NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Rauf Cəfərov: Azərbaycan-ABŞ strateji tərəfdaşlığı Naxçıvan üçün yeni geoiqtisadi mərhələdir

...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Rauf Cəfərov “Şərq qapısı” qəzetinə açıqlamasında Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyanın regionun gələcək geoiqtisadi və geosiyasi mənzərəsinə ciddi təsir göstərdiyini bildirib.

Deputat qeyd edib ki, sənəddə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat və kommunikasiya əlaqələrinin təmin olunması prioritet istiqamət kimi təsbit olunur. Bu isə muxtar respublikanın uzun illər üzləşdiyi nəqliyyat və logistika məhdudiyyətlərinin aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Rauf Cəfərovun sözlərinə görə, Xartiyada Trans-Xəzər Nəqliyyat Dəhlizi – Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi Naxçıvanın regional tranzit xəritəsində rolunu gücləndirir və muxtar respublikanı regionun geoiqtisadi qovşaqlarından birinə çevirir.

Deputat enerji və rəqəmsal bağlantılar istiqamətində nəzərdə tutulan əməkdaşlığın da Naxçıvan üçün yeni inkişaf imkanları yaratdığını bildirib. Onun fikrincə, muxtar respublikanın günəş və külək enerjisi potensialı regional enerji layihələrində iştirak perspektivlərini genişləndirir, rəqəmsal infrastrukturun inkişafı isə yeni iqtisadi modelin formalaşmasına zəmin yaradır.

Rauf Cəfərov vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində formalaşan bu strateji tərəfdaşlıq Naxçıvanın nəqliyyat, enerji, rəqəmsal inkişaf və təhlükəsizlik baxımından regional rolunu gücləndirərək muxtar respublikanın sosial-iqtisadi dirçəlişinə mühüm töhfə verəcək.      

Nəşr edilib : 12.02.2026 09:50