NAXÇIVAN :

26 Oktyabr 2026, Bazar ertəsi

Qubadlının dirçəlişi: tarixi Zəfərdən Böyük Qayıdışa doğru

...

25 oktyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, dövlətimizin gücünü və torpaqlarımızın azadlığı uğrunda mübarizəsinin qələbə ilə nəticələndiyini nümayiş etdirən əlamətdar günlərdən biridir. Qubadlı şəhərinin işğaldan azad olunduğu bu tarix Azərbaycanın ərazi bütövlüyünün bərpasına doğru atılan mühüm addımlardan birini təcəssüm etdirir. Bu gün Qubadlı şəhəri yalnız keçmişdə qazanılmış tarixi Zəfərin qeyd edilməsi deyil, həm də azad edilmiş torpaqlarda yeni həyatın qurulmasının, doğma yurda qayıdışın və gələcəyə inamın ifadəsidir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qubadlının azad olunmasının əhəmiyyətini vurğulayaraq səsləndirdiyi fikirlər bu tarixi hadisənin mahiyyətini aydın ifadə edir: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Bu sözlər xalqımızın uzun illər davam edən yurd həsrətini, dövlətimizin tarixi torpaqlarımızda suverenliyini bərpa etmək əzmini və Böyük Qayıdışın mənəvi əsaslarını özündə əks etdirir.
Qubadlı rayonunun coğrafi mövqeyi, təbii sərvətləri və təsərrüfat imkanları onun Azərbaycanın iqtisadi və sosial həyatında mühüm yer tutduğunu göstərir. Qarabağ yaylasının cənub-şərqində yerləşən rayonun ərazisi 802 kvadratkilometrdir. Həkəri və Bərgüşad çayları, münbit torpaqları, meşələri və faydalı qazıntı ehtiyatları Qubadlının zəngin təbii potensialını müəyyənləşdirir. İşğaldan əvvəl rayonda taxılçılıq, üzümçülük, tütünçülük, bostançılıq və heyvandarlıq geniş yayılmışdı. Ənənəvi təsərrüfat sahələri, təbii ehtiyatlar və əlverişli coğrafi mövqe bu gün də rayonun gələcək iqtisadi inkişafı üçün mühüm zəmin yaradır.
1988-ci ildən etibarən Qubadlı rayonu müxtəlif istiqamətlərdən təcavüzkar hücumlara məruz qalmış, dinc əhaliyə qarşı zorakılıq və terror hadisələri baş vermişdir. 1993-cü il avqustun 31-də rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Qubadlının işğalı rayonun tarixi inkişafına ağır zərbə vurdu. Minlərlə insan doğma yurdunu tərk etməyə məcbur oldu, yaşayış məntəqələri, sosial obyektlər və iqtisadi infrastruktur dağıdıldı.
İşğal nəticəsində 29 min 997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti məskunlaşdı. Rayonun 94 yaşayış məntəqəsi, 7 min 278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial və 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdıldı və yararsız vəziyyətə salındı. Bununla yanaşı, 1080 kənd təsərrüfatı obyekti, 650 kilometr avtomobil yolu, 2 su anbarı, 150 kilometr magistral su xətti, 4830 kilometr elektrik xətti, 165 kilometr magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 dəyirman, 4 su nasos stansiyası, 120 elektrik yarımstansiyası və transformatorlar sıradan çıxarıldı. Bu dağıntılar yalnız maddi itkilərlə məhdudlaşmırdı. Onlar insanların həyatına, ailələrin taleyinə, milli-mədəni irsə və rayonun sosial-iqtisadi inkişafına ağır təsir göstərirdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı uğurlar Qubadlının azad edilməsinə də yol açdı. Şəhərin strateji mövqeyi və ətraf yüksəkliklərdə qurulmuş düşmən istehkamları əməliyyatın mürəkkəbliyini artırırdı. Qubadlının azad edilməsi üçün, ilk növbədə, şəhərə hakim yüksəkliklərin nəzarətə götürülməsi vacib idi. Bu yüksəkliklərdən düşmən hərbçilərimizə atəş açır, ordumuzun irəliləməsinə mane olmağa çalışırdı.
Azərbaycan Ordusu mürəkkəb döyüş şəraitində yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirərək strateji yüksəklikləri və ətraf yaşayış məntəqələrini nəzarətə götürdü. Xanlıq, Padar və Sarıyataq kəndlərinin azad edilməsi şəhər istiqamətində irəliləyiş üçün mühüm əhəmiyyət daşıdı. Nəticədə, 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğalçı qüvvələrdən azad edildi. Bu qələbə Azərbaycanın hərbi qüdrətinin, ordumuzun döyüş qabiliyyətinin və xalqımızın birliyinin təntənəsi oldu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə oktyabrın 25-nin “Qubadlı Şəhəri Günü” kimi təsis edilməsi həmin tarixi hadisənin əbədiləşdirilməsinin mühüm ifadəsidir.
Qubadlının azad olunması uğrunda döyüşlərdə göstərilən igidlik və şücaət dövlət tərəfindən yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 15 min 209 hərbi qulluqçusu bu medalla təltif olundu. Bu təltiflər torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan hərbçilərimizin fədakarlığının və qəhrəmanlığının dövlət səviyyəsində tanınmasının göstəricisidir.
Qubadlının azadlığına aparan yol xalqımızın doğma torpaqlarına qayıtmaq iradəsinin, dövlətimizin qətiyyətli siyasətinin və Silahlı Qüvvələrimizin fədakarlığının nəticəsi idi. Bu Zəfər bir daha göstərdi ki, milli maraqların qorunması, güclü ordu quruculuğu və dövlət-xalq birliyi Azərbaycanın strateji uğurlarının əsasını təşkil edir. Bu gün Qubadlıda həyata keçirilən bərpa və quruculuq işləri həmin tarixi qələbənin məntiqi davamıdır.
İşğaldan sonrakı dövrdə qarşıda duran əsas vəzifələrdən biri azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin edilməsi, dayanıqlı infrastrukturun qurulması və iqtisadi həyatın bərpasıdır. Qubadlıda həyata keçirilən layihələr də məhz bu məqsədə xidmət edir. Prezident İlham Əliyevin azad edilmiş rayona səfərləri zamanı yol, enerji, təhsil, səhiyyə və yaşayış infrastrukturu ilə bağlı layihələrə diqqət yetirilib, bir sıra obyektlərin təməli qoyulub və mühüm infrastruktur layihələrinin icrasına başlanılıb.

