NAXÇIVAN :

06 Noyabr 2026, Cümə

Qəlbin məhrəm duyğularından söz alan şair – İslam Səfərli

...

İnsanların mənəvi dünyasından boylanan duyğular, saf sevgilər, təmiz hisslər, təbiətin al-əlvan çalarlarından süzülən gözəlliklər – başı qarlı dağlar, zümrüd yaşılı meşələr, yer, göy, su, torpaq, bir sözlə, insan nəfəsinin toxunduğu bütün gözəlliklər İslam Səfərli poeziyasının əsas qaynaqlarından idi. O, gördüyü və duyduğu həyatı özünəməxsus, poetik dillə vəsf edən, insan qəlbinin ən incə tellərinə toxunmağı bacaran sənətkarlardan biri idi. Şairin yaradıcılığında təmənnasız sevginin incəliyi, insan ruhunun saflığı, həyata və gözəlliyə bağlılıq duyulur. İslam Səfərlinin yaradıcılığı oxucunu səmimiliyi, təbiiliyi və həyat həqiqətlərinə yaxınlığı ilə özünə çəkir. Misralarında insan duyğularının incə çalarları ilə təbiətin rəngarəng gözəllikləri bir-birini tamamlayır.

Qəlbi Vətən sevgisi ilə dolub-daşan nəğməkar şair gördüyü və duyduğu hər şeyi süni bəzəklərə, yersiz mübaliğələrə yol vermədən, olduğu kimi – səmimi və təbii şəkildə təqdim edirdi. Məhz bu xüsusiyyət onun poeziyasına xüsusi doğmalıq gətirir, şeirlərini oxucu qəlbinə daha da yaxınlaşdırırdı. İslam Səfərlinin yaradıcılığında həyatın özü, insanın daxili aləmi, sevgi, təbiət və Vətən duyğusu vahid bir bütöv halında təcəssüm tapır. Onun poeziyasını fərqləndirən başlıca cəhətlərdən biri də elə budur – insana doğma olan hissləri sadə, anlaşıqlı və təsirli poetik dillə ifadə etməsi.

1923-cü ildə Şəkərabad kəndində dünyaya göz açan İslam Səfərli ilk təhsilini doğma kəndində almışdı. Uşaqlıq illərindən bədii ədəbiyyata, şeirə və poeziyaya böyük maraq göstərən gənc məktəbi başa vurduqdan sonra könüllü olaraq İkinci Dünya müharibəsinə yollanmışdı. Gəncliyi müharibənin od-alovlu illərinə təsadüf edən şair sonralar qələmə aldığı əsərlərində şahidi olduğu hadisələri, yaşadığı ağrı-acıları, müharibənin insan talelərində açdığı yaraları əks etdirmişdi. Müharibə illərində yazdığı “Ordumuza ithaf”, “Ədəbi gənclik”, “Onüçlər”, “Əmin ol, ata!”, “Qoşa söyüd”, Həzi Aslanovun xatirəsinə həsr etdiyi “Təzə çiçəklər”, “Üçüncü hərb istəmirik” və digər şeirlər həmin ağır illərin şair yaddaşında buraxdığı dərin izlərin poetik ifadəsi idi.

Boş vaxtlarda şeir yazan,
Əldə qaşıq, dizdə qazan,
 İştahayla xörək yeyən,
Tüfəng silən, nəğmə deyən,
Evlərindən məktub alan,
Saz götürən, qarmon çalan kimdir?

         Soruşsanız əgər – “Onüçlərdir”, – deyərdilər.

İslam Səfərlinin böyük şair kimi yetişməsində və tanınmasında görkəmli bəstəkar Üzeyir Hacıbəylinin də mühüm rolu olub. Məhz Üzeyir bəyin dəstəyi ilə gənc şairin Naxçıvandan Bakıya yaradıcılıq yolu açılıb. Üzeyir Hacıbəyli onların tanışlığı 1945-ci ilə təsadüf edib. Həmin il millət vəkili seçilən Üzeyir Hacıbəyli seçiciləri ilə görüşmək üçün Naxçıvana gəlmişdi. O həmin günlərdə “Qonaq evi”ndə qalırdı.

