Uşaqlar üçün bədən tərbiyəsi və idmanın təbliği üz...
20:13 13.05.2025
0
0
0
NAXÇIVAN :
13 May 2025, Çərşənbə axşamı
Xocalıya qayıdan həyat, cənnətə dönən Şuşa
Bəli, biz torpaqlarımızı işğaldan azad etdiyimiz kimi onu yenidən qurub yaşatmağı da bacarırıq. Çünki biz bir ovuc torpağı tonlarla qızıldan qiymətli bilib ona can qurban edən bir xalqıq. Silah tutub torpağımızı qorumağı da, onu gülüstana çevirməyi də yaxşı bilirik. Zəhmətkeş əllərin gördüyü işlər isə göz qabağındadır. Artıq beş ildir ki, bütün dünya cənnət Qarabağın gözəlliyinə heyran olur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlarımıza hər səfərində yeni bir gözəllik gəlib yurdumuzun hüsnünə. Ölkə başçısının hər səfəri ölkəmizin bu bölgələrdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərinin ardıcıl, planlı şəkildə davam etdirildiyini bir daha nümayiş etdirir. Bu səfərlər yalnız görülən işlərə baxış xarakteri daşımır, həm də dövlət başçısının rəhbərliyi ilə bölgədə aparılan böyük yenidənqurma prosesinə verilən yüksək siyasi iradənin, xalqla birbaşa təmasın və praktiki nəzarətin təzahürüdür. Ötən günlərdə xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin 102-ci doğum günündə dövlət başçısının birinci xanımla birlikdə Şuşa, Ağdam və Xocalıya səfərləri də dövlətimizin Vətənimizin cənnət guşəsi Qarabağa göstərdiyi qayğının daha bir təzahürü idi.
Qabarlı əllər – yaxşı əməllər
Şiş qayalar başında yerləşən qədim yurd. Pənahəli xanın yadigarı, Vaqifin sözü, Bülbülün səsi, Natəvanın həsrəti, oğulların göz nuru, tutan əli, yeriyən ayağı, vüsalına çatmayan şəhidlərin vüsalı Şuşa. Bu ad o qədər əziz və xoş səslənir ki, söyləyəndə. Bu dörd hərfdən, iki hecadan yaranan sözün o qədər böyük mənası var ki, bu xalqın qəlbində. O bizim həm nisgilimiz, həm də qürur yerimizdir. Və bu gün hər birimiz onun xoş novrağına sevinir, qürur duyuruq. Öz doğmalarının əllərində cənnətə dönən Şuşa ölkə başçısının qayğısı ilə gündən-günə gözəlləşir. Ölkə başçısının hər səfəri bir sevinc xoşbəxtlik gətirir bu diyara. Həmin səfərlər zamanı dövlət başçısı sosial-iqtisadi obyekt və mədəniyyət abidələrinin açılışını edir, müxtəlif təyinatlı yeni obyektlərin təməlini qoyur, yenidənqurma işlərinin gedişatı ilə maraqlanaraq tapşırıq və tövsiyələrini verir. Bir neçə gün öncə Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər və şəhərdə inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasiminə qatılıblar.
Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad edildikdən sonra burada genişmiqyaslı tikinti-quruculuq prosesinə başlanılıb. Bu gün şəhər tarixi siması və mədəni irsi qorunub saxlanılmaqla bərpa olunur, doğma sakinlərinə yenidən qucaq açır. 2023-cü ilin sonlarından etibarən keçmiş məcburi köçkünlərin doğma şəhərə qayıdışı təmin olunmağa başlanıb. İndiyədək Şuşaya 376 ailə – 1409 nəfərdən artıq sakin köçürülüb. Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir. Şuşa bu gün nəinki mədəniyyətimizin beşiyi, həm də azadlığımızın, milli birliyimizin və gələcəyə inamımızın simvoluna çevrilib.
Xocalıya ədaləti özümüz gətirdik
1992-ci ilin soyuq qış gecəsinə kimi Xocalı digər rayonlar kimi sadə bir ərazi adı idi bizim üçün. Lakin həmin soyuq, şaxtalı, qanlı gecədən Xocalı sözü yara oldu qəlbimizdə. Xocalı deyəndə canımıza üşütmə düşdü. Buz kəsmiş meşə yollarında hər övladını bir təpədə itirən anaların fəryadı eşidildi qulağımızda. Donan körpələr, vəhşiliyə düçar olan insanlar gəldi ağlımıza. Ta ki həmin günə kimi. Azərbaycan əsgəri öz qanı, canı ilə Xocalının qisasını alana kimi. Üçrəngli, ay-ulduzlu bayraqlarla bəzənən Xocalını görənə kimi. Artıq azaddır Xocalı. Tarixin ən qanlı faciəsini yaşayan şəhər bu gün dirçəlir və gözəlləşir. Müharibənin izləri silinir artıq bu torpaqdan. Qəlbi hər an Vətən üçün döyünən insanların əlləri ilə dirçəlir Xocalı. Dövlət başçısının diqqəti, qayğısı ilə yaraları sağalır. Rayon işğaldan azad edilən gündən tez-tez buraya səfər edən dövlət başçısının Xocalı rayonuna növbəti səfəri bu baxımdan mühüm tarixi və siyasi əhəmiyyətə malikdir. Səfər zamanı burada “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin və “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılış mərasimində iştirak etməsi bölgənin inkişafına göstərilən yüksək diqqətin bariz nümunəsidir. Bu gün artıq Xocalı deyəndə xoş növraq gəlir gözümüz önünə. Çünki artıq Xocalı ümidin, azadlığın, abadlığın ünvanıdır. Yenidən doğuluşun, yaradılışın yeridir.
Prezident İlham Əliyevin Şuşa və Xocalı rayonlarına növbəti səfəri bir daha göstərdi ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq prosesi strateji xətt kimi formalaşıb. Cənnətə dönən Şuşa, ağ günləri qayıdan Ağdam, Qarabağdan yüksələn muğam səsi onu bir daha sübut edir ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur inkişafın və rifahın rəmzinə çevrilir. Ağdamdan yola düşən ilk sərnişin qatarı Zəngəzurdan keçəcək qatarlara da yol açır...
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər