Uşaqlar üçün bədən tərbiyəsi və idmanın təbliği üz...
20:13 13.05.2025
0
0
0
NAXÇIVAN :
13 May 2025, Çərşənbə axşamı
Muxtar respublikada professional teatrın təşəkkülündə əhəmiyyətli rol oynayan xalq teatrları hər zaman cəmiyyətdə mənəvi dəyərlərin formalaşmasına xidmət etmişdir. Günümüzdə belə ali məqsədlərə xidmət edərək fəaliyyət göstərən xalq teatrlarından biri də Ordubad Rayon Xalq Teatrıdır. Xalq teatrları içərisində xüsusilə sayılıb-seçilən Ordubad Rayon Xalq Teatrının uzun illərki fəaliyyəti ilə bağlı ətraflı məlumat almaq üçün rayon Mədəniyyət Sarayının direktoru Fərid Əliyevlə həmsöhbət olduq. Öyrəndik ki, Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı 1964-cü ildə yaradılmışdır. Lakin 1989-cu ildən ictimai-siyasi vəziyyət pisləşdikdən sonra xalq teatrının fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Bununla belə teatr rayonda keçirilən bir çox tədbirlərdə kiçik səhnəciklərlə çıxış etmişdir.
Müsahibimin sözlərinə görə, teatr sonradan “Kamança”, “Ər və arvad”, 2015-ci ildə yeni quruluşda “Kamança”, 2017-ci ildə isə “Saqqalın kəraməti” əsərləri ilə çıxış etmişdir.
Muxtar respublikamızda keçirilən xalq teatrlarının festivalında Rəşid bəy Əfəndiyevin “Saqqalın kəraməti” adlı tamaşası ilə iştirak etmiş, teatrın aktrisası Günəş Ağayeva “Ən yaxşı aktrisa” nominasiyasında diplomla mükafatlandırılmışdır.
Fərid Əliyev bildirdi ki, müəyyən zamanlarda aktyor və aktrisa çatışmazlığından əziyyət çəksək də, hazırda 14 qadın və 12 kişi teatrda həvəskar olaraq fəaliyyət göstərir.
Rəşid bəy Əfəndiyevin “Tiflis səfəri”, Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, Sabit Rəhmanın “Yalan”, Həsənəli Eyvazlının “Vəzifə hərisi”, Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng”, Firuz Mustafanın “Sevməsəm, ölərəm”, Arif Abdullazadənin “Aqillər”, İftixar Piriyevin “Qanlı qızıl toy” ikihissəli qəhrəmanlıq dramı, Nizami ilinə həsr olunmuş ədəbi bədii kompozisiya, Sabit Rəhmanın “Əliqulu evlənir”, Əhməd Orucun “Oğru”, Əzizə Cəfərzadənin “Analar”, Salam Qədirzadənin “Gurultulu məhəbbət”, Seyfəddin Dağlının “Bekarçılıq” kontoru pyesi əsasında hazırlanan “Oyun bitdi” və sair kimi əsərlər səhnələşdirilmişdir.
2018-ci ildə Rəşid bəy Əfəndiyevin “Tiflis səfəri” komediyası tamaşaçılara təqdim olunur. Tamaşadan sonra teatrın rejissoru Günəş Ağayeva "Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüşdür. 2020-ci ildə “Şah plov”, 2021-ci ildə “Vətənin qəhrəmanı” adlı qısametrajlı filmlər lentə alınmışdır.
Müsahibim qeyd etdi ki, hazırda “Teatr çələngi” layihəsi çərçivəsində Naxçıvan Dövlət Milli Dram Teatrında tamaşaçıların görüşünə gələcəyimiz Tofiq Seyidovun qələmə aldığı “Yarım günlük rəis müavini” 1 pərdəli, 4 şəkilli satirik komediyanın məşqləri davam edir.
Sonda müsahibim bildirdi ki, K.Ziya adına Ordubad Rayon Xalq Teatrı olaraq bundan sonra da öz işlərimizi günün tələbləri əsasında qurmağa çalışacaq, maraqlı tamaşalarla teatrsevərlərin görüşünə gələcəyik. Biz də bu yolda teatra uğurlar diləyir, daha uzun illər tamaşaçı qarşısında olmağı arzu edirik.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər