NAXÇIVAN :

27 Iyun 2025, Cümə

Qurtuluşdan Zəfərə

...

Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəri olmaqlaxalqımızın, millətimizin, dövlətçiliyimizin XX əsrdəki ən böyük milli sərvətidir. Bu müstəqilliyin qorunub saxlanılması, hüquqi, demokratik dövlət quruculuğu yolunda əldə olunan nailiyyətlər bilavasitə Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi, misilsiz xidmətləri sayəsində mümkün olmuşdur. Qədim və zəngin bir tarixə malik olan doğma Azərbaycanımızın, müdrik xalqımızın taleyində, onun ictimai-siyasi və mədəni həyatında misilsiz xidmətlər göstərən bu tarixi şəxsiyyətin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası bütün dünyanın gözü qarşısında cərəyan etmiş, müstəqil Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla addımlayan güclü bir dövlətə çevrilmişdir. Bu gün sosial-iqtisadi, ictimai-siyasi, elmi-mədəni sahələrdə qazanılan uğurlar, aparılan islahatlar Azərbaycanın  dünya birliyində nüfuzunu və mövqeyini gücləndirir.

Xatırlatmaq yerinə düşər ki, XX əsrin 60-cı illərində ölkəmizdə iqtisadi vəziyyət və əhalinin həyat səviyyəsi ürəkaçan deyildi. Digər müttəfiq respublikalarla  müqayisədə sosial-iqtisadi sahədə nəzərəçarpacaq dərəcədə geriləmə müşahidə olunurdu. Ulu Öndər Heydər Əliyev o dövrü belə xarakterizə edirdi: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”. Bu da bir daha təsdiqləyir ki, Ulu Öndərimiz rəhbərliyə gəldiyi dövrdə respublikamız istehsalın, o cümlədən sənaye məhsulları istehsalının ümumi inkişaf səviyyəsinə, milli gəlirin həcminə və əmək məhsuldarlığının artım sürətinə görə ittifaq səviyyəsindən geri qalır, ittifaqın aqrar əlavəsi mərhələsini yaşayırdı. Belə bir tarixi şəraitdə sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanı düşdüyü çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmışdır. O, dahiyanə uzaqgörənliklə Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks layihələrin həyata keçirilməsinə nail olmuşdur.

Aydın məsələdir ki, siyasi iradə olmadan milli azadlıq hissləri özlüyündə heç bir nəticə verə bilməz. Konkret məqsədə hesablanmış belə bir fəaliyyət praktikası isə ötən əsrin 70-ci illərindən etibarən özünü göstərməyə başladı. Onun kökündə Azərbaycan naminə fəaliyyət, azərbaycançılıq ideologiyası əsasında xalqın milli-mənəvi potensialının səfərbərliyə alınması, gələcək müstəqil dövlət üçün möhkəm iqtisadi bazanın yaradılması dayanırdı. O dövrün Azərbaycanı cəmi 14 il ərzində əsl inkişafa qovuşdu. İttifaq hökumətinin aqrar əlavəsindən sənayenin sürətlə inkişaf etdiyi, kənd və şəhərlərin öz simasını, insanların isə həyat tərzini dəyişdiyi nümunəvi respublika kimi formalaşdı. İttifaq büdcəsinin dotasiyası olmadan öz-özünü təmin edən iki müttəfiq respublikadan birinə çevrildi.

Ümummilli Liderimiz 1969-1982-ci illərdə Azərbaycanda həyata keçirilən tədbirləri “taleyüklü tədbirlər” adlandıraraq demişdir: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirdim. Məndən soruşdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara bunu nə üçün etdiyimi demirdim... Amma mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin”. Bu gün tam əminliklə demək olar ki, 1969- 1982-ci illərdə görülən işlər, tədbirlər ona görə taleyüklü xarakter daşıyırdı ki, onlar zamanı xeyli qabaqlayaraq ölkənin gələcəyini, müstəqil dövlətçilik dövrünü nəzərdə tuturdu.