Bir gün “Qonaq evinə” əsgər formasında cavan bir oğlan gəlir. Həmin gənc Üzeyir bəylə görüşdən sonra yazdığı şeirləri ona təqdim edir. Sözün və sənətin mahir bilicisi olan böyük sənətkar gəncin şeirlərini diqqətlə oxuyur və bəyəndiyini bildirir. Üzeyir bəy İslam Səfərliyə Bakıya gəlməyi tövsiyə edir, ali təhsil almasının vacibliyini vurğulayır. Gənc şair utana-utana Bakıya gəlmək üçün maddi imkanlarının məhdud olduğunu söyləyir. Bu zaman Üzeyir bəy yanında olan şəxsə işarə edərək ona pul verməsini istəyir. Zərfə beş yüz manat qoyularaq gənc şairə təqdim edilir. Böyük sənətkar onu Bakıda gözləyəcəyini bildirir.

Çox keçmir ki, İslam Səfərli Bakıya gəlir və birbaşa Üzeyir Hacıbəylinin yanına gedir. Böyük sənətkar onu mehribanlıqla qarşılayır. Bu görüş İslam Səfərlinin həyatında mühüm mərhələnin başlanğıcı olur. Üzeyir Hacıbəylinin onun istedadına göstərdiyi inam, verdiyi mənəvi dəstək və təhsil almasına yaratdığı imkanlar sonralar Azərbaycan ədəbiyyatında özünəməxsus iz qoyacaq bir sənətkarın yetişməsində mühüm rol oynayır.

Müharibənin qəlbində açdığı yaraları həkim əli ilə deyil, sözlə, poeziya ilə qələmlə sağaltmağı seçmişdi İslam Səfərli. “Bıçaq yarası” şeirində müharibə zamanı aldığı ağır yaradan bəhs edir, həmin çətin günlərdə ona təmənnasız kömək edən dostunu minnətdarlıq hissi ilə xatırlayırdı. Həyatının ən ağır sınaqlarında belə şair qəlbinin məhrəm hisslərinə sığınırdı. Saf qəlbi, zəngin mənəvi dünyası və sözə olan sevgisi onu yarı yolda qoymadı. Ürəyinin yolu ilə gedən, insan qəlbini riqqətə gətirən duyğuları misralara çevirən şair qısa zamanda böyük uğurlar qazandı.

İslam Səfərlinin şeirləri oxucu qəlbinə yol tapmaqla kifayətlənmədi, Azərbaycan musiqisinin də ayrılmaz hissəsinə çevrildi. Estradamızın görkəmli sənətkarları onun sözlərinə bəstələnmiş mahnıları ifa edərək şairin poetik dünyasını daha geniş auditoriyaya çatdırdılar. Bu nəğmələr illər keçsə də, şairin söz dünyasını gələcəyə daşımaqdadır. Onun sevgi lirikasının özünəməxsus ahəngini məşhur misralarında da aydın görmək mümkündür:

              Gilənar qızardı, ağ tut sovuşdu,
              Payını dərmədim, budaqda qaldı.
             Hamı könül verib yara qovuşdu,
            Bəs bizim toyumuz nə vaxta qaldı?

                      Ay gözəl, nə vaxta qaldı?

İslam Səfərli yaradıcılığında təbiət motivləri, Azərbaycanın gözoxşayan mənzərələri də mühüm yer tutur. Şair uşaqlıq və gənclik illərinin keçdiyi Naxçıvanın təbiətini böyük sevgi ilə şeirlərinə gətirirdi. Onun misralarında buz bulaqlı Batabat, saf havalı Xal-xal, Ordubadın və Şahbuzun meşələri sanki rəssam fırçasından çıxmış ecazkar mənzərələrə çevrilirdi. Lakin bu şeirlərdə yalnız təbiət gözəlliklərinin təsviri ilə qarşılaşmırıq. Həmin əsərlərdə doğma torpağa bağlılıq, uşaqlıq xatirələri, Vətən sevgisi və insanın doğulduğu yurda münasibəti də öz əksini tapır. Buna görə onun təbiət təsvirləri oxucu üçün sadəcə, təbiət təsviri deyil, həm də doğma yurda bağlılığın ifadəsidir.

                Şəhəri aramla gəzirəm yenə,
                Qəlbimdə həyatın zövqü, nəşəsi.
                Dünyada hər yerdən xoş gəlir mənə
               Bu Şərqin qapısı, Şərqin guşəsi.

