Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb...
17:15 22.09.2026
0
0
0
NAXÇIVAN :
22 Sentyabr 2026, Çərşənbə axşamı
Türkiyədə Qərbi Azərbaycandan olan qəhrəmanın abidəsi abadlaşdırılıb
Türkiyənin İğdır vilayətinin Taşburun kəndində tarixə şahidlik edən bir məkan yenidən öz simasına qovuşub. XX əsrin birinci yarısında erməni silahlı dəstələrinə qarşı mübarizə aparan Kərbəlayi İsmayıl Çəmənin məzarüstü abidəsi təmir olunub, ətrafı abadlaşdırılıb.
Taşburundakı məzarlar təkcə bir toplumun son mənzili deyil. Burada Qərbi Azərbaycandan İğdıra uzanan bir taleyin, yaddaşın və mübarizənin izləri yaşayır. Kərbəlayi İsmayıl Çəmən 1870-ci illərdə Qərbi Azərbaycanın Vedi rayonunda dünyaya gəlib. Ömrünün son illərini İğdırda keçirib. Arazı keçərək bu torpaqlara gələn soydaşlarımızdan biri olan Çəmən 1948-ci ildə vəfat edib.
Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının sədr müavini Sərdar Ünsal “Şərq qapısı"na müsahibəsində bildirib ki, Kərbəlayi İsmayıl Çəmən Azərbaycan türkü olan bir qəhrəmandır və gələcək nəsillərə nümunə göstərilməli bir insandır. Onun sözlərinə görə, Çəmən ailəsi tərəfdarları və yaratdığı müqavimət dəstəsi ilə birlikdə erməni və rus qüvvələrinə qarşı mübarizə aparıb: "O, ermənilərin törətdiyi zülmə, təzyiqə, müdafiəsiz və silahsız insanların öldürülməsinə qarşı mübarizə aparıb. Erməni tərəfi onu tələyə salmaq üçün müxtəlif vasitələrə əl atıb. Oğlu Yadullah da pusquya salınaraq öldürülüb. Buna baxmayaraq, o, mübarizəsindən vaz keçməyib və həyatını bu mübarizəyə həsr edib. Hətta onun haqqında “Qarlı aşırım” adlı film də çəkilib və bu mövzu ekran əsərində də öz əksini tapıb. Amma onunla bağlı xatirələr təkcə bir məzarla məhdudlaşmır. Taşburun sakinlərinin yaddaşında, ailə söhbətlərində və illərdən bu günə gəlib çatan əşyalarda həmin tarix yaşayır".
Taşburun sakini Serpil xanım “Şərq qapısı"na müsahibəsində bildirib ki, gələnlərin artıq 90 faizi İrəvandan olanlardır. Onun sözlərinə görə, həmin şəxslərin hamısı sözügedən bölgədən gəlib və Taşburunda məskunlaşıb. Onlar kəndlə bağlı xatirələrini, oradakı müxtəlif tayfa və nəsillərin adlarını da buraya gətirərək yaşatmağa çalışıblar. Araz çayını keçərkən həmin dövrdə erməni zülmü nəticəsində 35 şəhid verilib.
Serpil xanım deyib: “Nənəm biz çox kiçik olanda bizi Dizə kəndinə gətirərdi. Deyərdi: “İşığı çox yanan ev bizim evimizdir”. Həmin an uşaqlıqda yaşansa da, bu xatirə hələ də yaddaşımdadır. Ölməzdən əvvəl mənə üç açar vermişdi. Həmin açarları hələ də saxlayıram. Mən Azərbaycandan və Qarabağdan torpaq gətirib nənəmin məzarına qoymuşam. Çünki o, ömrünün sonuna qədər doğma yurduna böyük həsrət bəslədi və bu həsrətlə də dünyasını dəyişdi”.
Kərbəlayi İsmayıl Çəmənin xatirəsinə ucaldılan abidə və onun yurddaşlarının məzarlarını əhatə edən bu ərazi onilliklər keçməsinə baxmayaraq, bu gün də İğdır sakinlərinin və bölgəyə gələn qonaqların ziyarət etdiyi ünvanlardan biridir. İndi isə bu məkanın siması da yenilənib. Təmir olunan məzarüstü abidənin qarşısında Azərbaycan və Türkiyə bayraqları dalğalanır. Bu bayraqların kölgəsində qorunan məzar həm bir qəhrəmanın xatirəsini, həm də iki qardaş xalqın ortaq tarixini yaşadır.
Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının sədr müavini Sərdar Ünsal qeyd edib ki, bu məkanı hər kəs tanımalıdır. Onun sözlərinə görə, vətəndaşlar da buraya gəlir, Quran oxuyurlar. Beləliklə, Kərbəlayi İsmayıl Çəməni tanımayanlar da onun haqqında məlumat əldə edirlər.
“Xüsusilə İğdırı ziyarət edən turistlərə və şəhəri tanımaq istəyən insanlara buranın tarixi əhəmiyyətindən danışıram. Burada bir abidəmiz də var. Şəhid Türk Anıtları Muzeyindən sonra onları bura da gətirir, ziyarət etmələrini təmin edirəm.
Burada İsmayıl Çəmənin göstərdiyi qəhrəmanlıqlardan, ermənilərə və ruslara qarşı apardığı mübarizədən bəhs edilir”, – deyə Sərdar Ünsal bildirib.
Zaman keçir, nəsillər dəyişir. Amma yaddaş qorunursa, tarix də yaşamını davam etdirir. Taşburundakı bu məzar, burada danışılan xatirələr və qorunan üç açar isə keçmişlə bu gün arasında qurulan səssiz, amma möhkəm bir bağdır.
Digər xəbərlər