Ümummilli Liderimiz Heydər Əliyev böyük uzaqgörənliklə: “Mən həmişə xalqa arxalanmışam, xalqa bel bağlamışam. Mənim həyatım həmişə xalqla bir yerdə olub, bu gün də bir yerdədir, sabah da bir yerdə olacaqdır”, – deyərək ölkəmizə rəhbərliyi dövründə respublikamızı hərtərəfli inkişafa, tərəqqiyə qovuşdurmuş, Azərbaycan iqtisadiyyatını, elmini, təhsilini, mədəniyyətini dünya standartları səviyyəsinə qaldırmışdır. 1969-cu ildən etibarən Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və elmi cəhətdən qazandığı uğurların başlıca səbəbi Heydər Əliyev dühası və onun yaradıcı gücə malik inkişaf strategiyasıdır.

Xatırlatmaq yerinə düşər ki, müstəqilliyimizin ilk illərində Azərbaycan parçalanmaq, bir ölkə kimi, bir müstəqil dövlət kimi məhv olmaq təhlükəsi qarşısında idi. Azərbaycan “Olum, ya ölüm” dilemması ilə üzləşmişdi. Belə bir şəraitdə Azərbaycan xalqı, Azərbaycan ziyalıları müdriklik göstərərək milli liderimizə – o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən Ulu Öndər Heydər Əliyevə üz tutdu, xalqın ümid çırağını sönməyə qoymamağa, min bir əzabla qazanılmış dövlətçiliyimizi xilas etməyə səslədi. Doğma xalqının istəyinə heç zaman biganə qalmayan, özünün qurub-yaratdığı Azərbaycanın gözləri önündə dağılmasına dözməyən, həyatını xalq yolunda şam kimi əridən  görkəmli dövlət xadimi  Heydər Əliyev də vətənin dar günündə xalqının səsinə səs verdi, sabaha olan ümid çırağını yandırdı. Əslində Ulu Öndər Heydər Əliyev Naxçıvanda yaşayıb fəaliyyət göstərərkən müstəqillik, milli azadlıq yolunda böyük işlər görmüşdü.

1990-1993-cü illərdə Ümummilli Liderimizin Naxçıvanda yaşayaraq siyasi fəaliyyət göstərməsi, müstəqillik yolunun davamı və bərpası istiqamətində mühüm bir mərhələdir. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Naxçıvanda siyasi hakimiyyətə qayıdışı, Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. O dövrdə Azərbaycanda cərəyan edən hadisələrdən fərqli olaraq Naxçıvan görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyinin bərpası uğrunda mübarizənin mühüm siyasi mərkəzinə çevrilmişdi.

Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti Azərbaycanın istiqlal mübarizəsinin yolunda xüsusi mərhələ təşkil edir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi ilk dəfə Naxçıvanda qəbul olunmuş, keçmiş Sovetlər İttifaqının hələ yaşadığı bir dövrdə cəsarətli addım kimi Naxçıvan Muxtar Respublikasının adından “sovet, sosialist” sözləri çıxarılmış, milli şüurun dirçəlməsi istiqamətində zəruri tədbirlər görülmüşdür. Sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursatın, texnikanın və əmlakın Azərbaycanın digər yerlərindən fərqli olaraq Naxçıvanda saxlanması şərtilə ilk dəfə bu torpağı tərk etmişlər. 20 Yanvar faciəsinə ilk siyasi qiymət Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında verilmiş, bu günün Milli Matəm Günü kimi qeyd olunması barədə qərar çıxarılmışdır.

Ölkə Prezidenti cənab İlham Əliyev ötən əsrin 90-cı illərində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirləri dövlət müstəqilliyi üçün mühüm şərt kimi qiymətləndirərək demişdir: “1990-cı illərdə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. Məhz o sessiyada Azərbaycanın üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi. O vaxt Azərbaycanda hələ Sovet Azərbaycanının bayrağı dalğalanırdı. O vaxt Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. O ağır, o çətin anlarda bu qətiyyətli qərarlar həm Naxçıvanı qorudu, həm də Azərbaycanın gələcək müstəqilliyini şərtləndirdi”.