İslam Səfərlinin şeirlərini oxuyarkən Batabatı görməyən insan belə sanki bu yerlərin seyrinə çıxır, bulaqların səsini eşidir, dağların havasını duyur. Şair doğma Naxçıvanın təbiətini sözlə elə canlandırır ki, onun yaratdığı mənzərələr oxucunun xəyalında canlı bir tabloya çevrilir. Onun poeziyasının uzunömürlüyü də elə doğmalıqdan qaynaqlanır. Şair insanın özünü, duyğularını, sevgisini, həsrətini, Vətənini və doğma təbiətini misralarında yaşadır. Qəlbin məhrəm duyğularından söz açarkən, əslində, oxucunun qəlbinə toxunurdu. Elə buna görə də İslam Səfərlinin poetik irsi zamanın sınağından keçərək bu gün də öz təravətini qoruyur.

     Vüqarlıdır zirvələrin, qaşların,
    Üzə gülür qayaların, daşların.
    Mən İslamam, öz səsimi quşların
   Nəğməsinə qata-qata gəlmişəm,
  Mərcan gözlü Batabata gəlmişəm.

İslam Səfərlinin şeirləri orijinallığı, təbiiliyi və həyat həqiqətlərinə bağlılığı ilə seçilirdi. Onun yaradıcılığında zəngin müşahidələr, gördüyü və duyduğu hadisələr həyatın özündən gələn təəssüratlar üstünlük təşkil edirdi. Şair baxdığı hər mənzərəyə, müraciət etdiyi hər bir mövzuya böyük həssaslıqla yanaşırdı. Təsadüfi deyildi ki, onun qələmindən sözlər musiqi ilə qovuşaraq kamanın, sazın tellərində, pianonun, qarmonun zərif dillərində yeni həyat qazanırdı. İslam Səfərlinin sözlərinə bəstələnmiş mahnılar bu gün də öz gözəlliyi ilə seçilir və sevilir.

Günlər keçir birəm-birəm,
Bir uğurlu yol gedirəm.
Yurdumuzu vəsf edirəm
Əldə qələm, dizdə varaq,
Mənə qalan bu olacaq.

Bir-birindən gözəl və oxunaqlı şeirləri ilə oxucu qəlbinə yol tapan İslam Səfərli mətbuatda həm də maraqlı oçerk və məqalələrlə çıxış edirdi. Onun yazılarında insan həyatı, ədəbiyyatımızın, milli şeirimizin başlıca məsələləri əsas mövzu kimi diqqət çəkirdi. Hələ müharibə illərində cəbhə qəzetlərində oçerk, məqalə və şeirlərini çap edən şairin sonrakı illərdə “Ədəbiyyat”, “Kommunist” və “Şərq qapısı” qəzetlərində imzası görünməyə başladı.

Doğulduğu Naxçıvanın mərkəzi mətbuat orqanı olan doğma “Şərq qapısı” qəzetini isə böyük ehtiramla yad edirdi: “Şərq qapısı” qəzetinə mən çox minnətdaram. O mənim ilk şeir beşiyim, ilk qaranquş yuvamdır. Mən bu qəzetin səhifələrində addımlayıb döyüş cəbhələrinə getmişəm. Ürəyimin Vətən haqqında pərvazlanan poetik pıçıltıları onunla qidalanmışdır”.

Ədəbiyyatımıza “Sınaq gecəsi”, “Yaralı nəğmə”, “Qığılcım”, “Dəfinə”, “Bir könül sındırmışam”, “Qonaq gəl bizə”, “Nə vaxta qaldı”, “Ay qaşı, gözü qara qız” və digər əsərlər bəxş edən Respublikanın Əməkdar İncəsənət Xadimi, şair və dramaturq İslam Səfərli 1974-cü ildə uzun sürən xəstəlikdən sonra əbədiyyətə qovuşub. Fəxri xiyabanda dəfn olunan böyük sənətkarın yaradıcılığı bu gu gün də sevilərək oxunur, sözlərinə bəstələnmiş mahnılar dillər əzbəri olaraq yaşayır. Onun əziz xatirəsini sevgi və minnətdarlıqla yad edirik.

Məcid RƏŞADƏTOĞLU

 

Nəşr edilib : 06.11.2026 11:05