NAXÇIVAN :

23 Yanvar 2026, Cümə

Qorxmazlıq abidəsinin nümunəsi

...

Yükü cəsarət, hədiyyəsi əziyyət, qazancı ölməzlikdir şəhidliyin. Vətən sevgisi ilə alışıb yanaraq xalqın yaddaşında əbədi yaşamağı seçər. Qaraçuq kəndinin qəhrəman oğullarından olan Vətən müharibəsi şəhidi Sahil Məmmədov da onlardan biridir.     
“Şəhidlər ölməz!” Bu söz öz təsdiqini Sahilin həyat yoldaşı Turanənin ürək sözlərində tapdı, deyərdim. 7 iyun 1995-ci ildə Naxçıvan şəhər Qaraçuq kəndində həyata göz açmış igid... İtkin sayıldığı günlərdə hamını nigaran qoyan, son gəlişiylə bütün kəndi ayağa qaldıran qəhrəman! Xain düşmən tərəfindən 28 sen­tyabrda, Vətən müharibəsinin ikinci günü snayperlə vurulur. Kəlbəcərdə, Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Keçən hər gün anası Sahilə xanımın saçlarını ağardır.     
Şəhidin ömür-gün  yoldaşı Turanə xanıma baş çəkdik. Oturduğumuz otaqda sözlərdən əvvəl susqunluq, həsrət danışırdı. Hiss olunurdu ki, bu evdə onun izləri, xatirələri hər küncdə yaşamağa davam edir. Söhbətimiz zamanı Turanə xanım Sahilin ailəsinə, ən çox da qızına bağlılığından danışdı. Qızı dünyaya gələn gün Sahil “Qızım həyatıma Ay kimi doğdu, Günəş kimi parladı”, – deyərək qızının adını Şəms qoydu. Ailəsinə olan bağlılığı və sadiqliyi onun həm də Ana Vətənə sədaqətli, vətənpərvər bir igid olduğunun nişanəsi idi. Turanə xanım Sahildən danışarkən qürurla, fəxrlə onun adını çəkirdi. Siması nurla dolurdu, gözlərində isə qəhər yükü görünürdü. O, Sahili başqa cür təsvir edirdi. Sahilin yoxluğu Turanə üçün böyük çətinlik olsa da, onunla fəxr edir qürur duyur ki, onun həyat yoldaşı Vətənin bütövlüyünə qovuşması yolunda qəhrəmanlıq göstərib.    
Turanə xanımın öz həyat yoldaşına bu cür hörmət bəsləməsi, onu belə gözəl xatırlaması əsl Azərbaycan xanımına yaraşan bir xüsusiyyətdir. Söhbət əsnasında onunla bağlı təsirli xatirələrindən birini də bizlə bölüşdü. Sahil Şəmkirdə Turanə ilə gəzdikləri vaxt bir bulaq görür və deyir:    “Nə gözəldir! Gələn su içir, savabı sonsuzdur. Adamın adına belə bir bulaq ola”.    
Turanə isə Sahilin bu arzusunu illər sonra Bakının Qala qəsəbəsində bulaq tikdirərək yerinə yetirir. Bəlkə də, o an üçün bu sözlər ötəri bir fikir idi, amma illər sonra tikilən bu bulaq həyat yoldaşı üçün, sadəcə, bir xatirəyə deyil, sevgisinin, sədaqətinin səsinə çevrildi. Vətən uğrunda canından keçən qəhrəman xidməti vəzifəsini şərəflə yerinə yetirdiyinə, döyüş hazırlığındakı nailiyyətləri və xidmətdə fərqləndiyinə görə bir sıra fəxri fərman, medal və ordenlə təltif olunub. “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” medalı  da onların arasında yer alıb. “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları, “3-cü dərəcəli Rəşadət ordeni” isə onun  Vətən savaşında göstərdiyi igidliyə görə təltifləridir.  

Səmayə RƏSULOVA
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə 
IV kurs tələbəsi

Nəşr edilib : 05.10.2025 16:37