Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti...
12:13 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Bu həftə Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi etdi. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumudur. Tədbirdə dünyanın müxtəlif yerlərindən nüfuzlu siyasi xadimlər, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər, eləcə də digər nüfuzlu qonaqlar iştirak etdilər.
Qlobal Bakı forumları kimi platformalar, rəsmi diplomatiyanın həll edə bilmədiyi problemlərin, qeyri-rəsmi və daha elastik formatda müzakirəsinə şərait yaradır. Forumun məqsədi həm də dini, mədəni və etnik zəmində baş verən qarşıdurmaları azaltmaqdan ibarətdir. Ölkəmiz müxtəlif maraqlara sahib olan tərəfləri masa ətrafında toplamaqla sülhün və sabitliyin təmin olunmasına real töhfə verir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilən Qlobal Bakı forumlarında dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət, etnik və digər zəmində baş verən münaqişələr və bir sıra digər qlobal problemlər geniş müzakirə edilib, onların həlli yollarının tapılması istiqamətində təhlillər aparılıb.
Tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2012-ci il sentyabrın 30-da dahi şairin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Təbii ki, ölkəmizdə belə mötəbər forumun keçirilməsi dövlətimizin beynəlxalq aləmdəki nüfuzunun göstəricisidir. Forum göstərir ki, dünya birliyi Azərbaycana, onun dünyadakı yeri və roluna mühüm əhəmiyyət verir. XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev deyib: “Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi geniş spektrli məsələləri əhatə edən və çox yüksək beynəlxalq nüfuza malik aparıcı beynəlxalq qurumlardan biridir. Mərkəzin fəaliyyətini il ərzində diqqətlə izləyirəm, bir qlobal forumdan digərinə keçərkən görürəm ki, fəaliyyət sahəsi getdikcə genişlənir. Təmaslar son dərəcə fəaldır və dəyişən beynəlxalq vəziyyətə uyğun yeni yanaşmaların işlənib hazırlanmasına verilən töhfə, həqiqətən, böyük qiymətə layiqdir. Qlobal Bakı Forumuna gəldikdə isə bu, çox nüfuzlu beynəlxalq tədbirdir”.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün siyasi-ictimai sabitliyi, dinamik iqtisadi inkişafı, uğurlu xarici siyasəti və sosial rifah səviyyəsi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Forumun Bakıda keçirilməsi də Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalq arenadakı mövqeyini bir daha təsdiq edir.
Şəhla ƏHMƏDOVA
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı
Digər xəbərlər