Naxçıvanda kommersiya qurumlarının 85,8 faizi elek...
10:26 13.08.2026
0
0
0
NAXÇIVAN :
13 Avqust 2026, Cümə axşamı
Ulu Öndər Heydər Əliyevə sıx bağlılığı və dərin sədaqəti ilə seçilən naxçıvanlılar dahi şəxsiyyətin siyasi kursunu uğurla davam etdirən, müasir Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərən Prezident İlham Əliyevi hər zaman böyük sevgi və rəğbətlə qarşılayırlar. Bununla da dövlət başçısının həyata keçirdiyi daxili və xarici siyasətə dəstəklərini ifadə edirlər. Məhz buna görə Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasına hər səfəri qədim diyarımızda böyük sevinc və bayram əhvali-ruhiyyəsi yaradır, mühüm hadisələrlə yadda qalır. Belə səfərlər zamanı Naxçıvanın sosial-iqtisadi inkişafını nümayiş etdirən mühüm obyektlər istifadəyə verilir, yeni layihələrin təməli qoyulur və qarşıdakı inkişaf mərhələsinin əsas istiqamətləri müəyyənləşdirilir.
Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına növbəti səfəri də mühüm sosial-iqtisadi və siyasi hadisələrlə yadda qaldı. Bu səfər yalnız muxtar respublikanın inkişafı baxımından deyil, Azərbaycanın regional mövqeyinin möhkəmləndirilməsi, Cənubi Qafqazda yeni nəqliyyat-kommunikasiya xəritəsinin formalaşması və Şərqlə Qərb arasında əlaqələrin genişlənməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Naxçıvan Prezident İlham Əliyevin daim diqqət və qayğı göstərdiyi bölgələrdəndir. Bunun tarixi və siyasi əsasları var. Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davamlılığı Naxçıvanın inkişafına münasibətdə də özünü aydın göstərir. Prezident İlham Əliyev Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində bu qədim diyarın Azərbaycanın və daha geniş coğrafiyanın həyatındakı əhəmiyyətinə toxunaraq deyib: “Naxçıvan, eyni zamanda Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, – halbuki birinci növbədə, Azərbaycan üçün, – geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir”.
Səfərin mühüm hadisələrindən biri Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planın Prezident İlham Əliyevə təqdim olunması oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olublar.
Müstəqillik dövründə Naxçıvan şəhəri üçün ilk dəfə hazırlanan bu strateji sənəd şəhərin gələcək məkan inkişafına vahid yanaşmanı müəyyənləşdirir. Baş Plan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu və beynəlxalq məsləhətçi şirkət “Chapman Taylor” tərəfindən hazırlanıb.
Baş Planın konsepsiyası şəhər mərkəzinin yenilənməsi, rekreasiya zonalarının genişləndirilməsi, dayanıqlı mobilliyin təşviqi, yaşayış və sosial infrastrukturun gücləndirilməsi, eləcə də turizm potensialından daha səmərəli istifadə prinsipləri əsasında formalaşdırılıb. Sənəddə şəhərin 74 hektarlıq mərkəzi hissəsinin yenidən formalaşdırılması, daha yığcam, canlı və əlçatan şəhər məkanının yaradılması nəzərdə tutulur. Bu baxımdan, Baş Planı yalnız şəhərin abadlaşdırılmasına yönəlmiş sənəd kimi qiymətləndirmək olmaz. Bu, Naxçıvanın gələcək şəhər iqtisadiyyatının, turizm imkanlarının, nəqliyyat sisteminin və yaşayış mühitinin uzunmüddətli inkişaf xəritəsidir. Başqa sözlə, Naxçıvan şəhərinin gələcək simasını müəyyənləşdirəcək mühüm strateji sənəddir.
Prezident İlham Əliyevin səfəri çərçivəsində insan amilinin Naxçıvanın inkişaf strategiyasında xüsusi yer tutduğu da bir daha nümayiş etdirildi. Dövlət başçısı 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlini qoydu. Beş hektara yaxın ərazidə 16 çoxmərtəbəli binanın inşası nəzərdə tutulur. Kompleksdə 93 birotaqlı, 37 ikiotaqlı, 351 üçotaqlı və 37 dördotaqlı mənzil olacaq. Burada uşaq bağçası, iaşə obyektləri, yollar, səkilər, yaşıllıq zonaları və zəruri kommunal infrastruktur yaradılacaq.
