NAXÇIVAN :

16 Sentyabr 2026, Çərşənbə

Qars-İğdır-Dilucu xətti: Orta Dəhlizə açılan yeni nəqliyyat bağlantısı – Açıqlamalar

...

Qarsdan İğdır və Dilucuya uzanan dəmir yolu xəttinin inşası sürətlə davam etdirilir. 224 kilometrlik layihə Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması baxımından strateji əhəmiyyət daşıyır.

Dəmir yolu xətti Qarsdan başlayaraq Digor, Tuzluca, İğdır və Aralıq ərazilərindən keçərək Dilucu sərhəd qapısına qədər uzanacaq. Tuzluca ərazisində layihə çərçivəsində körpü və digər infrastruktur işləri həyata keçirilir. Qars və İğdır istiqamətində aparılan tikinti işləri dəmir yolu bağlantısının real müstəvidə formalaşdığını göstərir.

2025-ci ilin avqustunda təməli qoyulan layihə üzrə hazırda tunellərin qazılması, viadüklərin və digər dəmir yolu infrastrukturunun inşası davam etdirilir. İşlərin 24 saatlıq rejimdə aparıldığı bildirilir. Qatarların maksimal sürətinin saatda 160 kilometrədək olması planlaşdırılır.

Qars millət vəkili Adem Çalkın "Şərq qapısı"na müsahibəsində layihənin Azərbaycan və Türkiyə arasında nəqliyyat əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib. Onun sözlərinə görə, xətt Naxçıvan, Ordubad və daha sonra Bakı istiqamətində dəmir yolu bağlantısının formalaşması baxımından böyük əhəmiyyət daşıyır.

Layihə yalnız nəqliyyat baxımından deyil, iqtisadi baxımdan da mühüm imkanlar vəd edir. Dəmir yolu xəttinin istifadəyə verilməsi ilə sərnişin və yük daşımaların asanlaşması, regional ticarət dövriyyəsinin artması və daşınma xərclərinin azalması gözlənilir.

Jurnalist Alican Alibeyoğlu isə dəmir yolu xəttinin illik 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olacağı ilə bağlı proqnozların olduğunu qeyd edib. Onun sözlərinə görə, bu göstərici bölgənin, xüsusilə Azərbaycan və Türkiyənin iqtisadi inkişafına mühüm töhfə verə bilər.

Marşrutun turizm baxımından da əhəmiyyəti böyükdür. Dəmir yolu ilə bölgəyə çıxışın asanlaşması Qars və İğdırın tarixi və təbii turizm imkanlarına marağı artıra bilər. Sərnişin daşımalarının genişlənməsi bölgənin turizm coğrafiyasının dəyişməsinə və yerli iqtisadiyyatın canlanmasına şərait yarada bilər.

Qars Turizm Birliyinin rəhbəri Halit Özer Qars-Bakı aviareyslərinin başlamasının bölgəyə marağı artırdığını bildirib. Onun sözlərinə görə, dəmir yolu daşımalarının da fəaliyyətə başlaması Qars, İğdır və ətraf rayonların turizm və iqtisadiyyatına əlavə dəyər qazandıra bilər: "Qars-İğdır-Dilucu dəmir yolu xətti Türkiyənin Orta Dəhlizə çıxış imkanlarını da genişləndirə bilər. Naxçıvan üzərindən formalaşacaq bağlantı Azərbaycanı daha geniş regional nəqliyyat şəbəkəsinə bağlayaraq ölkənin tranzit mövqeyinin möhkəmlənməsinə imkan yarada bilər".

Beləliklə, Qars-İğdır-Dilucu dəmir yolu layihəsi nəqliyyat, ticarət, turizm və investisiya imkanlarını genişləndirməklə yanaşı, Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmlənməsi baxımından mühüm regional layihələrdən birinə çevrilir.

Nəşr edilib : 16.09.2026 09:55