NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Prezident İlham Əliyevin çıxışı Azərbaycanın rəqəmsal gələcəyinin strateji istiqamətlərini müəyyən edir

...

Son illər ərzində müxtəlif dövlət qurumları - nazirliklər və digər dövlət qurumları tərəfindən müxtəlif platforma və tətbiqlər işlənib hazırlanmışdır. Bu işin artıq koordinasiya şəklində aparılması üçün hesab edirəm ki, buna da ehtiyac olmayacaq və yaradılmış platforma və tətbiqlər tədricən ləğv edilməlidir, hansı müddət ərzində, onu indi mənə təkliflər təqdim ediləndə təklif edərsiniz. Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir - yəni vahid mərkəzdən. Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir. İndi buna nə qədər vaxt lazımdır, əlbəttə ki, bunu siz mənə bildirərsiniz. Eyni zamanda, bu gün mövcud olan platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu platformaların işlənməsində iştirak etmiş şəxslər, kadrlar da ümumi işə cəlb edilməlidir. Yəni mən əldə edilmiş nəticələri qiymətləndirirəm, amma, eyni zamanda, bu gün vaxt gəlib çatıb ki, bu, vahid mərkəzdə birləşsin.

Dövlət başçısı transmilli şirkətlərlə əməkdaşlıq təcrübəsini də əsas üstünlüklərdən biri kimi qiymətləndirmişdir. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan çox sərmayə yatırılmışdır və ölkədə müsbət investisiya iqlimi formalaşmışdır. Xarici və yerli sərmayələrin qorunması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir. Bu təcrübə rəqəmsal sahədə aparıcı beynəlxalq şirkətlərlə əməkdaşlıq üçün də möhkəm zəmin yaradır.

Enerji təminatı məsələsinə toxunan Prezident İlham Əliyev qeyd etmişdir ki, son 20 ildə ölkənin generasiya gücü iki dəfəyə yaxın artaraq 10 min meqavata çatmışdır. Hazırda ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücü mövcuddur ki, bu da data mərkəzlərinin yaradılması və süni intellekt texnologiyalarının tətbiqi üçün əsas şərtdir. Azərbaycan özünü əsas enerji mənbələri ilə tam təmin edir və hətta enerji ixrac edir. Eyni zamanda bərpa olunan enerji sahəsində imzalanmış müqavilələr gələcəkdə generasiya gücünü daha da artıracaq.

Cənab Prezident qlobal maliyyə fondları və aparıcı şirkətlərlə mövcud əlaqələrin də böyük üstünlük olduğunu vurğulamışdır. Azərbaycan Dövlət Neft Fondu dünyanın ən böyük maliyyə qurumları ilə əməkdaşlıq edir və bu fondlar vasitəsilə investisiyaların ölkəyə cəlb olunması istiqamətində konkret layihələr üzərində iş aparılır. ABŞ və Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, eləcə də Avropa İttifaqına üzv 10 ölkə və Çin Xalq Respublikası ilə imzalanmış strateji sənədlər Azərbaycanın qlobal güc mərkəzləri ilə əməkdaşlığını daha da gücləndirir.

Dövlət başçısı vahid koordinasiyanın vacibliyini xüsusi qeyd etmişdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət qurumları ilə birlikdə konkret Tədbirlər Planı hazırlamaq tapşırılmışdır. Hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyənləşdirilməsi zəruri hesab edilmişdir.

Prezident İlham Əliyev dövlət xidmətlərinin vahid “mygov” platforması üzərindən həyata keçirilməsinin vacibliyini vurğulamışdır. Müxtəlif qurumlar tərəfindən yaradılmış platformalar tədricən vahid mərkəzdə birləşdirilməli, vətəndaşlara bütün xidmətlər bir ünvandan təqdim olunmalıdır. Bu həm şəffaflığı artıracaq, həm də vətəndaş məmnuniyyətini təmin edəcək.

Kadr hazırlığı məsələsi də çıxışda əsas istiqamətlərdən biri kimi göstərilmişdir. Ali məktəblərdə və orta təhsil müəssisələrində rəqəmsal bacarıqların inkişafına daha çox diqqət yetirilməli, xaricdə təhsil proqramları çərçivəsində bu ixtisaslar üzrə mütəxəssislər hazırlanmalıdır. Gələcəkdə bu sahədə peşəkar kadrlara böyük ehtiyac yaranacağı vurğulanmışdır.

Süni intellektin dövlət idarəçiliyində tətbiqi, qərarların qəbulunda texnoloji dəstəyin artırılması və özəl sektora müvafiq təşviq mexanizmlərinin yaradılması da mühüm vəzifələr kimi müəyyən edilmişdir. Eyni zamanda kibertəhlükəsizlik sahəsinə xüsusi diqqət yetirilməli, mövcud Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti gücləndirilməlidir.

Prezident İlham Əliyevin çıxışı Azərbaycanın rəqəmsal gələcəyinin strateji istiqamətlərini müəyyən edir. Mövcud üstünlüklərdən səmərəli istifadə etməklə güclü enerji və infrastruktur bazasına, beynəlxalq tərəfdaşlıqlara və investisiya imkanlarına əsaslanaraq Azərbaycan rəqəmsal transformasiya sahəsində regionun aparıcı ölkələrindən birinə çevrilməyi hədəfləyir.

Ülviyyə Həmzəyeva

Milli Məclisin deputatı

Nəşr edilib : 13.02.2026 12:45