Yaddaş yaşadıqca yurd da yaşayır
11:44 20.06.2026
0
0
0
NAXÇIVAN :
20 Iyun 2026, Şənbə
Son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Statistik nəticələr ümumi daxili məhsulda və ixracat potensialımızda bu sektorun payının hər il getdikcə daha çox dinamik artım göstərdiyini deyir. Bu sahədə gözlənilən hədəflərə çatmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 9 iyun tarixli “Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı da yerli istehsalçıların xarici bazarlara çıxışına mühüm dövlət qayğısı olub, ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Fərmandan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə ölkəmizin və eləcə də blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının əldə edəcəyi əlavə stimullar haqqında oxucularımıza məlumat vermək üçün Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisadçı Əli Cabbarovla həmsöhbət olduq.
– Əli müəllim, bu Fərmanın mahiyyəti və bütövlükdə, ölkə iqtisadiyyatı üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?
– Beynəlxalq ticarətin inkişafı ölkələr arasında iqtisadi əməkdaşlığın əsası olsa da, müasir dövrdə qlobal bazarlarda rəqabətin güclənməsi logistika sistemlərinin də səmərəsini ön plana çəkir. Xüsusilə Azərbaycan Respublikası üçün qeyri-neft sektorunun inkişaf etdirilməsi və ixrac potensialının artırılması istiqamətində həyata keçirilən dövlət siyasətində yerli istehsalçıların logistika xərclərinin optimallaşdırılması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə istehsal olunan qeyri-neft-qaz mallarının çeşidinin və həcminin artırılması məqsədilə həyata keçirilən investisiya məzmunlu tədbirlərdən əlavə, onların ixrac bazarlarına daşınması kimi mühüm logistik əməliyyatlar da məhsulun yekun maya dəyərinin formalaşmasına birbaşa təsir edir. Buna görə də logistika xərclərinin azaldılması bu məhsulların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəldilməsində mühüm faktorlardan biri hesab edilir.
Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin qeyd olunan Fərmanı xüsusi əhəmiyyətə malik olub, 2036-cı ilin sonuna qədər qüvvədə qalmaqla bu sahədə iqtisadi aktivliyin yüksəldilməsinə ciddi dəstək verəcəkdir. Bu Fərman ölkəmizdə qeyri-neft-qaz mallarının ixracı üzrə logistika xərclərinin dövlət tərəfindən tənzimlənməsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Sənədə əsasən Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının xarici bazarlara daşınması zamanı çəkilən nəqliyyat xərclərinin müəyyən hissəsi dövlət hesabına sahibkarlara dəstək kimi ödənilir. Bu yanaşma qeyri-neft-qaz məhsulları ixrac edən firmaların logistika xərclərinin azalmasına və onların beynəlxalq bazarlarda daha rəqabətli qiymət təklif etmələrinə imkan yaradır. Bu həm də qlobal qeyri-sabit iqtisadi şəraitdə və təchizat zəncirindəki qırılmalar fonunda yaranan problemlərdən əziyyət çəkən yerli istehsalçılarımızın dəstəklənməsi deməkdir.
– Fərmanda Naxçıvan Muxtar Respublikasında istehsal olunmuş malların da Azərbaycan Respublikasının digər ərazilərinə çıxış imkanları üçün dövlət dəstəyi xüsusi olaraq vurğulanır. Bunu necə şərh edərsiz?
– Məlumdur ki, hələ də blokada vəziyyətində qalan Naxçıvan həmişə dövlət başçımızın diqqətində olub. Coğrafi olaraq Azərbaycanın əsas hissəsindən ayrı düşmüş Naxçıvanın iqtisadi və sosial inkişafı məqsədilə son illərdə imzalanmış mühüm dövlət sənədləri regionun ölkəmizin digər əraziləri ilə tarazlı inkişafına nail olunmasını hədəfləyir. Naxçıvanda rezident olan sahibkarlar üçün vergi güzəştlərinin tətbiqi, bölgənin yaşıl enerji zonası elan olunması, Naxçıvan şəhərində ictimai nəqliyyatın tamamilə ekoloji təmiz avtobuslarla yenilənməsi, həmçinin bu ilin əvvəlində imzalanmış “Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam və digər əhəmiyyətli qərarlar regionun ümumi inkişafına göstərilən dövlət qayğısını özündə əks etdirir.
Haqqında danışdığımız bu Fərman da qarşıdakı 10 il ərzində Naxçıvanda yerli məhsullar istehsal edən sahibkarların istehsal etdikləri məhsulların ölkəmizin digər yerlərinə daşıma xərclərinin müəyyən hissəsini dövlət hesabına ödənməsini nəzərdə tutmaqla bu sahədə yaranmış çətinliklərin həllini hədəfləyib. Çətinliklər isə bilindiyi kimi uzun məsafəli yol və logistika xərcləri ucbatından Naxçıvandan, əsasən, quru yolla ixrac olunan məhsulların maya dəyərinin yüksək olması və rəqabət qabiliyyətinin aşağı düşməsi idi. Halbuki, Naxçıvanda istehsal olunan qeyri-neft-qaz malları çeşidinə görə kifayət qədər geniş, keyfiyyətinə görə isə həmişə seçiləndir. Bu məhsulların ixrac bazarlarında da yer tuta bilməsi üçün bu daxili daşıma dəstəyi çox önəmli faktor olacaq.
– Bəs bu dəstək mexanizmi necə işləyəcək?
– Fərmanda bu dəqiq və detallı şəkildə göstərilmişdir. İlk olaraq, burada şəffaflığın təmin olunması üçün ixrac olunan malın daşınması üçün çəkilmiş xərclərə görə ödənişin nağdsız qaydada həyata keçirilməsini qeyd etmək lazımdır. Daşınan yüklərə görə ödənişin Azərbaycan Respublikasında qeydiyyata alınmış avtomobil nəqliyyatı vasitələri ilə həyata keçirildikdə 70 faiz həcmində həyata keçirilməsi nəzərdə tutulur. İxrac edilən malın gömrük dəyərinin 15 faiz həcmində müəyyənləşdirilməsi isə bu dəstək mexanizmi vasitəsilə yerli sahibkarların və nisbətən az miqdarda mal ixrac edənlərin daha çox faydalanmasını özündə ehtiva edir. Naxçıvandan ixrac olunan məhsullar üçün hazırda yalnız quru yol imkanlarının olduğunu nəzərə alsaq, Fərmanda qeyd olunan bu daşıma dəstəyinin bütövlükdə region iqtisadiyyatı üçün çox mühüm stimul olduğunu qeyd edə bilərik. Dəstək məbləğlərinin rüb ərzində sahibkarlara təqdim edilməsi də onların biznesinin operativ fəaliyyət göstərməsi üçün digər bir mühüm amil olacaq.
– Müsahibə üçün sağ olun.
Rafiq TƏHMƏZ
Digər xəbərlər