Bu istiqamətdə atılan mühüm addımlardan biri 2021-ci il oktyabrın 25-də 110/35/10 kilovoltluq “Qubadlı” yarımstansiyasının istifadəyə verilməsi oldu. Rayonun Azərbaycanın ümumi enerji sisteminə qoşulması və dayanıqlı elektrik enerjisi ilə təchizatı məqsədilə Füzulidə yerləşən “Şükürbəyli” yarımstansiyasından “Cəbrayıl” yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq “Qubadlı-1” və “Qubadlı-2” elektrik verilişi xətləri çəkildi.

Elektrik xətləri boyunca ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi üçün fiber-optik kabel infrastrukturu da yaradıldı. Bu, Qubadlının yalnız elektrik enerjisi ilə təchizatına deyil, həm də sürətli internet və müasir rəqəmsal rabitə imkanlarının genişləndirilməsinə şərait yaratdı. Belə layihələr gələcəkdə şəhərdə yaşayışın, istehsalın və xidmət sahələrinin inkişafı üçün mühüm texniki baza formalaşdırır.

Qubadlının uzunmüddətli inkişafının planlı şəkildə təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il sentyabrın 9-da qəbul etdiyi 249 nömrəli qərarla “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib. Baş Plan şəhərin gələcək məskunlaşma, tikinti, nəqliyyat və mühəndis-kommunikasiya infrastrukturunun inkişaf istiqamətlərini müəyyənləşdirən əsas sənədlərdəndir.