Bu layihə bir daha göstərir ki, Naxçıvanın inkişafı yalnız iqtisadi göstəricilərlə ölçülmür. Burada əsas məqsədlərdən biri də insanların yaşayış şəraitinin və həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır. Sosial mənzillər kompleksinin yaradılması dövlətin sosial siyasətinin Naxçıvanda ardıcıl şəkildə həyata keçirilməsinin növbəti nümunəsidir.
Naxçıvan Regional DOST Mərkəzinin istifadəyə verilməsi isə səfərin sosial mahiyyətini tamamlayan mühüm hadisələrdən biri oldu. Mərkəzdə 164 sosial xidmətin göstərilməsi, 117 işçi və 50 könüllünün fəaliyyət göstərməsi, gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbul edilməsi nəzərdə tutulur. Xidmətlərin “Bir pəncərə” prinsipi əsasında təqdim olunması Naxçıvan sakinlərinin sosial xidmətlərə çıxışını daha da asanlaşdıracaq. Xüsusilə əlilliyi olan şəxslər üçün tibbi-sosial ekspertiza, reabilitasiya və müvafiq vasitələrlə təminat imkanlarının bir mərkəzdə cəmləşdirilməsi sosial dövlət modelinin praktik ifadəsidir. Bu eyni zamanda müasir idarəçilik prinsiplərinin Naxçıvanda tətbiqinin daha bir göstəricisidir.
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində DOST Mərkəzinin açılışının əhəmiyyətinə toxunaraq deyib: “Bu gün, eyni zamanda sosial təminatla əlaqədar DOST Mərkəzinin açılışını qeyd edə bilərəm. Onun yanında “ASAN xidmət” Mərkəzi dayanır. O da vaxtilə mənim göstərişimlə yaradılmışdır ki, insanlara daha gözəl xidmət göstərilsin. Yəni proqramın tərkib hissəsinə baxmaq kifayətdir ki, burada hər kəs görsün ki, Naxçıvanın inkişafı reallıqdır”.
Dövlət başçısı müsahibəsində kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında Naxçıvanın xüsusi yer tutduğunu da qeyd edib. Muxtar respublikada suvarma layihələrinin həyata keçirilməsi, yeni artezian quyularının qazılması və müasir suvarma sistemlərinin quraşdırılması kənd təsərrüfatının inkişafına əlavə imkanlar yaradacaq. Bunun nəticəsində hazırda suvarılmayan torpaqların da əkin dövriyyəsinə cəlb olunması mümkün olacaq.
Beləliklə, Prezident İlham Əliyevin Naxçıvana avqustun 11-dəki səfəri qədim diyarın yeni inkişaf mərhələsinə keçidini nümayiş etdirən mühüm hadisələr baxımından zəngin oldu. Baş Planın təqdimatı Naxçıvan şəhərinin gələcək inkişafının strateji əsaslarını müəyyənləşdirirsə, sosial evlər kompleksinin təməlinin qoyulması və DOST Mərkəzinin istifadəyə verilməsi bu inkişafın mərkəzində insan amilinin dayandığını göstərir.
Naxçıvanın strateji coğrafi mövqeyi, zəngin tarixi, iqtisadi potensialı və həyata keçirilən genişmiqyaslı layihələr qədim diyarın qarşısında yeni imkanlar açır. Prezident İlham Əliyevin diqqət və qayğısı, Dövlət proqramları çərçivəsində görülən işlər və yeni layihələr isə bu imkanların reallığa çevrilməsi üçün möhkəm zəmin yaradır.
Naxçıvanlıların dövlət başçısının hər səfərini böyük sevgi və qürur hissi ilə qarşılaması da təsadüfi deyil. Bu münasibət, ilk növbədə, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə bağlılığın və Onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın ifadəsidir.
Şəhla Əhmədova
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı
Digər xəbərlər