NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Prezident İlham Əliyevin strateji baxışı fonunda Naxçıvanın enerji inkişaf modeli

...

Azərbaycan dövlətinin inkişaf strategiyasında Naxçıvan Muxtar Respublikası hər zaman xüsusi yer tutmuşdur. Bu yanaşma xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi dövründə ardıcıl, məqsədyönlü və sistemli dövlət siyasəti səviyyəsinə yüksəlmişdir. Muxtar respublikanın sosial-iqtisadi, enerji, nəqliyyat, infrastruktur, sənaye, kənd təsərrüfatı və insan kapitalı sahələrində həyata keçirilən kompleks proqramlar Naxçıvanın davamlı və dayanıqlı inkişaf modelinin formalaşmasına xidmət etmişdir.

Naxçıvanın coğrafi baxımdan blokada şəraitində olması, regional geosiyasi reallıqlar və logistika məhdudiyyətləri dövlət siyasətində bu əraziyə xüsusi strateji yanaşmanı zəruri etmişdir. Məhz bu kontekstdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində muxtar respublikada müasir infrastruktur qurulmuş, avtomobil yolları və hava nəqliyyatı infrastrukturu yenilənmiş, enerji və qaz təchizatı sistemləri modernləşdirilmiş, sosial obyektlər – məktəblər, xəstəxanalar və inzibati binalar inşa edilmişdir. Bu tədbirlər Naxçıvanın iqtisadi dayanıqlılığının möhkəmləndirilməsinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət etməklə yanaşı, regionun milli iqtisadi sistemə inteqrasiyasını daha da gücləndirmişdir.

Dövlət başçısının diqqəti xüsusilə enerji təhlükəsizliyi məsələsində özünü aydın şəkildə göstərir. Naxçıvanın enerji təminatının şaxələndirilməsi, yerli generasiya güclərinin artırılması və bərpa olunan enerji potensialının reallaşdırılması Prezidentin müəyyən etdiyi strateji inkişaf kursunun mühüm istiqamətlərindəndir. Muxtar respublikanın “yaşıl enerji zonası” kimi inkişaf etdirilməsi təşəbbüsü yalnız ekoloji deyil, həm də iqtisadi və geosiyasi baxımdan strateji əhəmiyyət daşıyır. Bu yanaşma Naxçıvanı gələcəkdə regional enerji istehsalı və ixrac mərkəzinə çevirməyi hədəfləyən milli enerji siyasətinin tərkib hissəsidir.

Prezident İlham Əliyevin verdiyi tapşırıqlar, təsdiq olunan Dövlət proqramları və ayrılan investisiyalar muxtar respublikanın kompleks inkişaf modelinin formalaşmasına güclü təkan vermişdir. Eyni zamanda sənayeləşmə və sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən təşviq mexanizmləri, vergi və investisiya güzəştləri, yerli istehsalın dəstəklənməsi Naxçıvan iqtisadiyyatının şaxələndirilməsinə və daxili bazarın güclənməsinə şərait yaratmışdır. Aqrar sektorun modernləşdirilməsi, suvarma sistemlərinin yenilənməsi və ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması isə regionun ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Beləliklə, Prezidentin Naxçıvana xüsusi diqqəti epizodik xarakter daşımır, bu, uzunmüddətli və strateji dövlət kursunun ayrılmaz tərkib hissəsidir. Bu kurs muxtar respublikanın iqtisadi müstəqilliyini möhkəmləndirməyə, enerji və logistika imkanlarını genişləndirməyə, insan kapitalını gücləndirməyə və Naxçıvanı ölkənin ümumi inkişaf modelinin aparıcı regionlarından birinə çevirməyə yönəlmişdir.

Naxçıvan Muxtar Respublikasının enerji və ümumilikdə, iqtisadi inkişaf modelinin davamlılığı yalnız infrastruktur və investisiya layihələri ilə deyil, eyni zamanda yerli kadr potensialının formalaşdırılması ilə şərtlənir. Prezident İlham Əliyevin həyata keçirdiyi strateji kurs çərçivəsində insan kapitalının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Bu yanaşma Naxçıvanda da sistemli şəkildə tətbiq olunur.

Son illərdə muxtar respublikada ali və orta ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni ixtisasların açılması və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkili diqqət mərkəzində saxlanılmışdır. Xüsusilə enerji mühəndisliyi, elektrik sistemləri, alternativ enerji texnologiyaları, iqtisadiyyat və idarəetmə sahələrində mütəxəssis hazırlığı regionun gələcək inkişaf modelinin əsas dayaqlarından biri kimi qiymətləndirilir.

Naxçıvanın “yaşıl enerji zonası” kimi formalaşdırılması yalnız texnoloji yenilik deyil, həm də müasir bilik və kompetensiyalara malik insan resurslarının yetişdirilməsini tələb edən strateji transformasiyadır. Günəş və digər bərpa olunan enerji stansiyalarının qurulması, şəbəkə infrastrukturunun modernləşdirilməsi və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılmasını zəruri edir.

Energetika Nazirliyində keçirilən geniştərkibli görüş də bu strateji kursun praktik mərhələyə keçdiyini göstərir. Görüşdə energetika naziri Pərviz Şahbazov, “AzərEnerji” ASC rəhbərliyi və digər tərəfdaş qurumların iştirakı ilə Naxçıvanın “yaşıl enerji zonası” kimi inkişaf perspektivləri müzakirə edilmişdir.

İmzalanmış müqavilələr Naxçıvanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və regional enerji xəritəsində mövqeyinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. İllik 122 milyon kVt·st elektrik enerjisi istehsalı, 26 milyon kubmetr qaza qənaət və 57 min ton karbon emissiyasının azaldılması göstəriciləri yalnız iqtisadi deyil, həm də siyasi-strateji nəticələr doğurur. Bu layihələr Azərbaycanın enerji keçidi siyasətinin real və praktiki icrasının nümunəsidir.

Dövlət-özəl sektor sinerjisi isə yeni iqtisadi modelin əsas sütunlarından birinə çevrilmişdir. Bu əməkdaşlıq mexanizmi Naxçıvanın regional enerji mərkəzi kimi mövqeyini möhkəmləndirməklə yanaşı, Azərbaycanın ümumi geoiqtisadi strategiyasına uyğun şəkildə regionun beynəlxalq enerji platformalarına inteqrasiyasını sürətləndirir.

İmzalanan müqavilələr bir daha təsdiqlədi ki, Naxçıvanın enerji inkişafı təsadüfi təşəbbüslər toplusu deyil, düşünülmüş, ardıcıl və siyasi iradəyə əsaslanan dövlət strategiyasının məntiqi davamıdır. Dövlət başçısının müəyyən etdiyi “yaşıl enerji zonası” hədəfi artıq konkret investisiya qərarları və real istehsal göstəriciləri ilə möhkəmlənmişdir. Bu sənədlər Naxçıvanın yalnız enerji təhlükəsizliyini deyil, həm də regional geoiqtisadi mövqeyini gücləndirən strateji addımlar kimi tarixə düşür.

Asim ABDULLA

Elektroenergetika yüksək mühəndisi, doktorant

Nəşr edilib : 24.02.2026 12:23