İşğaldan əvvəl rayonun əhalisi 38 min nəfərdən çox olmuş, sənaye və digər təsərrüfat sahələrinin ümumi elektrik enerjisi tələbatı 12 meqavat təşkil etmişdir. Həmin dövrdə rayon bir 110 kilovoltluq yarımstansiyadan qidalanırdı. Gələcəkdə 47 mindən çox insanın məskunlaşması proqnozlaşdırılan Qubadlıda inkişaf istiqamətləri nəzərə alınmaqla 2040-cı ildə elektrik enerjisinə tələbatın 38 meqavatdan artıq olacağı gözlənilir. Bu göstəricilər şəhərin gələcək inkişafının miqyasını və infrastrukturun qabaqlayıcı şəkildə planlaşdırılmasının əhəmiyyətini ortaya qoyur.
2026-cı il iyunun 16-da Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisinə başlanılması Böyük Qayıdış prosesinin mühüm mərhələsidir. Layihəyə əsasən 3,34 hektar ərazidə 21 yaşayış binasının inşası nəzərdə tutulub. Binalarda, ümumilikdə, 176 mənzil yerləşəcək. Layihənin əhəmiyyəti yalnız yeni binaların tikilməsi ilə məhdudlaşmır. Burada ailələrin rahat yaşayışı üçün müasir şəraitin yaradılması, şəhər mühitinin yenidən formalaşdırılması və sosial həyatın bərpası əsas məqsədlərdəndir. İlk yaşayış məhəlləsinin inşası Qubadlının fiziki baxımdan yenidən qurulması ilə yanaşı, gələcək şəhər həyatının təməlinin qoyulduğunu da göstərir. Kəndlərin bərpası istiqamətində Mahruzlu və Zilanlıda görülən işlər də diqqətəlayiqdir. Qubadlı şəhərindən 19 kilometr məsafədə yerləşən Mahruzlu kəndinin layihələndirilən ərazisi 197 hektardır. Birinci mərhələdə 40 hektar sahədə 190 evin tikintisi aparılır. İlkin mərhələdə kənddə 836 sakinin məskunlaşması nəzərdə tutulur.
Rayon mərkəzindən 20 kilometr məsafədə, Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə yerləşən Zilanlı kəndinin layihələndirilən sahəsi isə 180 hektardır. Birinci mərhələdə burada 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması planlaşdırılır. Gələcəkdə kənddə 630 ailənin, ümumilikdə, 2520 nəfərin yaşaması nəzərdə tutulur. Bu layihələr doğma yurdlarına qayıdan ailələr üçün müasir yaşayış şəraiti yaratmaqla yanaşı, kənd təsərrüfatı ənənələrinin bərpasına, ailə təsərrüfatlarının inkişafına və kəndlərdə sosial həyatın canlanmasına da imkan verəcək.
Qubadlının gələcək inkişafında nəqliyyat infrastrukturunun yenilənməsi də mühüm yer tutur. Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi həyata keçirilir. Uzunluğu 28,5 kilometr olan yol Qubadlı rayonunun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu və Eyvazlı kəndlərinin ərazisindən keçir. İkizolaqlı yol III texniki dərəcəyə uyğun inşa edilir.
Bu yolun tikintisi kəndlər arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına, əhalinin hərəkət imkanlarının genişləndirilməsinə və rayonun iqtisadi potensialından daha səmərəli istifadəyə xidmət edir. Nəqliyyat əlçatanlığının artırılması həm yaşayış məntəqələrinin bir-biri ilə əlaqəsini gücləndirəcək, həm də kənd təsərrüfatı məhsullarının daşınması, xidmət sahələrinin inkişafı və əhalinin gündəlik ehtiyaclarının qarşılanması üçün əlavə imkanlar yaradacaq.
2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı sərəncam imzalayıb. Sənədə əsasən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi məqsədilə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrılıb.
Bu cür layihələr Qubadlının regional nəqliyyat şəbəkəsinə inteqrasiyasını gücləndirməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına imkan yaradır. Yeni yolların çəkilməsi yaşayış məntəqələrinin əlçatanlığını artırır, iqtisadi əlaqələri genişləndirir və Böyük Qayıdışın dayanıqlı əsaslarının formalaşmasına töhfə verir.
Bütün bu işlərin əhəmiyyəti yalnız tikilən binalar, çəkilən yollar və yaradılan texniki infrastrukturla ölçülmür. Əsas məqsəd uzun illər doğma yurdlarından didərgin düşmüş insanların təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıtması, burada daimi yaşayışın, məşğulluğun və sosial rifahın təmin edilməsidir. Çünki şəhərlərin və kəndlərin əsl dirçəlişi yalnız fiziki quruculuqla deyil, insanların doğma yurdlarında məskunlaşması, əmək fəaliyyəti ilə məşğul olması və gələcəyə inamla yaşaması ilə tamamlanır. 25 oktyabrın tarixi əhəmiyyəti bu gün daha geniş məzmun daşıyır. Bu tarix Qubadlının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə ehtiramın, qazilərimizin fədakarlığının və uzun illər doğma yurd həsrəti ilə yaşamış insanların arzularının təcəssümüdür. Eyni zamanda azad edilmiş ərazilərdə aparılan quruculuq işləri Azərbaycanın öz gələcəyini müstəqil müəyyənləşdirən, milli maraqlarını qətiyyətlə qoruyan və inkişafını uzunmüddətli hədəflər əsasında planlaşdıran dövlət olduğunu nümayiş etdirir. Qubadlının dirçəlişi tarixi Zəfərlə müasir inkişaf strategiyasının bir-birini tamamladığı mühüm prosesdir. İşğaldan azad edilmiş torpaqlarda yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun qurulması və iqtisadi həyatın bərpası qələbənin nəticələrini insanların gündəlik həyatında hiss etdirməyə yönəlib. Bu prosesin uğuru dövlətin ardıcıl siyasəti, yerli potensialdan səmərəli istifadə, müasir şəhərsalma prinsipləri və insanların doğma torpaqlarına qayıdışının davamlı təmin olunması ilə daha da möhkəmlənəcək.
Bu gün Qubadlı keçmişin ağrılı xatirələrindən gələcəyin quruculuğuna doğru inamla irəliləyir. 25 oktyabr xalqımızın yaddaşında yalnız azadlıq günü kimi deyil, həm də milli birliyin, dövlət qüdrətinin və dirçəliş əzminin rəmzi kimi yaşayır. Qubadlının yenidən qurulması Azərbaycanın Böyük Qayıdış strategiyasının mühüm tərkib hissəsi olmaqla, azad edilmiş torpaqlarda həyatın bərpasına, regional inkişafın genişlənməsinə və gələcək nəsillər üçün möhkəm təməlin yaradılmasına xidmət edir.
Qubadlının dirçəlişi Zəfərin quruculuğa, qayıdışın yeni həyata, milli iradənin isə davamlı inkişafa çevrilməsinin parlaq təzahürüdür. 

                                  Bəhruz MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,

Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, dosent

Nəşr edilib : 25.10.2026 15:15