqdim ediləcək. İmtahan üzrə maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli 5 tapşırığın hər biri isə 10 balla qiymətləndiriləcək. Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

Bildirilib ki, Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarına əsasən, imtahanda iştirak etmək üçün namizədlər iqtisadi sahədə orta ixtisas təhsili haqqında diplom və mühasibatlıq sahəsində azı 5 illik iş stajını təsdiq edən sənədlərin surətlərini, yaxud ali təhsil haqqında diplomun surətini təqdim etməlidirlər.

PMS imtahanında iştirak hüququ verən orta ixtisas təhsili üzrə iqtisadi sahəyə aid ixtisasların siyahısı da DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Həmin ixtisaslar üzrə orta ixtisas təhsili alan namizədlər mühasibatlıq sahəsində azı beş illik iş stajını təsdiq edən əmək kitabçasının surətini elektron qeydiyyat səhifəsində göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasındakı məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bununla bağlı bildiriş göndəriləcək.

Nəşr edilib : 13.11.2026 15:49