Böyük ömrün Naxçıvanda keçən üç ili ərzində görülən işlər müstəqil dövlətimizin daha da möhkəmlənməsinə yönəldilmiş milli inkişaf konsepsiyasının tərkib hissələri idi. Bu dövrün tarixi təcrübəsi bir daha göstərir ki, Azərbaycanın müstəqilliyi, milli dövlətçiliyimizin təşəkkül prosesi Ulu Öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Ümummilli Lider  Heydər Əliyevin siyasi hakimiyyətə ikinci qayıdışı ilə Azərbaycan onu gözləyən təhlükədən xilas oldu. 1993-cü ilin 15 iyunu siyasi tariximizin yaddaşında xilas günü, “Milli Qurtuluş Günü” kimi qalır.  Əgər bu həlledici mərhələdə çağdaş tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş əlamətdar hadisə baş verməsəydi, xalqın istəyi və tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, hər zaman tərəqqi edən, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik. Bu, əsrlərin sınağından keçə-keçə min bir əziyyətlə, amma dönmədən məqsədinə doğru addımlayan bir millətin özünəqayıdışı idi.

Müstəqilliyi qoruyub saxlamaq, inkişaf etdirmək onu əldə etməkdən qat-qat çətindir. Məhz dahi Heydər Əliyev siyasi iradəsi, dühası, uzaqgörənliyi, gərgin və yorulmaz fəaliyyəti ilə əldən getməkdə olan müstəqilliyimizi qoruyub saxladı, günbəgün möhkəmləndirdi, sarsılmazlığını, dönməzliyini və əbədiliyini təmin etdi. “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır...Azərbaycan xalqı azadlığını əldə etmiş xalq kimi yaşayacaq, öz müstəqil dövlətini qoruyacaq, saxlayacaq və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır”,  – deyən Ulu ÖndərHeydər Əliyevin yaratdığı  şah əsər - müstəqil Azərbaycan dövlətinin sükanı bu gün   etibarlı əllərdədir. Hərtərəfli inkişаf хəttini dаvаm еtdirən ölkə Prеzidеnti cənab İlham Əliyevin həyаtа kеçirdiyi tədbirlər nəticəsində Аzərbаycаn dаhа dа inkişаf еdərək rеgiоndа lidеr dövlətə çеvrilmişdir. Bu inkişаf ölkə həyаtının bütün sаhələrini, еləcə də bütün rеgiоnlаrı əhаtə еdir.

Qədirbilən xalqımız müstəqilliyimizin memarı və qurucusu görkəmli dövlət xadimi Heydər Əliyevin milli dövlətçilik ideyalarını əsas tutaraq müstəqillik yolu ilə inamla daha xoş gələcəyə irəliləyir. Xalqımız öz xoşbəxtliyini, ölkəmiz isə öz inkişaf və tərəqqisini bu gün Prezident cənab  İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilən Heydər Əliyev siyasətində, quruculuq və inkişaf  yolunda tapır. Bu yol Azərbaycanın dünəni, bu günü və sabahıdır. Azərbaycan bu yolla irəliləyərək yüksəlir, inkişafının sürəti ilə dünyanı heyrətə salır. Bu gün Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şərəfli bir dövrünü yaşayır. Məhz Ümummilli Lider Heydər Əliyevin arzularını həyata keçirən, ideyalarının gerçəkləşməsini layiqincə təmin edən Prezident cənab İlham Əliyevin düşünülmüş siyasəti sayəsində üçrəngli bayrağımız 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda, işğaldan azad edilmiş torpaqlarda qürurla dalğalandırıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi.

Prezident cənab İlham Əliyev Ulu Öndərin xilas edib inkişaf yoluna çıxardığı dövləti daha da möhkəmləndirib, onun müstəqil siyasət yeritməsini təmin edib. Prezident cənab İlham Əliyevin  dеdiyi kimi: “Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir. Azərbaycan azad ölkədir. Azərbaycan dünyəvi ölkədir. Eyni zamanda Azərbaycan inkişaf edən ölkədir. İqtisadi cəhətdən əldə edilmiş bütün uğurlara baxmayaraq, biz hələ də inkişaf edən ölkəyik. Bizim məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir. Mən şübhə etmirəm ki, biz buna nail olacağıq. Biz inkişaf etmiş bütün ölkələrin təcrübəsini bilirik, öyrənirik və biz o istiqamətdə inkişaf edirik. Eyni zamanda Azərbaycan demokratik inkişaf baxımından çox sürətlə irəliyə gedir”.

Ülkər BAYRAMOVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 14.06.2025 21:00